Həlledici oyunu böyük inamla gözləyirik
Bu, artıq tarixi nailiyyətdir. Azərbaycan futbolunun qürur mənbəyi Ağdam komandası Çempionlar Liqası turnirinin təsnifat görüşlərində və pley-off mərhələsinin 1-ci raundunda ardıcıl 5 oyunda 5 qələbə qazanıb. Avropanı heyrətləndirməkdə davam edən təmsilçimizin öz ölkələrinin çempionları ilə kəskin rəqabətdə orta hesabla hər oyunda 3-ə yaxın qol vurduğunu da bir daha fəxarətlə xatırlasaq, Qurban Qurbanov və komandası, həqiqətən, gözəl nəticə ilə şanlı tarix yazır.
"Qarabağ"ın hələlik sonuncu, bir həftə əvvəl Budapeştdə fədakar oyunla qazandığı ardıcıl beşinci qələbə bir də ona görə çox qiymətlidir ki, birinci hissədə macarların xeyrinə qeydə alınan bir top üstünlük çempionumuzu ruhdan salmayıb, onun möhkəm iradəsinə və əzmkar mübarizəsinə bir sınaq oldu. Nəticədə komanda 15 dəqiqəlik istirahətdən sonra oyunda ciddi dönüş yaratmaq üçün özündə kifayət qədər qüvvə tapdı və ilk 45 dəqiqədə qapısında gördüyü qola ikinci hissədə üçqat artıqlaması ilə cavab verdi. Hər üçü sol ayaqla vurulan qollardan ikisinin müəlliflərinin müdafiəçilər Marko Yankoviçlə Medinanın olmaları isə təsdiq etdi ki, "Qarabağ"da qolları təkcə hücumçular və orta xətt oyunçuları vurmurlar. Oyunun sonlarına yaxın meydana daxil olan Musa Qurbanlının baş məşqçi kimi Avropa futbolunda hörməti getdikcə artan atasının etimadını doğrultması da üstünlüyümüzü möhkəmləndirən olduqca vacib məqam idi.
Ağdam komandasının üç il ərzində Macarıstan paytaxtında bu ölkənin ən məşhur klublarından biri üzərində qazandığı 3:1 hesablı iki qələbə diqqətəlayiq faktdır.
Bakıda bugünkü görüş hər iki tərəf üçün həlledici oyundur. Statistik göstəricilər iki raunddan ibarət döyüşün birinci yarısından sonra Azərbaycan klubunun üstün olduğunu bildirir. Niderlandın " Utrext" klubu ilə birlikdə hamıdan çox qələbə qazanan, müdafiədə etibarlı, hücumda məhsuldar oyunu ilə özü haqqında xoş təəssürat yaradan "Qarabağ" məqsədə rəqibindən daha yaxındır. "Doğma divarlar" amili də onun tərəfindədir.
Bütün bunları nəzərə aldıqda elə görünür ki, avqustun 19-da Budapeştdə Çempionlar Liqasının əsas mərhələsinin qapısını aralayan çempionumuz bu axşam Bakıda həlledici döyüşdə son yarım addımı da inamla atıb, Liqanın baş meydanında özünə layiqli yer edəcək.
Belə nikbinliklə danışarkən təbii ki, "Ferentsvaroş"un tamam başqa fikirdə olduğunu da unutmuruq. Komandanın düşərgəsindən yayılan xəbərlərdən aydın olur ki, bu kollektiv – rəhbərlik də, məşqçi və oyunçular da hələ təslim olmadıqlarını, Bakıda daha mükəmməl mübarizə ilə ümümi yekunda cütün taleyini öz xeyirlərinə həll edə biləcəklərini söyləyirlər. Onların fikirlərinə hörmətlə yanaşırıq. Həqiqətən, döyüş hələ bitməyib. Sadəcə, biz bu qənaətdəyik ki, "Qarabağ" da hara gəlib çatdığını yaxşı bilir və qarşıdakı oyunun məsuliyyətini tam dərk edir. Komanda səfərdə çətinliklə qazandığı 2 top üstünlüyü evdə itirməyi ağlına belə gətirmir.
Çətin işin birinci yarısı yüksək məsuliyyətlə, böyük müvəffəqiyyətlə yerinə yetirilib. Qalır daha bir uğurlu cəhd göstərib, Çempionlar Liqasının əsas mərhələsinin qapısını taybatay açmaq. Bunun naminə son anadək yorulmadan döyüşməyə dəyər.
Uğurlar, “Qarabağ”!
Böyük qələbələrə öyrətdiyin bütün Azərbaycanın gözü saat 20:45-dən səndə olacaq.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist