Karapetyan Ermənistanı qarşıdurmaya sürükləyir

post-img

Oliqarx-siyasətçi Paşinyanın devrilməsini hədəf seçib

Bir həftədən sonra – mayın 8-dən etibarən Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkilərinin rəsmi təbliğat-təşviqat mərhələsi başlayacaq. Proses iyunun 5-dək davam edəcək. Çünki səsvermədən bir gün əvvəl və səsvermə günü təşviqat qadağandır. Buna baxmayaraq, fevralın sonu, martın əvvəlindən başlayaraq siyasi qüvvələr qeyri-rəsmi şəkildə prosesə start veriblər. Baş nazir vəzifəsinə əsas iddiaçılar paytaxt İrəvanda və bölgələrdə vətəndaşlarla aktiv şəkildə görüşlər keçirirlər.

Artıq baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eləcə də rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” partiyası seçkilərdə iştiraklarını bəyan edib.

Daha bir oliqarx, ölkənin ən zəngin iş adamlarından olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan seçkilərdə “Ermənistan üçün təkliflər” təşəbbüsü çərçivəsində iştirak etmək niyyətindədir, lakin bu format hələ dəqiqləşdirilməyib. Həmçinin keçmiş ombudsman Arman Tatoyanın “Birlik qanadları” hərəkatı və birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi də seçkidə iştirakını açıqlayıb. Konqres baş nazir vəzifəsinə Levon Zurabyanın, “Yeni güc” partiyası isə İrəvanın sabiq meri Ayk Marutyanın namizədliyini irəli sürüb.

Namizədlərin sayı çox olsa da, əsas mübarizənin Paşinyan, Koçaryan və Karapetyan arasında gedəcəyi gözlənilir. Sonuncu hazırda ev dustaqlığındadır. Buna baxmayaraq, o, ev şəraitində iclaslar, müxtəlif görüşlər keçirir, media orqanlarına müsahibələr verir. Belə görüşlərdən biri tələbələrin iştirakı ilə baş tutub. Partiya sədri görüş zamanı bildirib ki, ilk addımı birlikdə atmaq zəruridir. Samvelin partiyası görüşə həsr olunmuş qısa videoçarxı özünün sosial şəbəkə hesablarında yayımlayıb. Videonun “Gənc nəsil Ermənistana dəyişikliklər gətirəcək” başlığı altında yayımlanması diqqətdən yayınmayıb. Karapetyan gənclər qarşısında “konkret vəzifələr” qoyub: “Siz ilk növbədə Paşinyanı vəzifədən uzaqlaşdırmalısınız. Bundan sonra düşünürəm ki, digər məsələlərin həlli xeyli asan olacaq. Biz ilk addımı birlikdə atmalıyıq. İkinci addıma gəlincə – şübhə etməyin, mən həmişə sözümün ağası olmuşam. İndi də sizi əmin edirəm: növbəti addımı atmaq daha asan olacaq”.

Bu arada oliqarxın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının İrəvanda böyük mitinqə hazırlaşdığı məlum olub. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi xəbərə görə, mitinqin mayın 8-də – parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasının rəsmi başlanğıc günü keçirilməsi planlaşdırılır. Partiya bu xəbəri şərh etməyib, lakin qəzetin yazdığına görə, bu dəfə mitinqin aprelin 11-də olduğu kimi, Opera Teatrı yaxınlığındakı “Azadlıq” meydanında deyil, daha böyük və tutumlu olan “Respublika” meydanında keçirilməsi nəzərdə tutulur. Nəşr yazır: “Partiya faktiki olaraq, seçki kampaniyasının lap başlanğıcında, özlərinin dediyi kimi, “kiçik qrupa” xoşagəlməz sürpriz etmək və onsuz da qorxu içində olan “Mülki müqavilə” üzvlərinə psixoloji təzyiq göstərmək qərarına gəlib”.

***

Onu da bildirək ki, bir neçə gün öncə “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan blokun seçkilərdə ən çox səs toplayan partiyanın irəli sürdüyü müxalif baş nazirliyə namizədi dəstəkləyəcəyini bildirib. Söhbət “Ermənistan” blokundakı iki partiyadan – Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” və Eçmiədzin şəhərinin meri vəzifəsinə namizəd Sevak Xaçatryanın rəhbərlik etdiyi sağ mərkəzçi “İrəli” partiyasından gedir. Minasyan izah edib ki, baş nazirliyə R.Koçaryanın namizədliyi “İrəli” partiyasının siyahısında irəli sürülüb, lakin o, hələ də bitərəf qalmaqdadır. Onun sözlərinə görə, əgər onların bloku qalib gəlsə, digər müxalif qüvvələrdən də eyni yanaşma gözlənilir.

Karapetyan isə bu çağırışa cavab olaraq bildirib ki, R.Koçaryanın və Q.Sarukyanın müxalifətdən baş nazirliyə vahid namizəd irəli sürülməsi prinsipi ilə bağlı açıqlamaları korrektdir: “Seçkilərdə qalib gələn siyasi qüvvənin hökuməti formalaşdırması ümumi qəbul olunmuş beynəlxalq praktikadır. Biz əminik ki, bu qüvvə bizim partiya olacaq, bu halda digər müxalif qüvvələrin namizədimizi dəstəkləmək imkanı yaranacaq”. Öz növbəsində, Sarukyan belə ssenaridə Karapetyanı dəstəkləmək ehtimalı ilə bağlı suala cavab verərkən bildirib ki, bu məsələ açıq qalır və müzakirə olunacaq.

***

Qeyd etdiyimiz kimi, S.Karapetyan hazırda ev dustaqlığındadır. Bir neçə gün öncə Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” liderinin ev dustaqlığını 3 ay müddətinə uzadıb. Daha əvvəl məhkəmə iclası zamanı vəkil Aram Vardevanyan isə bildirmişdi ki, Karapetyan ötən ilin dekabrında həbsdən azad olunmaq üçün 10 milyon dollardan çox məbləğdə girov ödəyib. Məhkəmə iclas çərçivəsində ona gələcəkdə KİV-ə müsahibə verməyə icazə də verib. Növbəti məhkəmə iclası aprelin 30-da keçiriləcək. S.Karapetyana vergidən yayınma, çirkli pulların yuyulması, xüsusilə iri məbləğdə əmlakın mənimsənilməsi, eləcə də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş üzrə daha iki nəfər də təqsirləndirilən şəxs qismində keçir. İşə hakim Vahe Dolmazyan baxır.

Yeri gəlmişkən, aprelin 29-da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Güclü Ermənistan”ın qərargahında axtarış aparıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Komitə seçicilərə rüşvət vermək ittihamı üzrə açılan cinayət işi çərçivəsində bir qrup şəxsin saxlanıldığını bildirib. Bununla bağlı əlavə məlumatın daha sonra veriləcəyi qeyd olunub.

Siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, S.Karapetyanın siyasi ritorikası və fəaliyyəti biznes-oliqarx resurslarının siyasi kapitala çevrilməsi modelini xatırladır. Onun sözlərinə görə, Samvelin tələbələrlə görüşdə “ilk addım Paşinyanı vəzifədən uzaqlaşdırmaqdır” kimi birbaşa siyasi hədəf müəyyən etməsi proqramlı alternativdən çox, qarşıdurma və şəxsi siyasi məqsəd üzərində qurulmuş strategiyanı göstərir: “Əsas məqam alternativ idarəetmə modeli və ictimai siyasət proqramı olmalıdır, lakin o, diqqəti daha çox “Paşinyan getməlidir” məsələsinə yönəlir ki, bu da siyasi mədəniyyət baxımından yolverilməz yanaşmadır. Digər tərəfdən, Karapetyanın ev dustaqlığında olmasına baxmayaraq, aktiv siyasi kampaniya aparması hüquqi proses və siyasi fəaliyyət arasındakı sərhədlərin itdiyini göstərir. Formal olaraq ona qarşı ciddi maliyyə və siyasi xarakterli ittihamlar mövcuddur, lakin eyni zamanda media çıxışları, tələbələrlə görüşlər və mitinq hazırlıqları onun siyasi arenadan kənarlaşdırılmadığını, əksinə, bu vəziyyətdən siyasi mobilizasiya üçün istifadə etdiyini göstərir”.

Ekspert qeyd etdi ki, mitinq planları və kütləvi səfərbərlik cəhdləri seçki kampaniyasının küçə siyasəti ilə daha çox gücləndiyini göstərir: “Psixoloji təzyiq” və “sürpriz” kimi ifadələr isə siyasi prosesin daha çox emosional və qarşıdurmalı hala gəldiyini göstərir. Bu da seçkilərdə proqram müzakirəsindən çox güc nümayişinin ön plana çıxmasına səbəb olur. Nəticə olaraq, Karapetyan nümunəsi Ermənistanda biznesin gücünün, hüquqi proseslərin və populist siyasətin bir yerdə toplanmasını göstərir. Bu vəziyyət siyasi sistemin sabitliyi və rəqabətin keyfiyyəti barədə suallar yaradır. Seçkilər formal olaraq rəqabətli görünsə də, real güc balansı daha çox resurslarla və təsir imkanları ilə müəyyən olunur”.

Səxavət HƏMİD
XQ



Siyasət