Milli şahmatımız 6 qat Avropa mükafatçısıdır

post-img

Prezident İlham Əliyev 2017-ci ilin oktyabr-noyabr aylarında Yunanıstanın Krit adasında keçirilmiş şahmat üzrə Avropa çempionatından vətənə qızıl medallarla qayıdan kişilərdən ibarət milli komandamızın üzvlərini qəbul edərkən qrossmeysterlərimizin qələbəsini “Azərbaycan zəkasının təntənəsi” kimi qiymətləndirmişdi. Məhz həmin yarışdan dərhal sonra komanda böyük qürur hissi ilə üçqat Avropa çempionu adını daşımağa başlamışdı.

Budur, aradan 8 il keçdikdən sonra azərbaycanlı zəka sahibləri qitə birinciliyində bir daha fərqlənmişlər. Düzdür, bu dəfə onlar fəxri kürsünün zirvəsini fəth edə bilməmiş, finişin astanasında, 8-ci turda məğlubiyyətə uğratdıqları Ukrayna komandasını yekun cədvəlində özlərindən irəli buraxaraq ikinci yerlə kifayətlənmişlər. Ancaq Gürcüstandan, “Qafqazın incisi” adlandırılan Batumi şəhərindən Xəzər sahillərinə gətirilən bir dəst gümüş medalın da məşhur ustalarımızın mükafatlar kolleksiyasında xüsusi yeri olacaq. Komanda bu günlər tarixində 6-cı dəfə Avropa çempionatının mükafatçısı kimi təbrikləri qəbul edir.

Azərbaycan yığması 40 komandanın iştirak etdiyi çempionatda bir qədər yenilənmiş heyətdə çıxış etdi. Dünyanın ən hörmətli qrossmeysterlərindən biri Şəhriyar Məmmədyarov, yüksək istedadları şahmat aləmində şəkk-şübhə doğurmayan Rauf Məmmədov, Eltac Səfərli ilə yanaşı, heyətə daha gənc və perspektivli Aydın Süleymanlı və Məhəmməd Muradlı daxil idilər. Komandanın kapitanı rolunda isə zəngin təcrübəli qrossmeyster, üçqat Avropa çempionu Teymur Rəcəbov çıxış edirdi.

Hamısı da medallara aparan yolda əlindən gələni etdi. Şəhriyar ilk səkkiz turda 1-ci taxtada özü kimi ən güclü rəqiblər, Slovakiya, Çexiya, Niderland, Yunanıstan, Ermənistan, Macarıstan, Ukrayna komandalarının liderləri ilə görüşlərdə bir dəfə də məğlub olmayıb (3 qələbə, 5 heç-heçə), yalnız sonuncu, doqquzuncu görüşdə Serbiya şahmatçısına uduzdu.

Qalan taxtalarda Rauf, Eltac, Aydın və Məhəmməd də inamla çıxış edib, birgə səylə komandaya ikinci yeri təmin etdilər. Hətta Səfərli daha uzağa gedib, 7 görüşdə bir dəfə də uduzmadan 3 qələbə, 4 heç-heçə və ya 5 xal və 71, 4 faizli göstərici ilə 3-cü taxtada çıxış edən bütün iştirakçılar arasında hamıdan yüksək nəticə göstərib, çempionatın bağlanış mərasimində qızıl medalla mükafatlandırıldı.

Beləliklə, Azərbaycan milli komandası Avropa çempionatlarında 6-cı dəfə özünə və xalqımıza medal sevinci yaşatdı. 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində, 2013-də Polşanın paytaxtı Varşavada, 2017-də Yunanıstanın Krit adasında qazanılmış qızıllar, 2007 və 2011-ci illərdə yenə Yunanıstanda, müvafiq surətdə Porto-Karras və Heraklion şəhərlərində əldə olunmuş gümüş və bürünc mükafatlar, indi isə Batumidən gətirilmiş daha bir dəst gümüş medal Azərbaycan dövlətinin və xalqının qürur mənbəyi, milli sərvətidir.

Bu medalları qazanan qrossmeysterlərə təşəkkürlər və yenə də təşəkkürlər!

Batumidə Avropa çempionatı başlanmazdan əvvəl 2660 əmsala malik Azərbaycan millisi reytinqə görə Almaniya (2681), Niderland (2675) və Macarıstandan (2666) sonra yarış iştirakçılarının siyahısında dördüncü idi. Çempionatın yekununda isə Məmmədyarov və dostları turnir cədvəlində onların hər üçünü qabaqlamağı bacardılar.

Yadıma düşmüşkən, Azərbaycan komandası 2017-ci ildə Krit adasında 3-cü dəfə Avropa çempionu adını qazanarkən Rauf Məmmədovun 4-cü taxtada göstərdiyi 88,9 faizli nəticəni də bir daha birlikdə xatırlayaq. Doqquz görüşdə 7 qələbə, 2 heç-heçə və 8 xal. Fantastik nəticə idi!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman