SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Bununla bağlı Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında keçirilən mərasimdə çıxış edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov sazişin əhəmiyyətini vurğulayaraq sənədin “Abşeron” layihəsinin gələcək inkişafında mühüm mərhələ olacağını bildirib. Azərbaycanın enerji sənayesinin ölkəmizlə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini diqqətə çatdıran nazir M.Cabbarov Azərbaycana xarici sərmayələrin daxil olmasında təbii resurslarla yanaşı, əlverişli investisiya mühitinin də xüsusi rol oynadığını qeyd edib.
Beləliklə, satınalma proseduru tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payı isə müvafiq olaraq 35 faiz müəyyənləşəcək.
Xatırladaq ki, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda ilk investisiyanı ölkəmizə yatırması respublikamızda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcəyi və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İHS layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.
Yeri gəlmişkən, “Abşeron” yatağının ehtiyatı da daxil olmaqla Azərbaycanın təsdiqlənən qaz ehtiyatı 2,2 trilyon kubmetrdir. Ölkəmizin illik qaz ixracı isə 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ərzində Azərbaycan bu həcmdə qaz ixracını 30-31 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaşdırılır.
“Abşeron” qaz-kondensat yatağından çıxarılan “mavi yanacaq” mühüm önəm daşıyır. Çünki indiyə kimi, Azərbaycanın ixracla bağlı əsas qaz resursu “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün isə artıq ölkəmizə məxsus iki böyük qaz-kondensat yatağı var.
Prezident İlham Əliyev cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxış edərək “Abşeron”un birinci fazasının artıq icra edildiyini və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlayacağını vurğulayıb.
Onu da deyək ki, ölkəmizin qaz ehtiyatlarının həcminə görə, ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb. Ötən ayın 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.
SOCAR-dan verilən məlumata görə, “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən mərkəzi idarəetmə məntəqəsindən həyata keçirilir.
Burada bir tarixi məqamı da xatırlatmaq istərdik. Belə ki, sözügedən yatağın işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi 12 il əvvəl imzalanmışdı. Həmin vaxtdan ötən dövr ərzində “Abşeron” qaz-kondensat yatağından hasilatın başalnması müddətində durğunluq yaranmış, yataqdan ilk qazın alınması ləngimişdi.
Mütəxəssislər bildirirlər ki, “Abşeron”dan hasil olunacaq “mavi yanacaq” əsasən, daxili tələbata yönəldiləcək. Bu isə “Şahdəniz”dən çıxarılan qazın daha çox həcminin ixraca yönəldilməsinə imkan yaradacaq. Yəni Azərbaycan bununla da Avropadakı müştərilərə vəd etdiyi həcmləri təmin etməklə üzərinə götürdüyü öhdəlikləri tamamilə gerçəkləşdirəcək.
Prezident İlham Əliyev bu məqamla bağlı deyib: “Bu yataqda 350–360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) satınalma proseduru tamamlandıqdan sonra “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə etməsi ilə Xəzər dənizinin ölkəmizin sektorundakı layihələrə yeni bir nəfəs və baxış formalaşdıracaq.
Azərbaycanın son 10 ildə ərəb ölkələri ilə əlaqələri genişlənməkdədir. ADNOC şirkəti Birləşmiş Ərəb Əmirliklərinin 90 faizdən çox neftini Əbu-Dabi Əmirliyində çıxarır. Belə bir şirkətin Azərbaycanda təmsilçiliyi isə qərblə şərq arasında yeni münasibətlərin formalaşmasına zəmin yaradır.
Respublikamızın indiyə qədər imzaladığı 40-a yaxın hasilatın pay bölgüsü və risk servis tipli müqavilələri çərçivəsində faktiki olaraq ərəb şirkəti yox idi. Bir vaxtlar Azəri-Çıraq-Günəşlidə yarı ərəb şirkəti olub, ancaq onlar da sonradan paylarını satıb gediblər.
“Abşeron” qaz-kondensat yatağı “Şahdəniz–2” kimi mürəkkəb geoloji struktura malikdir. Lakin “Şahdəniz-2” layihəsindən daha dərində yerləşir. Ona görə də “Abşeron” qaz-kondensat yatağında da manifold texnoloji üsulu ilə hasilatın həyata keçirilməsi gerçəkləşəcək. Bu isə çox bahalı layihədir. Bu baxımdan SOCAR və “TotalEnergies” yarıbayarı paya malik idilər. Onlar öz paylarından 15 faiz kəsib ərəb şirkətinə satışa çıxardılar. Bu, “Abşeron–2” layihəsi üzrə mümkün kapital yatırımında risklərin daha azaldılması mənasını verir.
Yeri gəlmişkən, “Abşeron” layihəsi çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu qazın bütünlükdə Azərbaycanın daxili tələbatının ödənilməsinə yönəldilməsi qarşıda mühüm vəzifə kimi durur. Yatağın ikinci mərhələsində çıxarılacaq qazın isə xarici bazarlarda satılması və yaxın beş il ərzində bu perspektivin gerçəkləşməsi nəzərdə tutulur. Eyni zamanda, yatağın ikinci mərhələsində nə qədər qazın hasil olunacağlı ilə bağlı SOCAR və onun tərəfdaşı hazırda danışıqlar aparır.
Sonda qeyd edim ki, “Abşeron” çox mürəkkəb quruluşa malik qaz-kondensat yatağıd olaraq indiyədək Xəzər dənizində açılan və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800–7 min 100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7 min 300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


