Siyasət və süni intellekt

post-img

V MƏQALƏ

Qalib lider və ölkə

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasına bir sıra güclü dairələr fərqli bucaq altında baxmağa başladılar. Aydın görünürdü ki, lideri çox məharətli və siyasi varislik əsasında milli maraqlara tam uyğun fəaliyyət göstərən müstəqil müsəlman dövləti və ölkə olmaqla yanaşı, cəmiyyət kimi də Qalib ola bilər.

Azərbaycan cəmiyyəti ən böhranlı zamanlarda liderinin, dövlət və ölkəsinin yanında olduğunu təsdiq etdi. Aparılan təhlillər göstərdi ki, bu möhtəşəm uğurun bünövrəsində cəmiyyətin liderinə tam inamı və etibarı, bütün sosial kəsimlərin, xüsusilə gənc təbəqənin dövlətçilik və müstəqillik naminə yüksək birləşmək qabiliyyətinin olması dayanır.

Əlbəttə, bütün bunlardan dostlar sevinirlər. Lakin sirr deyil ki, Azərbaycana dost olmaq istəməyən dairələr də mövcuddurlar və xəbis, qərəzli planlar qurmaqdadırlar. Lakin onlar burada bir neçə ciddi faktoru nəzərə almağa məhkum olduqlarını da dərk etmişlər. Azərbaycana qarşı aparılan pozucu fəaliyyətin prinsipləri, məzmun və məqsədləri həmin reallığı qəbul etmələrindən birbaşa asılıdır. Bunun üzərində dayanaq.

Hibridlik yetərli deyil

Hər şeydən öncə, Azərbaycana qarşı adi silahlarla savaşmağın səmərəsiz və perspektivsiz olduğunu anladılar. Əlbəttə, Bakı üçün bu, asan başa gələn proses olmadı. 2023-cü ildən sonra da müxtəlif silahlı təxribatlara, terrora və “hərbi əzələ nümayişi”nə cəhdlər etdilər. Çox təəssüf ki, qarşı tərəfdə bizim qonşu, dost və qardaş İran silahlı qüvvələri də yer almışdı. Onun detalları üzərində dayanmağa indi ehtiyac yoxdur. Ancaq Azərbaycan Prezidentinin Xudafərinin fonunda “biz son damla qanımıza qədər Vətəni müdafiə etməyə hazırıq” cümləsinin ruhu və semantikasında ehtiva olunmuş qətiyyətini unutmayacağıq!

Avropa İttifaqının bəzi “demokratik və sülhpərvər” dövlətləri, uzaq Hindistanın rəsmi dairələri Ermənistanda revanşist əhvali-ruhiyyəni daha da alovlandırmaq üçün dəridən-qabıqdan çıxdılar, indi də bəziləri həmin vəziyyətdədirlər. Ancaq Azərbaycana qarşı kim silahlı təxribat etdisə, cavabını dərhal aldı. Ermənistan isə bir neçə strateji yüksəkliyini itirdi. Hər nə silahlı təxribat etdilərsə, peşman oldular!

Paralel olaraq, 2020-ci ilin payızından Azərbaycana qarşı siyasi, diplomatik, informasion və təbliğati təxribatlar yeni miqyas almağa başladı. Aydın görünürdü ki, bir sıra dairələr ölkəmizə qarşı adi silahlarla təzyiqləri informasiya texnologiyalar ilə sinxron halda tətbiq edirlər. Bunları Azərbaycan rəhbərliyinin dərindən, dəqiq və tam mənzərə ilə dərk etdiyi dövlət başçımızın verdiyi bir neçə müsahibələr, 2024-cü il Andiçmə mərasimində söylədiyi nitqin məzmunu, Şuşa Qlobal Media forumları göstərdi.

Beləliklə, bir sıra dairələrə aydın oldu ki, Azərbaycana adi silahlarla təzyiq etməyin heç bir faydası yoxdur. Nüvə silahı isə, ümumiyyətlə, istisnadır.

Birincisi, Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir və Qərblə aktiv əməkdaşlıq edir. Hazırda Azərbaycanın enerji infrastrukturu olmadan, geniş bir məkanın enerji təhlükəsizliyi və deməli, milli təhlükəsizliyi ciddi risk altına düşür.

İkincisi, Rusiya ilə davam edən qarşıdurma fonunda Azərbaycanın geosiyasi, iqtisadi, energetik və tranzit aspektlərdə əhəmiyyəti bir neçə dəfə artır.

Üçüncüsü, Azərbaycan Gürcüstan və Ermənistanla həmsərhəddir və onlar Qərbin qorumalı olduğu ölkələrdir. Buna görə də Qərb “əzizləri”nin zərər görməsini istəməz.

Dördüncüsü, Azərbaycan Türk dünyasının qəlbidir. Ona hər hansı ciddi hərbi ziyan olsa, qarşı tərəf olduqca sərt hərbi reaksiya ilə üzləşəcək. Bu baxımdan Pakistanın nüvə silahına malik olması arxa plana atıla bilməz.

Bununla Azərbaycanla bağlı düşündürücü situasiya yaranmışdır: hibrid təsir yetərli deyil və həm də bu ölkənin aparıcı rol oynamasını, getdikcə daha güclü və inamlı olmasını, geniş bir geosiyasi məkanda yeni konfiqurasiyanın formalaşmasında əsas rollardan birini oynamasını, faktiki olaraq, özünəxas orta gücə çevrilməsini qəbul etmək istəməyənlər vardır.

“Posthibrid” təzyiqlər

Hərbi güc tətbiqinin faydasız olduğuna tam əminlikdən sonra, bir sıra dairələr bütün imkanlarını informasiya texnologiyaları, süni intellektin imkanları və kibertəhdidlərə yönəltmişlər. Bunun üçün müxtəlif üsul, mexanizm və təsir variantları tətbiq edilir. Bütövlükdə Azərbaycan dövlətinin qurumları, siyasi, elmi və mədəni elita, cəmiyyətin müxtəlif kəsimləri, adət-ənənə, tarix, milli kimlik, digər türk dövlətləri ilə münasibətlər və digər mühüm sferalar hədəfə götürülmüşdür. Son 2 ildə isə daha çox Azərbaycan Prezidenti, ailəsi və yaxın ətrafı ilə bağlı informasiya, dezinformasiya, şantajçı, çaşdırıcı məlumatlar və süni quraşdırılmış görüntülər artmışdır.

Azərbaycan Prezidentinə qarşı bir sıra dairələrin bu cür qərəzli və qəbuledilməz üsullarla təsir etmək cəhdləri təsadüfi deyildir. Bunun bir neçə səbəbi olduğunu düşünürük, lakin başlıca məsələ İlham Əliyevin son dərəcə uğurlu, müasir, ədalətli, humanist lider olması ilə bağlıdır.

Azərbaycan Prezidenti indi dünya miqyasında davamlı olaraq uğurlu olan nadir liderlərdəndir. Avropa da daxil olmaqla geniş bir geosiyasi məkanda dövlət başçımız miqyasında, fəaliyyət dinamikasında və İlham Əliyev dərəcəsində uğurlu ola bilən ikinci lider gözə dəymir. Bunlara görə qarşı tərəf mümkün qədər geniş əhatədə şantajlara, böhranlara və informasiya təxribatlarına (yazılı və qondarılmış görüntülü) baş vururlar. Əsas hədəflər kimi xüsusi seçilmiş istiqamətlər də vardır.

Ailə

Hər kəs bilir ki, Azərbaycan Prezidenti nümunəvi ailə başçısıdır. Ailəsinə çox qayğı və diqqət göstərir. Ailədə adət-ənənələrə, milliliyə ciddi əməl edirlər. Eyni zamanda, dünya səviyyəsində yüksək dəyərlərə malik insanlardırlar. Mehriban xanım Əliyeva həm özü dövlətin idarəedilməsində yüksək səviyyədə iştirak edir, həm də həyat yoldaşına çox ciddi dəstək verir. Daim Azərbaycan Prezidentinin yanındadır. Mehriban xanım həm də dünya miqyasında çox fəal xeyriyyəçi, mədəniyyət qoruyucusu və humanitarlığı ilə seçilən xadimdir.

Azərbaycan Prezidentinin ailəsinin hər bir üzvü yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, vətənsevərliyə, milli dəyərlərlə yanaşı, ən müasir universal dəyərlərə sahibdir. Həm də dövlət başçısının övladları ictimai-mədəni proseslərdə aktiv iştirak edirlər.

Bütün bu keyfiyyətlərə görə bir sıra dairələr Azərbaycan Prezidentinin ailəsinə qarşı qətiyyən qəbuledilməz informasiya şantajları etməyə cəhdlər göstərirlər. Süni və qondarma görüntülərlə insanları çaşdırmağa çalışırlar. Və bu prosesin xüsusi siyasətlə idarə edildiyi hiss olunur.

Prezidentin silahdaşları

Azərbaycan Prezidentinin fəaliyyətini bütövlükdə cəmiyyətimiz tam haqlı olaraq legitim və çox faydalı hesab edir. Dövlət başçısına güvən və etimad tamdır. Prezident İlham Əliyevin silahdaşları isə böyük sadiqlik, fəallıq və birlik nümayiş etdirirlər. Azərbaycanın hüdudlarından kənarda çoxlu sayda ölkələrin siyasi liderlərinin, mədəniyyət xadimlərinin, elmi elitaları və sadə vətəndaşların İlham Əliyevə böyük simpatiyaları sirr deyildir.

Avrasiyadan tutmuş Okeaniyaya qədər çox geniş geosiyasi məkanda İlham Əliyevin cəsarətli, ədalətli, humanist, beynəlxalq hüquq normalarına tam uyğun fəaliyyət göstərən əsl lider olduğunu qəbul edirlər. Ayrıca, Avropanın bir sıra güclü ölkəsinin başçıları İlham Əliyevə olan heyranlıqlarını açıq deyirlər.

Bütün bunların fonunda görünür ki, Azərbaycan Prezidentinin güclü komandası vardır. Ora daxil olan kadrlara qarşı informasiya təxribatları həmin səbəbdən istisna deyildir.

Həmrəyliyə qarşı

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan cəmiyyətinin həmrəyliyinə çoxları heyran qalırlar. Müharibə müddətində həm Ali Baş Komandana yüksək etimadı və inamı, həm də vətəndaşların ölkəni qorumaq qətiyyətini açıq gördülər. Azərbaycan Ordusundan bir nəfər də olsun fərarilik etmədi. Əksinə, Vətəni müdafiə üçün on minlərlə vətəndaş sıraya düzüldü. Bu birlik və coşqu təsirsiz ötüşmədi. Müəyyən dairələr Azərbaycan cəmiyyətinin müqəddəs dəyərlərini gözdən salmaqla bütövlükdə toplumun dəyərsizlik görüntüsünü yaratmağa cəhdlər etdilər və indi də etməkdədirlər. Müşahidələr göstərir ki, Azərbaycan cəmiyyətinin milli dəyərlərinə, mənəvi-əxlaqi kodlarına, siyasi və ziyalı elitanın ən yüksək keyfiyyətlərinə və bütövlükdə türk xalqlarının milli-mənəvi kodlarına qarşı hiyləgər və yaramaz təxribatlar törədənlər hələ də mövcuddurlar.

Fəaliyyət üsulları

İndi iki istiqamətdən təsir etməyə çalışanlar vardır.

Birinci istiqamət xarici ölkələrdəki xüsusi informasiya-təxribat mərkəzlərinin istifadə etdikləri qrupların fəaliyyəti ilə bağlıdır. Onlar adətən Azərbaycan siyasi elitası haqqında müxtəlif süni görüntülər yaradır və onları həqiqət kimi təqdim etməyə çalışırlar.

İkincisi, Azərbaycanın daxilində müəyyən qruplar cəmiyyət və türk toplumları barədə əsassız və dezinformasiya xarakterli məlumatlar yayır, “təhlillər” aparır və “əsaslı proqnozlar” verirlər. Onlar son zamanlar daha çox Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa çalışırlar. Onu vurğulayaq ki, Türkiyənin özündə bu cür fəaliyyət daha geniş vüsət almışdır və getdikcə daha “dərin sosial-mənəvi qatlar”da işləməyə çalışırlar.

Üçüncüsü, Azərbaycana qarşı “posthibrid” informasiya təsirinin həmişə geosiyasi “rəngi” olur. Yəni Azərbaycanı ciddi geosiyasi fiqur hesab edirlər və buna qarşı təxribatlara əl atırlar.

İlkin nəticələr

Azərbaycan müasir mərhələdə “posthibrid informasiya müharibəsi”nin hədəflərindən biridir. Müxtəlif istiqamətlər və əhatəli şəkildə dövlət, ölkə və cəmiyyətə qarşı təxribat və dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu zaman, son illər süni intellektin imkanlarından yararlanırlar. Onlar fəaliyyətlərini ciddi işlənmiş siyasi kurslar, ideoloji doktrinalar və kibervasitələr ilə koordinasiya edirlər.

Nəticədə belə mənzərə yaranır ki, müəyyən dairələr Azərbaycana sistemli, asimmetrik və davamlı informasiya təsirləri göstərməkdədirlər. Azərbaycan daha da gücləndikcə və nüfuzu artdıqca, həmin dairələrin də şiddəti artır. Bunun səngiməsi ehtimalını çox aşağı qiymətləndiririk. Əksinə, Azərbaycan müstəqil dövlət kimi, TDT isə təşkilat olaraq daha da gücləndikcə, qarşı tərəfin yeni üsullara əl atacağı istisna deyildir.

Ayrıca, Azərbaycan orta güc kimi daha çox uğur qazanan, öz müsbət təsirini geniş geosiyasi məkana göstərən dövlət kimi qlobal miqyasda ziddiyyətli və mürəkkəb mübarizəyə dərindən cəlb olunur. Bunlara qarşı konkret strategiya çox lazımlıdır.

Eyni zamanda, TDT özünü yeni müstəqil geosiyasi güc kimi təsdiq etdiyi halda posthibrid təsirlərin yeni səviyyəyə yüksəlməyəcəyinə təminat yoxdur. Və bu məqamda siyasət, geosiyasət və informasiya savaşı daha ciddi şəkildə bir-biri ilə əlaqədə çıxış edəcəklər. Təbii ki, onun mədəniyyət, mənəviyyat və əxlaq sferalarına, adət-ənənələrə ciddi təhdidlər meydana gətirəcəyinə şübhə olmamalıdır.

Belə alınır ki, “posthibrid informasiya” ilə mübarizə dövlət üçün strateji əhəmiyyət kəsb edən məsələyə çevrilmişdir.

Bu, Qələbə strategiyası ola bilər! Onun əsas mahiyyətinin Azərbaycanın dövlət və ölkə kimi Qalibliyini cəmiyyətin Qalibliyinə proyeksiya etməklə sıx bağlı olması perspektivli olar! Liderin aparıcılığı və rəhbərliyi ilə dövlət-ölkə-cəmiyyət “üçlüyü”nün Qalib yaradıcı (kreativ) toplum formalaşdırmaq şansı çox artar!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət