Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionun üzləşdiyi çətinliklər fonunda “birlik və qardaşlıq” çağırışı edib.
Məlumatı “Anadolu” verib.
Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərkən bildirib: “Xüsusilə də bölgəmizin yaşadığı bu çətin dövrdə mənşə, baxış və din fərqlərini kənara qoymalı, birliyə və qardaşlıq əlaqələrini gücləndirməyə çalışmalıyıq”.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə “bölgədəki qardaşları, kürdlər, ərəblər, türkmənlər və ya farslar arasında fərq qoymadan” “sülh mesajlarını ardıcıl olaraq çatdırır”.
Onun sözlərinə görə, Ankara regionda “ortaq tarixə və ortaq gələcəyə əsaslanan yeni təhlükəsizlik paradiqması” qurmağa çalışır.
"Buna görə də, bölgəmizi daha çox manipulyasiya etməyə çalışanlara təslim olmaq həm tariximizə, həm də gələcəyimizə xəyanət olardı. Min ildir eyni torpağı paylaşdığımız qardaşlarımızla heç kim aramızda dayana bilməz”, - deyə prezident bildirib.
P.ƏMİRCANOV
XQ

