Rəşad Şolan və bir qrup həkim ölümlərindən sonra orqanlarını bağışlayacaqlar

post-img

Orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsinə dəstək

Azərbaycanın tanınmış cərrah-transplantoloqu, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyasının (BTMA) İdarə Heyətinin sədri tibb elmləri doktoru Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. Bu təşəbbüsə, eyni zamanda Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Xəstəxananın bir qrup həkimi, eləcə də BTMA-nın üzvləri qoşulub.

Həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ərizə ilə müraciət etdiklərini bildiriblər.

Bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında BTMA və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” adlı elmi simpoziumda məlumat verilib. Simpozium çərçivəsində keçirilən “Ölümündən sonra orqan bağışlama bəyanatı” adlı mərasimdə həkimlər ölümündən sonra orqanlarını bağışlamaq üçün qanuni prosedurdan keçdiklərini bəyan ediblər.

Rəşad Şolan bu addımın ölkədə orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edib. O, hər bir insanın orqan bağışlamasının həyat qurtarma potensialına inandığını və bu addımın digər insanlara da düşünmək fürsəti verəcəyini vurğulayıb. 

Tanınmış həkim bu təşəbbüsün ölkəmizdə orqan bağışlama ilə bağlı daha çox məlumatlılıq yaradacağına və gələcəkdə daha çox həyatın xilas olmasına səbəb olacağına inandığını söyləyib.

Qabil YUSİFOĞLU
XQ





Sosial həyat