Vaşinqton Çin mallarına qarşı tətbiq etdiyi rüsumları azalda bilər. Ancaq bunun üçün Pekinin nadir torpaq metalları ilə bağlı mövqeyini dəyişməsi və ABŞ-dan aldığı soya məhsullarının əvvəlki həcmini bərpa etməsi lazımdır.
TASS agentliyinin məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
ABŞ lideri Floridadan Vaşinqtona qayıdarkən təyyarəsinin göyərtəsində bildirib: “Onlar bizə rüsumlara görə böyük məbləğlər, kifayət qədər böyük vəsaitlər ödəyirlər. Onlar yəqin ki, bu məbləğlərin azaldılmasını istərdilər. Biz də bunun üzərində işləyəcəyik. Amma onlar da bizə nəsə verməlidirlər”.
Tramp qeyd edib ki, Koreya Respublikasında gözlənilən ATES sammiti çərçivəsində Çin sədri Si Cinpinlə planlaşdırılan ikitərəfli görüş zamanı bu məsələni müzakirə edəcək.
“İstədiyim şeylərdən biri Çinin soya məhsullarımızı almasıdır. Mən Çinin bizimlə oyunu dayandırmasını istəyirəm. Bu, tamamilə normaldır. Onların bizimlə nadir torpaq metalları oyunları oynamasını istəmirəm. Mən istəyirəm ki, onlar heç olmasa əvvəllər aldıqları miqdarda soya almağa başlasınlar – Tramp izah edib..
Onun sözlərinə görə, ABŞ səlahiyyətliləri dəfələrlə təsdiq ediblər ki, Pekin sintetik opioid fentanilin ABŞ-a qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər iş görmür.
Oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib. Oktyabrın 10-da Tramp ABŞ-ın noyabrın 1-dən və ya daha əvvəldən etibarən Çin məhsullarına əlavə 100 faiz tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. ABŞ prezidenti həm də Çinə digər malların, ilk növbədə, təyyarə hissələrinin tədarükünə məhdudiyyətlər tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
P.ƏMİRCANOV
XQ