Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər çoxillik tarixə malikdir. 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Çin dövləti ilə dostluq münasibətləri ildən-ilə yüksələn xətlə inkişaf edib. Ötən müddətdə dövlət başçılarının, eləcə də nümayəndə heyətlərinin səfərləri qarşılıqlı inam və etimadın getdikcə güclənməsinə, iki ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olub. Bununla yanaşı, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Məhz bunun nəticəsidir ki, hazırda Çin Xalq Respublikası ölkəmizin ən böyük ticarət tərəfdaşları sırasında 4-cü yeri tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə növbəti dövlət səfəri isə ikitərəfli əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün əlverişli imkanlar yaradıb. Yeri gəlmişkən, ötən il iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı dövlətimizin başçısının Çinə rəsmi səfərə dəvət edilməsi dünyanın iqtisadi nəhənginin ölkəmizlə əlaqələrə verdiyi önəmin və xüsusi diqqətin nəticəsi idi.
Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər, xüsusən də Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu baxımdan xüsusi önəm kəsb edir. Sənəddə hər iki dövlət başçısının diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan – Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirilərək səmimi və dostluq mühitində danışıqlar aparıldığı, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul edildiyi və digər mühüm məqamlar vurğulanıb.
Bəyanatda, həmçinin tərəflərin müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılığa gəlindiyi diqqətə çatdırılıb. Birgə Bəyanatda tərəflərin iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqları ifadə edilib.
Ticarət, investisiyalar, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olunub. Bəyanatda vurğulanan bu və digər vacib məqamlar iki ölkə arasında iqtisadi əlaqələrin miqyasının daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Çin Xalq Respublikası ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biridir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2005-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 273 milyon 49,7 min ABŞ dolları təşkil etdiyi halda, 2016-cı ildə bu göstərici 1 milyard 85 milyon 832,8 min dollara yüksəlib. 2024-cü ildə isə Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard dollar təşkil edib.
Bununla yanaşı, Azərbaycanla Çin arasında xarici birbaşa investisiya dövriyyəsi 85,9 faiz artaraq 14 milyon ABŞ dolları səviyyəsinə çatıb. Çin investorları tərəfindən Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmi də əvvəlki ilə nisbətən 92,8 faiz artaraq 11,4 milyon dollar təşkil edib. Heç şübhəsiz, bütün bu göstəricilər ölkələrimiz arasında investisiya və ticari əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir.
Yeri gəlmişkən, hazırda paytaxt Pekin də daxil olmaqla Azərbaycanın Çində 7 ticarət evi fəaliyyət göstərir. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu jurnalistlərə bildirib ki, ticarət evləri məhsullarımızın təşviqi, investisiyaların cəlb edilməsi, turizm potensialımızın nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu məkanlar Azərbaycan məhsullarını il boyu nümayiş etdirməyə imkan yaratmaqla yanaşı, çinli iş adamlarını ölkəmizə investisiya yatırmağa həvəsləndirir.
T.Nadiroğlu deyib ki, Azərbaycanın Pekin və digər şəhərlərdə fəaliyyət göstərən ticarət evlərinə çinli tərəfdaşlar tərəfindən investisiya yatırılıb və operatorluğunu da onlar həyata keçirirlər. Hətta ötən ilin sonlarında ticarət evlərindən cəlb olunan iş adamlarından ibarət nümayəndə heyətinin üzvləri Azərbaycanı ziyarət edərək ölkəmizə yeni investisiyalar yatırmaq istəyirlər. Bununla belə, hər iki ölkə qarşılıqlı ticarətin və investisiyaların həcmini daha da artırmaq üçün geniş imkanlara malikdir. Elə Birgə Bəyanatda tərəflərin ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etmələri də məhz bu amala xidmət edir.
Azərbaycan–Çin Birgə Bəyanatının mühüm müddəalarından biri də iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə inkişaf etdirməklə bağlıdır. Məlum olduğu kimi, son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycanın zəngin bərpa olunan enerji potensialı uzaq Çinə də yaxşı məlumdur. Təsadüfi deyil ki, son illər Çində ölkəmizlə bu sahədə əməkdaşlığa xüsusi maraq göstərilir. Bu maraq isə aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlərin imzalanması ilə nəticələndi.
“Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 meqavat gücündə batareya enerji saxlanc sistemi ilə 100 meqavat gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu”, eləcə də “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 qiqavat gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” kimi mühüm sənədlər yaxın vaxtlarda iki ölkə arasında “yaşıl” enerji əməkdaşlığının genişlənməsinə gətirib çıxaracaq.
Bununla yanaşı, Birgə Bəyanatda tərəflərin sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə, eləcə də neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqları vurğulanıb.
Bütün bunlar, eləcə də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlara çevrilmiş iki ölkə arasında iqtisadi münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.