Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi başa çatıb. Layihədə nəzərdə tutulan yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin magistral boyunca dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri yerlərdə yeraltı keçidlərin inşası tamamlanıb.
Beləliklə, layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Bərdə–Ağdam avtomobil yolu işğalçıdan təmizlənən Ağdam şəhərinə qədər salınır. Magistralın ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, adları çəkilən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Bununla yanaşı, Vətən müharibəsindən sonra başlanan tarixi Bərdə-Ağdam dəmir yolu xəttində də yenidənqurma işləri sürətlə aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, artıq uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib. Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb. Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
Göründüyü kimi, Bərdə–Ağdam avtomobil və dəmir yollarının inşası sürətlə aparılır və hər iki infrastrukturun tezliklə istismara veriləcəyi gözlənilir. Sözügedən tikinti prosesinə xüsusi əhəmiyyət verilməsi həm də Qarabağa böyük həcmdə digər yüklərin daşınması üçün Laçın yoluna alternativ kimi, Ağdam–Xankəndi marşrutunun önəmi ilə bağlıdır. Çünki əvvəla rəsmi Bakının təklif etdiyi və Brüsselin də dəstəklədiyi bu təşəbbüs Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası prosesinə mühüm töhfədir. Digər tərəfdən, İrəvan və Qarabağ separatçı liderlərinin müqavimətinə baxmayaraq, Azərbaycanın dəstəklədiyi Ağdam–Xankəndi marşrutu ilə irihəcmli yüklərin daşınması daha sərfəlidir. Ona görə ki, Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana və yaxud əks istiqamətə işğalçı dövlətin israr etdiyi yolla yük daşınması relyef baxımından əlverişsizdir. Hətta sövet dönəmində belə bu marşrutla iri həcmdə yüklərin daşınması üçün istifadə olunması xatırlanılmır. Bu yolla əlaqədar separatçıların təkidi isə müəyyən ölkələrdən qaçaqmalçılıq yolu ilə əldə olunan silah-sursatın Ermənistana daşınması, oradan isə Xankəndiyə “humanitar yardım” adı altında keçirilməsi məqsədi daşıyır.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır. Halbuki 26 kilometrlik bu yol müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Belə ki, Laçın–Xankəndi yolu 60 kilometrdir və bu marşrut Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ümumiyyətlə, Ağdam–Xankəndi yolu Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından yolun intensiv istifadəsi əhəmiyyətlidir.
Deputatın fikrincə, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulan yoldan istifadədən imtina edir?
Bəli, ekspertlərin haqlı olaraq vurğuladıqları kimi, bu gün Ermənistandan Qarabağa irihəcmli yüklərin daşınması üçün ən səmərəli variant Qazax–Bərdə–Ağdam marşrutudur. Yazının əvvəlində göstərdiyimiz kimi, Bərdə-Ağdam avtomobil və dəmir yollarının sürətli bərpası da bu məqsədə xidmət edir. Yeri gəlmişkən, perspektivdə nəzərdə tutulan yol sovet dövründə olduğu kimi, Qazax-Bərdə-Ağdamdan sonra Əsgərana və buradan da mövcud dəmir yolu ilə Xankəndiyə qədər davam etdirilə bilər.
Təbii ki, Azərbaycanın əlverişlilik baxımından təqdim etdiyi digər marşrutlar da var. Məsələn, yüklər asanlıqla dəmir yolu ilə Gəncəyə çatdırılır. Buradan isə Ağdama məsafə 130 kilometrdir. Perspektivdə isə təcili yüklər Ağdam aeroportuna da daşına bilər. Ümumiyyətlə, bütün variantların Qarabağ ermənilərinin reinteqrasiyasına, elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılmasına, ticari-iqtisadi əlaqələrin qurulmasına müsbət təsiri şübhəsizdir.
Ermənistan rəhbərliyinin, ilk növbədə, Qarabağ separatçılarının Azərbaycanın bu planlarına qarşı çıxmaları isə, şübhəsiz ki, Laçın yolu ətrafında spekulyasiyaya yol açmaq istəklərindən irəli gəlir. Eyni zamanda, beynəlxalq ictimaiyyəti çaşdırmaq, hədəfdən yayındırmaq üçün Laçın yoluna yönəlmiş bütün cəhdlər Azərbaycan Ordusunu təxribata təhrik etmək məqsədi daşıyır.
“Xalq qəzeti”


