Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və qurumun direktorunun müavini Rüfət Efendiyev Avstriyada işgüzar səfərdə olub. Səfər çərçivəsində Avstriyanın Milli Antidopinq Agentliyi (NADA Austria) ilə Anlaşma Memorandumu imzalanıb. Memoranduma Azərbaycan tərəfdən Təhminə Tağı-zadə və NADA Austria-nın icraçı direktoru Mixael Sepiç imza atıblar.
Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildir. Sənəddə ekspertiza və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mürəkkəb işlər üzrə məsləhətçi dəstəyin göstərilməsi xüsusi yer tutur.
Nümayəndə heyəti NADA Austria-nın qərargahında bir sıra işgüzar görüşlər də keçirib. Qonaqlara hüquq, təhsil, elm və testetmə sahəsində ətraflı məlumat verilib.
Sonra AMADA nümayəndə heyəti Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib və dopinq nəzarətində tətbiq olunan müasir elmi və analitik metodlar barədə məlumat verib.
AMADA-nın rəhbər heyətinin Avstriya səfəri beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də təcrübə mübadiləsi və əlaqələndirilmiş fəaliyyət vasitəsilə milli antidopinq proqramlarının effektivliyinin artırılması istiqamətində mühüm addımdır.
Qabil YUSİFOĞLU
XQ



