Bir əsr öncə Türk dünyasının ən mötəbər elm hadisələrindən olan Birinci Türkoloji Qurultay məhz Bakıda baş tutmuşdu. Bugünkü toplantı intellektual dialoqun və türk xalqları arasında ideya mübadiləsinin davamı kimi mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov AMEA-da keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı səsləndirib.
XX əsrin əvvəllərinin türk xalqları üçün mürəkkəb və taleyüklü bir mərhələ kimi yadda qaldığını deyən Fərid Cəfərov, Türkoloji Qurultayın həmin dövrdə milli-mənəvi kimliyin qorunması və inkişaf etdirilməsinin elmi-konseptual əsaslarının müzakirəsi baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirib. Qeyd edib ki, Birinci Türkoloji Qurultay böyük intellektual platforma kimi çıxış edərək, dil, əlifba, maarifçilik və mədəni irs məsələlərini sistemli şəkildə gündəmə gətirib.
Onun sözlərinə görə, tədbirin əhəmiyyəti yalnız qəbul olunan qərarlarla məhdudlaşmayıb, eyni zamanda, irəli sürülən ideyaların geniş coğrafiyada yayılması, aktual elmi müzakirələrin aparılması və ortaq düşüncə məkanının formalaşdırılmasını nəzərdə tutub. Qurultay türk dünyasının zəngin keçmişinə istinad edib, eyni zamanda gələcək barədə düşünmək, ortaq strateji baxışlar və mədəni həmrəyliyin əsaslarını müəyyənləşdirmək baxımından mühüm nəticələrlə yadda qalıb.
Nazir müavini Türk dünyasında mədəni inteqrasiya ideyasının elmi əsaslarla müzakirəyə çıxarılmasının müasir dövrdə də aktuallığını qoruyub saxladığını, bu istiqamətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən mədəni siyasətin prioritetlərindən biri kimi ardıcıl şəkildə dəstəkləndiyini söyləyib. Xatırladıb ki, ölkə rəhbərinin 2005 və 2016-cı illərdə imzaladığı sərəncamlarla Birinci Türkoloji Qurultayın 80 və 90 illik yubileylərinin keçirilməsi təmin olunub, 2025-ci ildə isə Qurultayın 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb.
Fərid Cəfərov bildirib ki, ötən ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü və tədbirin yekun sənədində əksini tapmış müddəalar ölkəmizdə mədəni və humanitar inteqrasiyanın prioritet olaraq müəyyənləşdirildiyini bir daha təsdiqləyir: “Türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu sahədə məqsədyönlü və sistemli siyasətin tərkib hissəsidir”.
1930-cu illərdə baş verən repressiyaların türkdilli xalqların elmi və mədəni inkişafına ağır zərbə vuduğunu söyləyən Fərif Cəvərov qeyd edib ki, bu proseslər Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu məqsədlərin tam şəkildə reallaşdırılmasına imkan verməyib. Bununla belə, XX əsrin sonlarında Türk dünyası ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə dair Ümummilli Lider Heydər Əliyev tərəfindən yürüdülən siyasət, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib.
O, həmçinin AMEA-da son illərdə müxtəlif dövlət qurumları, nazirliklərlə birgə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar bir sıra elmi tədbirlərin təşkil olunduğunu, sanballı nəşrlərin hazırlandığını, müxtəlif tədqiqat və mədəniyyət layihələrinin həyata keçirildiyini qeyd edib. Bu əməkdaşlığın müvafiq sahədə elmi irsin sistemli şəkildə öyrənilməsi və ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
“Qloballaşma, yeni çağırışlar, rəqəmsallaşma və süni intellektin sürətli inkişafı mədəniyyət anlayışına da yeni məzmun qazandırır”, – deyən nazir müavini bu şəraitdə milli-mənəvi dəyərlərin qorunaraq yeni rəqəmsal mühitə uyğunlaşdırılmasının vacibliyini önə çəkib.
Fərid Cəfərov bu kimi tədbirlərin Türk dünyası dövlətlərinin alimləri arasında əlaqələrin gücləndirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və davamlı mədəni dialoqun təşkili baxımından önəmini vurğulayıb.
XQ

