Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pillaya ÜKŞ-nin 23 aprel tarixli bəyanatına etiraz və cavab məktubu ünvanlayıb.
Məktubda bildirilir ki, Ümumdünya Kilsələr Şurasının 23 aprel tarixli bəyanatında ölkəmizə münasibətdə regionda baş vermiş son hadisələr ciddi şəkildə təhrif olunur və belə yanaşma sərgilənməsi qəbuledilməzdir: “Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür, bu cəhdlər öz “bəhrəsini” verməkdədir və şura həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır”.
Cavabda daha sonra qeyd edilir ki, Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır: “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini bildirmişdir. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur”.
Məktub bu sözlərlə bitir: “Ümid etmək istəyirəm ki, ÜKŞ keçmişdən qalan siyasi təxribatlara uymayaraq, erməni kilsəsinin ixtilafları qızışdırmaq cəhdlərinə ədalətli yanaşma nümayiş etdirəcək, bölgəmizdə davamlı sülhün bərqərar olmasına maneə olan cəhdlərə yol verməyəcəkdir”.
XQ

