“11 fevral 2026-cı il tarixində cənab Prezidentin rəhbərliyi ilə keçirilmiş müşavirənin davamı olaraq, Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmişdir. Bu sərəncamın imzalanması bir daha göstərir ki, rəqəmsal inkişaf ölkə üçün prioritet istiqamətlərdən biridir. Fəaliyyət planı çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələri kompleks şəkildə əhatə olunur.
Sənəddə dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, onların həyat hadisələri prinsipi əsasında sadələşdirilmiş formada istifadəçilərə təqdim edilməsi, data əsaslı qərar qəbuletmə mexanizmlərini təmin edən infrastrukturun formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda, dövlət qurumlarında və ümumilikdə cəmiyyət üzrə rəqəmsal savadlılığın artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.
XQ xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev bildirib.
O, qeyd edib ki, innovasiya sahəsində ekosistemin sürətli inkişafı, xarici şirkətlərin və yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsi, süni intellekt üzrə güclü infrastrukturun yaradılması və milli texnoloji həllərin hazırlanması əsas hədəflərdəndir:
“Bütün bunların nəticəsində Azərbaycanın rəqəmsal mühitdə suverenliyinin gücləndirilməsi və təmin olunması məqsəd qoyulub. Eyni zamanda, ölkənin rəqəmsal mühitinin təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik sahəsində zəruri tədbirlərin icrası nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın regionda rəqəmsal və texnoloji inkişaf sahəsində lider mövqeyə yüksəlməsinə imkan verə bilər. Planın əsas məqsədlərindən biri də ölkənin qlobal reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və beynəlxalq indekslərdə daha yüksək pillələrə yüksəlməsidir.
Təhsil sahəsi də sənəddə xüsusi yer tutur. Ali təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqi, tələbələrin müasir texnoloji bacarıqlarla hazırlanması və keyfiyyətli kadr potensialının formalaşdırılması prioritet istiqamətlər sırasındadır”.
Sədr müavini, eyni zamanda, bildirib ki, təhsil sahəsi də sənəddə xüsusi yer tutur” “Ali təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqi, tələbələrin müasir texnoloji bacarıqlarla hazırlanması və keyfiyyətli kadr potensialının formalaşdırılması prioritet istiqamətlər sırasındadır. “mygov” vahid rəqəmsal platforma funksiyasını yerinə yetirəcək. Dövlət xidmətləri – istər vətəndaşlar, istərsə də biznes subyektləri üçün nəzərdə tutulan xidmətlər – vahid arxitektura əsasında məhz bu platforma üzərindən təqdim ediləcək. Xidmətlərin daha sadə, əlçatan və istifadəçi yönümlü formada təşkili əsas məqsədlərdən biridir.
Bundan əlavə, süni intellektin dövlət xidmətlərinə inteqrasiyası nəzərdə tutulur. Vahid arxitektura əsasında həyata keçiriləcək bu prosesə nəzarət müvafiq fərmanla yaradılmış Şura tərəfindən təmin olunacaq. Şuraya rəhbərliyi isə ölkənin Birinci vitse-prezidenti həyata keçirəcək”.
Ümumilikdə, təsdiq edilmiş Fəaliyyət Planı Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirməyə, innovasiya əsaslı inkişaf modelini gücləndirməyə və ölkənin beynəlxalq rəqabət qabiliyyətini artırmağa yönəlib.

