Astanadakı Türk Akademiyası 8 Noyabr Azərbaycanda Qələbə Günü münasibətilə qazax dilində "Azərbaycan Vətən Müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr - 10 noyabr 2020)" adlı kitab çap etdirib.
Nəşrdə 44 günlük İkinci Qarabağ müharibəsinin sənədli salnaməsi Azərbaycan xalqının ədalətli mübarizəsini əhatəli şəkildə ortaya qoyur.
Kitabda həmçinin Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli səyləri, milli ordunun formalaşdırılması prosesi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qalib strategiyasının əsas aspektləri araşdırılır. Əsərdə ikinci Qarabağ müharibəsinin diplomatik aspektlərinə, Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələrinə və İlham Əliyevin Qarabağın sosial-iqtisadi dirçəlişi üçün müharibədən sonrakı strategiyasına xüsusi diqqət yetirilir.
Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev “Ön söz”də qeyd edir ki, Qarabağdakı qələbə təkcə Azərbaycan xalqının qələbəsi deyil, həm də bütün türk dünyası üçün sevinc və qürur mənbəyidir.
“Ön söz”də deyilir: "Türk Akademiyası adından Azərbaycan xalqının böyük qələbəsi haqqında etibarlı mənbə olan bu əsəri Qazaxıstan oxucularına təqdim etməkdən məmnunam. Əminəm ki, bu kitab türk xalqlarının ortaq taleyini, vahid missiyasını və gələcək əməkdaşlığını anlamağa mühüm töhfə olacaq".
Kitabın elektron versiyası Türk Akademiyasının rəsmi saytında verilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana


