Qardabanili idmançıların Rusiyada böyük qələbəsi

post-img

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstan Ədliyyə Nazirliyinin qeydiyyatında olan “Caucasus Arena” İdman Assosiasiyasının təşəbbüsü ilə Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində fəaliyyət göstərən “Lion Fighters” MMA klubunun döyüşçüləri beynəlxalq arenada növbəti uğura imza atıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, belə ki, Rusiyanın Rostov-na-Donu şəhərində keçirilən və 10-a yaxın ölkənin idmançılarının iştirak etdiyi beynəlxalq MMA turnirində "Lion Fighters" klubunun 6 döyüşçüsü rəqiblərinə qalib gələrək Asiya Kubokunda iştirak üçün vəsiqə qazanıblar. Qalib idmançılarımız – Onur Babayev, Ruhin Paşayev, Azad Həsənov, Nurlan Vəliyev, Ramin Musayev və Elgün Vəliyev turnirin xüsusi kəmər və medalları ilə təltif olunublar.

“Caucasus Arena” Assosiasiyasının üzvü və “Lion Fighters” klubunun baş məşqçisi Nicat Əliyev bildirib ki, beynəlxalq idman yarışlarında iştirakın əsas məqsədi gənc idmançıların dəstəklənməsi, müxtəlif idman növlərinin inkişaf etdirilməsi və klubun maddi-texniki bazasının gücləndirilməsidir. O, gənc idmançıların dünya səviyyəli turnirlərdə iştirakını təmin etmək üçün yeni layihələrin həyata keçiriləcəyini və bu istiqamətdə dövlət qurumları və özəl sektorla əməkdaşlığın genişləndiriləcəyini vurğulayıb.

Assosiasiyanın rəhbəri Yavər Məmmədov “Caucasus Arena”nın əsas məqsədinin yüksək potensiala malik idmançıların aşkarlanaraq beynəlxalq səviyyədə tanıdılması və daha mötəbər turnirlərə cəlb edilməsi olduğunu söyləyib.

Qeyd edək ki, “Lion Fighters” MMA klubunun rəhbərləri peşəkar döyüşçülər Nicat Əliyev və Samir Omarovdur.

Mustafa Kamal
XQ







İdman