Böyük Britaniya və doqquz Avropa ölkəsi qitənin şimalında “Rusiyadan gələcək təhdidlərin qarşısını almaq üçün” birgə dəniz qüvvələri yaratmaq barədə razılığa gəliblər. Bunu Kral Dəniz Qüvvələrinin rəhbəri general Qvin Cenkins bildirib. O, çoxmillətli dəniz qüvvələrinin “NATO-ya əlavə” kimi fəaliyyət göstərəcəyini bildirib.
“The Guardian” qəzetinin məlumatına görə , Birləşmiş Krallıq, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Baltikyanı ölkələr və Hollandiya birgə dəniz qüvvələri yaratmaq niyyəti barədə bəyannamə imzalayıblar. Yeni dəniz qüvvələrinin məqsədi birgə təlim və təhsil olacaq. Lazım gələrsə, çoxmillətli dəniz qüvvələrinə Britaniya Silahlı Qüvvələrinin Qərargahından komandanlıq ediləcək.
Qvin Cenkinsin sözlərinə görə, çoxmillətli dəniz qüvvələrinin yaradılması, hərbi əməliyyatlar başlasa, “real imkanlara, real müharibə planlarına və real inteqrasiyaya” imkan verəcək.
“The Guardian” qəzeti ABŞ-ın birləşmiş dəniz qüvvələrinin tərkibində olmayacağını açıqlayıb. Lakin Kanadanın iştirakı nəzərdən keçirilir.
P.ƏMİRCANOV
XQ

