Bugünlərdə Azərbaycan elminin məbədi sayılan qurumun, AMEA-nın 80 illik yubiley günləridir. Bizim üçün də çox xoşdur ki, belə mötəbər qurumun təntənəli yubileyində iştirak edirik. Bu tədbirə Azərbaycan Prezidenti də qatıldı və möhtəşəm çıxış etdi.
Bu gün hər iki qardaş ölkənin yüksək elmi əməkdaşlığı mövcuddur. Türk Tarix Qurumu ilə AMEA xüsusilə ciddi əməkdaşlıq edir.
“Xalq” qəzeti xəbər verir ki, bu sözləri AMEA-nın 80 illik yubiley tədbiri ilə əlaqədar ölkəmizdə səfərdə olan Türk Tarix Qurumunun direktoru professor Yüksel Özgen açıqlamasında bildirib.
Alim qeyd edib ki, Akademiyanın və AMEA Tarix və Etnologiya İnstitutu arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Bu tərəfdaşlıq çərçivəsində Türkiyə və Azərbaycan arasında mədəni və tarixi münasibətlərin genişləndirilməsi istiqamətində birgə layihələr həyata keçirilir. Bu əməkdaşlığın son nəticələrindən biri kimi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitab işıq üzü görüb. Hazırda isə tərəflər Azərbaycan xanlıqları ilə bağlı birgə kitabın hazırlanması üzərində çalışırlar Biz bu əməkdaşlığı daha da genişləndirməkdə qərarlıyıq. Azərbaycan tarix elmi ilə Türkiyə tarix elmi ortaq Türk tarixi üzrə birgə çalışmalar aparmalı, cəmiyyətimizi maarifləndirmə missiyasını üzərilərinə götürməlidirlər.
Professor Yüksel Özgen əlavə edib ki, AMEA-nın 80 illik yubileyi Azərbaycan elminin zəngin inkişaf yoluna, milli intellektual irsinin qorunmasına və ölkəmizin beynəlxalq elmi nüfuzunun möhkəmlənməsinə dəyərli töhfədir. Bu qurumu qorumaq və inkişaf etdirmək Azərbaycan alimlərinin önəmli vəzifələrindən biri olmalıdır.
Anar Turan

