Bu ilin ikinci rübündə Azərbaycanda bərpaolunan enerji mənbələrinin genişləndirilməsi layihəsinin (AZURE) bir hissəsi olan yeni hava elektrikötürmə xəttinin tikintisinə başlanılacaq. İşlərin gələn ilin dördüncü rübünə qədər tamamlanması planlaşdırılır. Bu barədə məlumat layihə üzrə köçürülmə haqqında fəaliyyət planında yer alıb.
Həmin plan AZURE çərçivəsində konkret olaraq 1.2-ci alt-komponent üzrə hazırlanıb. Sözügedən alt-komponent Azərbaycan İstilik Elektrik Stansiyasından Nəvai yarımstansiyasına qədər uzunluğu 235 kilometr, gərginliyi 500 kilovolt olan yeni təkzəncirli hava elektrik ötürmə xəttinin tikintisini nəzərdə tutur. Layihə tərəfindən dəstəklənən digər xətlər üzrə isə ayrıca sənəd hazırlanacaq.
Dünya Bankının dəstəyi ilə maliyyələşdirilən layihəyə “Nəvai” yeni yarımstansiyasının və yeni elektrikötürmə xətlərinin tikintisi daxildir. Yeni elektrikötürmə xətlərinin tikintisi çərçivəsində isə Ələt Azad İqtisadi Zonasını və “Abşeron” Külək Elektrik Stansiyasını “Nəvai” yarımstansiyası ilə birləşdirən 22 və 65 kilometrlik, eləcə də “Abşeron” Külək Elektrik Stansiyasını Qobu Elektrik Stansiyası ilə birləşdirən 19 kilometrlik (ümumi uzunluğu 106 kilometr) hava xətləri çəkiləcək.
Ümumilikdə, Dünya Bankı AZURE layihəsi çərçivəsində “Abşeron–Qaradağ” Külək Elektrik Stansiyasının şəbəkəyə qoşulması və elektrik ötürmə şəbəkəsinin genişləndirilməsi tədbirlərinə 355 milyon dollardan artıq vəsait ayıracaq.
500 kilovoltluq xəttin marşrutu isə Azərbaycanın mərkəzi və şərq hissələrində yerləşən 8 rayondan (Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Mingəçevir, Şamaxı və Yevlax) keçəcək. Marşrut 64 yaşayış məntəqəsini və 44 qeyri-yaşayış ərazisini (örüş sahələri), ümumilikdə, 110 məkanı əhatə edir. Xətt, əsasən, düzən kənd təsərrüfatı ərazilərindən keçəcək. Həmin rayonlar üzrə servitut (özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı) sahəsinin ümumi ölçüsü, təxminən, 8,13 milyon kvadratmetr təşkil edir. Bunun da 51 faizi özəl, 40 faizi dövlət, 9 faizi isə bələdiyyə torpaqlarına aiddir.
Layihə 1114 özəl torpaq sahibini, 22 rəsmi icarəçini və torpaq sahələri və ya aktivləri dayaq nöqtələrinin yerləşdiyi əraziyə və ya daimi servitut dəhlizinə düşən 11 biznes obyektini əhatə edəcək. Eyni zamanda, hüquqi statusundan asılı olmayaraq, ESS5 standartına uyğun kompensasiya hüququna malik olan dövlət və bələdiyyə torpaqlarından qeyri-formal istifadəçilər də müəyyən edilib.
Yeri gəlmişkən, yaşayış binaları layihənin icra zonasına düşmədiyindən əhalinin köçürülməsi tələb olunmur. Təsir yalnız iqtisadi xarakter daşıyacaq. Belə ki, layihənin icrası zamanı torpaq istifadəsinə məhdudiyyətlərin olacağı, tikinti dövründə müvəqqəti giriş itkilərinin, eləcə də kənd təsərrüfatı bitkilərinin, ağacların və bəzi hallarda qeyri-yaşayış tikililərinin itirilməsinin baş verəcəyi gözlənilir.
XQ

