Avropa İttifaqı Gürcüstanı küncə sıxışdırır

post-img

Gərginliyin mərkəzində Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskinin bəyanatları, onun Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və rəsmi Tbilisinin kəskin reaksiyası dayanır. Hadisələr diplomatik protokol çərçivəsindən çıxaraq, siyasi ritorikanın sərtləşməsinə və Qərblə münasibətlər kontekstində mübahisələrin dərinləşməsinə səbəb olub.

XİN-də baş tutan və təxminən bir saat davam edən görüşdən sonra səfir Qerçinskinin mətbuata açıqlama verməməsi böhranın ciddiliyini bir daha nümayiş etdirib. Diplomatik gərginliyə səfirin Brüsseldə keçirilən “Gürcüstan fokusda” adlı sərgi zamanı səsləndirdiyi fikirlər rəvac verib. Qerçinski Gürcüstanın hazırda “yanlış trayektoriya üzrə hərəkət etdiyini” bildirərək, ölkəni dərhal Avropa kursuna qayıtmağa çağırmışdı.

Gürcüstan XİN rəhbərliyi bu çıxışı tərəfdaşlıq etimadını sarsıdan və ikitərəfli əlaqələrə zərər vuran addım kimi qiymətləndirib. Diplomatik etikada bu cür bəyanatlara verilən sərt reaksiyalar tərəflər arasındakı uçurumun dərinliyindən xəbər verir.

Əslində, Qerçinskinin çıxışı Aİ-nin Gürcüstana yönəlik strateji mesajının birbaşa ifadəsi idi. O, Gürcüstanın tarixi “yol ayrıcında” olduğunu və yaxın aylarda qəbul ediləcək qərarların ölkənin taleyini müəyyənləşdirəcəyini vurğulamışdı. Səfirin fikrincə, ölkə ya demokratiya, hüququn aliliyi və insan haqları üzərində qurulmuş Avropa ailəsinin bir hissəsi olacaq, ya da “qaranlıq keçmişə” geri dönəcək. Pavel Qerçinski daha da irəli gedərək, bu “qaranlıq keçmiş” ifadəsinin mahiyyətini zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq və korrupsiya kimi konkret amillərlə izah etmişdi.

Bu sözlər Gürcüstan hakimiyyəti tərəfindən siyasi tənqid kimi deyil, həm də dolayı təhdid kimi qəbul edildi. Baş nazir İrakli Kobaxidze bu bəyanatları “gürcü xalqına yönəlmiş ultimativ mesaj” kimi səciyyələndirərək, səfiri ölkəni vətəndaş müharibəsi və sosial böhranla qorxutmaqda ittiham etdi.

Lakin bu cür ritorika yalnız konkret bir çıxışın nəticəsi deyil, uzun müddətdir yığılan narazılığın ifadəsidir. Aİ nümayəndələri artıq bir neçə ildir ki, Gürcüstanda müşahidə olunan demokratik geriləmə, müxalifətə təzyiq və institusional zəifləmə ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Məsələn, Avropa Komissiyasının hesabatlarında qeyd olunur ki, ölkə Aİ-yə namizəd statusu alsa da, real irəliləyiş əvəzinə, bir çox sahələrdə geriləmə müşahidə edilir. Rəsmi Tbilisi isə bu tənqidləri qəbul etmir, əksinə, Qərb diplomatlarını ölkənin daxili işlərinə müdaxilədə suçlayır. Hakim “Gürcü arzusu” partiyası və parlament çoxluğunun nümayəndələri Avropa bürokratiyasını “diplomatik çərçivələri aşmaqda”, müxalifəti dəstəkləməkdə və ölkədəki siyasi proseslərə dolayısı ilə təsir göstərməkdə günahlandırırlar. Bu ritorika getdikcə daha sərt və ideoloji xarakter alır. Artıq “dərin dövlət”, “qlobal müharibə partiyası” kimi anlayışlar Gürcüstanın siyasi diskursunun ayrılmaz hissəsinə çevrilib.

Bunun fonunda Aİ öz mövqeyini iki əsas istiqamət üzrə qurmağa çalışır. Bir tərəfdən, Brüssel açıq şəkildə bildirir ki, Gürcüstanın seçdiyi hazırkı siyasi kurs onu Aİ üzvlüyündən uzaqlaşdırır. Digər tərəfdən isə “qapıların açıq qaldığı” və ölkənin hələ də bu “tarixi fürsəti” əldən vermədiyi vurğulanır. Bu, faktiki olaraq, klassik “təzyiq və təşviq” strategiyasıdır: eyni zamanda həm sərt tənqid, həm də inteqrasiya perspektivinin qüvvədə saxlanılması.

Mövcud gərginliyi yalnız Gürcüstan–Aİ münasibətləri çərçivəsində qiymətləndirmək kifayət deyil. Hadisələr daha geniş geosiyasi fon üzərində baş verir. Rusiya–Ukrayna müharibəsi regionda bütün balansları dəyişib və Avropa İttifaqı üçün Cənubi Qafqazın strateji əhəmiyyəti artıb. Gürcüstan bu kontekstdə həm tranzit ölkə, həm də potensial siyasi tərəfdaş kimi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Moskvanın sanksiyalardan yayınmaq üçün Gürcüstan üzərindən iqtisadi kanallar yaratdığına dair iddialar Brüsselin narahatlığını artırır.

Digər qlobal kontekst isə Yaxın Şərqdə artan gərginlik, İran, ABŞ/İsrail arasında qarşıdurma riskinin yüksəlməsidir. Bu qarşıdurma enerji marşrutları, təhlükəsizlik arxitekturası və geosiyasi bloklaşmanı daha da kəskinləşdirir. Belə bir şəraitdə Gürcüstan kimi ölkələr üçün xarici siyasət seçimi daha mürəkkəb və riskli olur. Qərbə inteqrasiya ilə regional sabitlik və təhlükəsizlik balansı arasında incə xətt yaranır.

Məhz bu səbəbdən Tbilisi daha çox “suveren qərarvermə” ritorikasını önə çəkir. Hakimiyyət Avropa inteqrasiyasından formal olaraq imtina etməsə də, bunu daxili siyasi sabitlik və milli maraqlarla ziddiyyət təşkil etməyən formada həyata keçirmək istədiyini bildirir. Aİ isə bunun əksinə olaraq, konkret islahatlar və siyasi uyğunlaşma tələb edir.

Ortaya çıxan mənzərə olduqca ziddiyyətlidir. Bir tərəfdə Gürcüstan hakimiyyəti Qərbi təzyiq və müdaxilədə ittiham edir, digər tərəfdə Aİ Gürcüstanı demokratik geriləmədə günahlandırır. Hər iki tərəf öz arqumentlərini legitim sayır və geri addım atmağa hazır görünmür. Bununla bağlı hakim partiyanın parlament çoxluğunun lideri İrakli Kirtsxaliyanın açıqlaması kəskinliyi ilə seçilir: “Son illərdə onlar həyasızcasına ölkəmizin daxili siyasi işlərinə müdaxilə edir, diplomatiya və mənəviyyatın bütün çərçivələrindən kənara çıxır, çəkinmədən dəstəklədikləri qondarma müxalifətin tərəfində çıxış edirlər”. Kirtsxaliya bildirib ki, azlıqların hüquqları, kilsənin rolu və ailə dəyərləri kimi məsələlərin Avropa yolunun məcburi elementləri kimi təqdim edilməsi cəmiyyətdə dəstək tapmır. Onun fikrincə, ölkəsi sülhü qoruyub saxlayıb və müharibəyə cəlb olunmayıb. Bu da onun düşüncəsinə görə müəyyən qüvvələrin narazılığına səbəb olur. “Seçilməmiş bürokratiya bizim üçün nə Avropadır, nə də Avropa dəyərləridir. Bizim üçün Qərb və Qərb dəyərləri bir vaxtlar Avropanın əsaslandığı prinsiplərdir. Onlar bu gün haradadır və hansı çağırışlarla üz-üzədir? Bunu həm biz, həm bütün dünya, həm də Aİ daxilindəki cəmiyyət yaxşı görür”, – deyə o qeyd edib.

Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzovun qənaətinə görə, Gürcüstan hazırda mürəkkəb seçim qarşısındadır: “Bir tərəfdə Avropaya inteqrasiyası hədəfi, digər tərəfdə isə suverenlik və daxili siyasi sabitlik arqumentləri dayanır. Bu balansın necə qurulacağı yalnız Tbilisinin deyil, həm də Brüsselin gələcək addımlarından asılı olacaq. Mövcud dinamika onu göstərir ki, münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün hər iki tərəfdən ciddi siyasi iradə tələb olunur”.

İ.Novruzov əmindir ki, Aİ üzvlüyü özlüyündə bir məqsədə çevrilərək ərazi suverenliyindən və müstəqil siyasət yürütmək hüququndan imtina etməyi tələb edirsə, bu, Gürcüstan üçün qəbuledilməzdir: “Gürcüstan ərazi bütövlüyünün güzəştə gedilməsi və dövlətçiliyin sarsılması bahasına Aİ-yə üzvlük yolunu seçməyəcək”.

Beləliklə, Gürcüstan–Aİ münasibətləri hazırda təkcə ikitərəfli diplomatik böhran deyil, həm də daha geniş geosiyasi qarşıdurmaların lokal təzahürüdür. Rusiya–Ukrayna müharibəsi, Qərb–Rusiya qarşıdurması və Yaxın Şərqdəki gərginlik fonunda Gürcüstanın seçimi qlobal məna kəsb edir. Yaxın aylar bu baxımdan həlledici olacaq. Səfir Qerçinskinin dediyi kimi, qərarlar “yaxın həftələr və aylarda” veriləcək. Lakin bu qərarlar yalnız Gürcüstanın Avropa gələcəyini deyil, həm də regiondakı güc balansını müəyyən edə bilər.

P.ƏFƏNDİYEV
XQ



Siyasət