44 günlük Vətən müharibəsi: hərb sənəti prizmasında

post-img

4. Şuşanın qayıdışı: heyrətləndirib qalib gəlmək sənəti

44 günlük Qarabağ müharibəsinin həlledici mərhələsi Şuşa şəhəri uğrunda gedən döyüşlər, düşmənin azərbaycanlıların tarixi şəhəri, mədəniyyət beşiyindən çıxarılması oldu. Şuşa şəhərinin işğaldan azad olunması bir çox cəhətdən əhəmiyyət kəsb edirdi. İlk öncə, Şuşanın azad olunması tarixi əhəmiyyətə malik idi. Azərbaycanlıların dədə-baba torpaqlarını azad etməsi tarixi ədalətin bərpasına xidmət edirdi. Şuşanın azad olunması Azərbaycanın mədəni həyatında misilsiz əhəmiyyət daşıyırdı. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olmuş, xüsusən, Azərbaycanın musiqi sənətinin beşiyi olmaqla, muğam ifaçılığının inkişafında əvəzsiz rola malik idi. Azərbaycanın milli-mənəvi dəyərlərindən olan islam dininin doğma torpaqlara qayıtması baxımından da, Şuşanın azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Strateji əhəmiyyətli qala olan Şuşa şəhərinin azad olunması Azərbaycanın hərbi qüdrətinin nümayişi, həmçinin Qarabağın müdafiəsi baxımından zəruri tələbat idi.  Azərbaycan xalqına məxsus təbiət incisi olan Şuşanın sahiblərinə qaytarılması təbiət qarşısında borc kimi qiymətləndirilməli idi.  Şuşa uğrunda döyüşlərdə qazanılan qələbənin insanların həsrətinə son qoyulması, şuşalıların Şuşaya qayıtmaq ümidlərinin reallaşması, doğma ocaqların azad olunması baxımından əhəmiyyəti sonsuz idi. Şuşa şəhərinin işğaldan azad olunması uğrunda döyüşlərdə qazanılan qələbə siyasi və beynəlxalq hüquqi əhəmiyyətə də malik idi. Onun siyasi əhəmiyyəti hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə doğru mühüm addım olmasında, beynəlxalq-hüquqi əhəmiyyəti isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün zəmin yaratmasında idi.  Şuşanın azad olunması işğal altında olan torpaqların dağıntılardan azad olunması, bu ərazilərə inkişaf və mədəniyyətin yenidən qayıtması baxımından da əhəmiyyət kəsb edirdi. 

Lakin Şuşanın yüksək qayalıqlar üzərində yerləşməsi onun qaytarılması uğrunda mübarizəni çətinləşdirir, şəhərin azad edilməsi üçün hərbi məharətin nümayişini tələb edirdi. Çin strateqi Sun Tzu yazırdı: “Düşmənə elə yerdən hücum et ki, oranı müdafiə etməkdə çaşqınlıq yarat, sən onların gözləmədikləri yeri vur”. “Əgər müdafiə olunmayan yerə hücum çəkirsənsə, hücumun uğurlu ola biləcəyinə əmin ola bilərsən”. Düşmənə uğurlu hücum üçün isə, ilk öncə, sərkərdəlik məharətinə yiyələnmək tələb olunurdu. 

Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı rayonlarının və Laçın dəhlizinin ətraf kəndləri azad olunduqdan sonra düşmən Azərbaycan Ordusunun növbəti hədəflərindən birinin Şuşa olacağını bilir və bu hücumu dəf etməyə hazırlaşmışdı. Şuşanın bir çox tərəfdən sıldırım qayalarla əhatə olunaraq təbii istehkama malik olması, Şuşa-Xankəndi yolunun ermənilərin istifadəsində qalması, Şuşa-Laçın yolundan Azərbaycan Ordusunun istifadəsinin qeyri-mümkünlüyü Ermənistan silahlı qüvvələrində Azərbaycan Ordusunun Şuşanı ələ keçirə biləcəyinə inamsızlıq yaratmışdı. Onlar Azərbaycan Silahlı qüvvələrinin meşələri keçib, dağları aşıb, qayaları dırmanıb yüngül silahlarla əlbəyaxa döyüşə girəcəyinə inanmır, Azərbaycan əsgərinin qələbə yürüşünün dronlar hesabına əldə etməsini düşünür, Şuşa uğrunda döyüşlərdə Azərbaycan əsgəri üzərində qələbə qazanacaqlarını güman edirdilər. Ermənistan tərəfi Azərbaycanın Şuşa sevdası ilə hücuma keçəcəyini bilsə də, hücumun nə vaxt və haradan başlanacağı ilə bağlı təsəvvürə malik deyildi.

Əsas zərbə istiqamətinin axtarılması və onun müəyyən edilməsi – qələbənin, sərkərdə məharətinin çox mühüm tərkib hissələrindən biridirsə, digər, əhəmiyyəti birincidən heç də az olmayan və səciyyəvi tərkib hissəsi – öz niyyətini gizli saxlamağı bacarmaq və zərbəni düşmənin gözləmədiyi vaxtda və yerdə endirməkdir. 

Hərb sənətinin, hərbi ustalığın zirvələrinə gedən yol uzun illərin gərgin, inadlı əmək yolu idi. Bu yol fiziki gücün, vərdişlərin, ağlın və iradənin daim məşq etdirilməsi, oxunmuş kitablar barəsində düşüncələr, yuxusuz gecələr, gecə-gündüz bilmədən səslənən həyəcan çağırışları, təlimlər, manevrlərdən, güllə vıyıltısı, mərmi partlayışı, barıt qoxusu, palçıqlı yollar, yanğın və tüstü dumanlarından keçib gedən yol idi. Lakin sərkərdənin istedadı sözün əsl mənasında müharibə sınağında – döyüşlərdə, yürüşlərdə, düşmənlə üz-üzə dayanıb keçirilən hərbi əməliyyatlarda bərkiyir və cilalanır. Bunlar komandir üçün ən yüksək məktəb və eyni zamanda onun hərbi bacarığı üçün ən ciddi imtahandır. Azərbaycan zabitləri son günlərin bütün  imtahanlarından keçmiş və sınaqlardan şərəflə çıxmışdılar.

Şuşa əməliyyatında ən önəmli məqam Azərbaycan əsgər və zabitinin düşmənin gözləmədiyi yerdən Şuşaya daxil olması, əsas zərbəni qəfildən endirməklə düşməni vahiməyə salması idi.

2021-ci ilin martın 15-də İlham Əliyev Hadrutun azad edilməsi bardə danışarkən Azərbaycan əsgərinin Şuşaya düşmənin onun gözləmədiyi istiqamətdən daxil olması barədə deyirdi: “Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.

Mahatma Qandi yazırdı: “Mən bir dərs almışam: insana mümkün olmayan kimi görünən –Tanrı üçün uşaq oyuncağıdır, əgər biz Allahın varlığına inanırıqsa, onda bizim üçün də qeyri-mümkün olan yoxdur”.

Ümumiyyətlə, hərb sənətində rəqibin gözləmədiyi yerdən hücumun təşkili, aşılması qeyri-mümkün hesab edilən mövqedən düşmənin yaxalanması, hücuma məruz qoyulması müvəffəqiyyətin əsası hesab edilir.  Sıldırım qayalardan dırmanıb Şuşaya daxil olan Azərbaycan əsgəri, bu planı onlarla bir yerdə həyata keçirən rəhbərləri ilə bərabər düşməni faciəli bir karıxma vəziyyətinə salmış, ölüm təhlükəsi qarşısında olan düşmən əliyalın, əlində süngü, bıçaq, yüngül silah olan Azərbaycan əsgərinin  gücü hesabına məğlub edilmişdi.

26 fevral 2021-ci ildə xarici ölkələrin media nümayəndələri üçün mətbuat konfransında İlham Əliyev Ukraynanın “İnter” telekanalının müxbirinin sualını cavablandırarkən qeyd etdi ki, “…biz onların bizi haradan gözlədiklərini və nə edəcəklərini təxminən bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağlına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər”.

Azərbaycan silahlı dəstələrinin şəhərə girişinin Daşaltı istiqamətində baş verəcəyi ilə bağlı düşmənin diqqəti məhz həmin istiqamətə yönəlmiş, digər hücum qüvvələri isə  meşələrdən uzun yol qət edərək sıldırım qayalıqlara yaxınlaşmış və qayalıqlara dırmanmaqla  şəhərə qalxmış, düşmənin gözləmədiyi yerdən hücum əməliyyatları həyata keçirilmişdi.

2021-ci ilin fevralın 14-də İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşanın alınması ilə bağlı strateji əməliyyat planından bəhs edərək qeyd etdi ki, “biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik... Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq... Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən – Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik”.

İlham Əliyev Şuşa əməliyyatlarında xüsusi təyinatlıların mühüm rolunu əbəs yerə qeyd etmirdi. Onlar məhz bu cür əməliyyatlar üçün hazırlanmışdı. Onların hazırlıqlarının xüsusiliyinin əsas tərkib hissəsini Şuşanın fəthi təşkil edirdi. Monqol hökmdarı Batı xanın ən sevimli sərkərdəsi Sabutay-Bahadurun dediyi kimi, düşmənə zərbə “qəfil, dəfolunmaz və düşmənin gözləmədiyi yerdən endirilməli idi”.

Meşələr, cığırlar, dağlarla uzun yol qət edib Suşanı müdafiə edən sıldırım qayaların dibinə çatmaq, qayalara dırmaşıb düşmənin dəf edə biləcəyinə inanmadığı yüksəkliklərə çıxmaq, gözlənilməyən yerdən düşmənlə əlbəyaxa döyüşə girib onlara zərbələr endirmək Azərbaycan əsgərinin qəhrəmanlıq nümayişi idi. Bu qəhrəmanlıqlar Azərbaycan əsgəri üçün artıq  bir qaydaya çevrilmişdi.

Azərbaycan əsgərinin qayalara dırmaşmaqla şəhərə daxil olması onun yüngül, əlbəyaxa döyüşlər üçün nəzərdə tutulan silahlarla silahlanmasını şərtləndirirdi.  Şuşa şəhərini azad etmək üçün əlbəyaxa döyüşlərdə qazanılan qələbə Azərbaycan əsgərinin daha bir məharətinin göstəricisi idi.

Sıldırım qayalarla dırmaşıb Şuşa şəhərinə daxil olan Azərbaycan əsgərinin geriyə yolu yox idi. Qarşıda erməni döyüşçüləri, arxada isə sıldırım qayalığın hündür uçurumu dururdu. Azərbaycan əsgərinin xilas olma yolu düşməni yüngül silahlarla əlbəyaxa döyüşdə məhv etmək idi və o, bunu bacardı.

Əlbəyaxa döyüşdə qarşı-qarşıya duran tərəflər bir-birini sıradan çıxarmaq və ya əsir götürmək üçün soyuq silah, əl atıcı silahları, qranat, silahsız güləş və digər vasitələrdən istifadə edirlər. 

Əlbəyaxa döyüşdə döyüşçü özünün fiziki, psixoloji, həyatın sosial təbiiliyi kimi  nəzərdən keçirilir. Əlbəyaxa döyüşün əsas postulatı insanın yaşamaq qabiliyyətidir. Döyüşçü qarşısında qoyulan vəzifənin yerinə yetirilməsi üçün həyat və sağlamlığını saxlamalıdır. Yaşamaq qabiliyyəti – neqativ qüvvələrin  müxtəlif təsirinə qarşı durmaq qabiliyyəti olmaqla orqanizm zədələnəndə özünün döyüş qabiliyyətini bərpa etməyi (tam və ya qismən) də nəzərdə tutur. Müasir şəraitdə əlbəyaxa döyüşə hazırlıq, həmçinin cəsurluq, qətiyyətlilik öz gücünə inamın tərbiyə olunmasını da əhatə edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 27-də Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar videoformatda qeyd etdi ki, “Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib”. 

Bu cür qəhrəmanlıq keyfiyyətləri əcdadların qanı ilə keçməklə yanaşı, təlimlərdə sınaqdan keçmiş və özünü doğrultmuşdu. Bu müqəddəs torpağa – Şuşaya qədəm qoyan hər bir əsgər və zabit damarlarında qanın  coşduğunu, cövlan etdiyini hiss edirdi. 

Qarabağı, Şuşanı öz Vətənini cani-dildən sevən və düşmənə dərindən nifrət bəsləyən Azərbaycan oğulları azad etdilər. Bu döyüşlərdə bütün azərbaycanlılar əlində silah olmasa da, özlərinin  yardımı, dəstəyi, mənəvi ruhu, arzuları, sevinci, göz yaşları, duaları ilə iştirak etdi. Hər kəs mənfur düşmənlə döyüşdə öz yerini tapırdı. 

Müharibədə şərait sərt ağır və rəhmsizdir. Şərait sərt, ağır, rəhmsiz olsa da, Şuşanı təcavüzkarlardan azad edənlər inadlı və qürurlu idilər. Onlar Şuşadan, onu əhatə edən uca dağlardan güc alırdılar. Onların  yüksək mənəvi ruhunu ağır döyüş şəraiti qıra bilmədi, əksinə Şuşa yolunu gözlədiyi oğulların yardımçısı, ruhlandırıcısı oldu. 

Düşmən Şuşada Azərbaycan əsgəri ilə qarşılaşanda vahiməyə düşdü, müqaviməti dayandırıb qaçmağa üz tutdu. Dədə-Qorqudun ciyərli övladları özlərini təsdiq edərək qəhrəmanlıq nümayiş etdirdilər.

Suvorov əsgərlərini gələcək döyüşlərə hazırlayarkən öyrədirdi ki, təhlükəni gözləmədən cəsarətlə onun üstünə getmək lazımdır. Əsasən soyuq silahlarla hücum əməliyyatları bu məqsədə xidmət edirdi. Suvorov  müharibədə əsgərlərin əlbəyaxa döyüşlərdə nümayiş etdirdikləri igidlik təəssüratlarını daim xatırlayırdı. 

Əlbəyaxa döyüşü Azərbaycan əsgərinin iradəsini, onun mətnliyini nümayiş etdirdi. Öz torpaqlarında vuruşmayan erməni əsgəri üçün bu hisslər yad olduğuna görə onlar əlbəyaxa döyüş üçün yararlı deyildilər.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko APA-nın Moskva müxbirinə müsahibəsində demişdi: “Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib. Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar. Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb. ...çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu. Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür”.

Fransanın “Le Monde” qəzeti Şuşanın azad olunması uğrunda aparılan döyüşlər haqqında yazırdı: “Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir. Şuşanın müdafiəçiləri paramparçadır, onlar hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıb. Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər.  Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər. Bir də döyüşə yenidən atılacaqları naməlumdur. ...yaralıların halı göstərir ki, əsasən qısa məsafəli üzbəüz döyüşlər gedir. Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb”.

Azərbaycan əsgərinin uzun məsafə qət edəndən sonra qayalara dırmanması, əlbəyaxa döyüşə girib düşmən üzərində qələbə çalması əlbəttə ki, qəfildən yaranan vəziyyət kimi dəyərləndirilə bilməz. Çox güman ki, Şuşanın relyefi nəzərə alınmaqla, bu plan  neçə illər əvvəl cızılmış, əsgərlər bunun üçün hazırlanmışdı. Erməni əsgərlərinin əlbəyaxa döyüşdən vahiməyə düşməsi, onların bu döyüşlərə hazır olmamasını təsdiq edirdi. Azərbaycan əsgərinin göstərdiyi igidlik erməni əsgərlərinin  bu əzəmət qarşısında acizliklərinin etirafı ilə nəticələndi. Çünki İkinci Qarabağ müharibəsində qəhrəmanlıq Azərbaycan əsgəri üçün davranış normasına çevrilmiş, Azərbaycan əsgəri üzərinə düşəndən də artığını yerinə yetirirdi.

İlham Əliyev 14 yanvar 2021-ci ildə Şuşaya səfəri zamanı deyirdi: “Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır…. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq”.

 

2021-ci il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının açılışında İlham Əliyev qeyd etdi ki, “44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir... Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”.

Şuşa məğlubiyyətindən sonra Ermənistanın durumunu təsvir etmək üçün qədim hərb sənətindən bir fikri qeyd etmək kifayətdir. Frenk Edkok məğlub ordunun durumu ilə əlaqədar yazırdı: “O, Sezarın Pompeyin Farsaldakı vəziyyətini xarakterizə etdiyi kimi idi: “Summae rei diffidens et tamen eventum exspectans” -  “Onun öz işinin müvəffəqiyyətinə  başqa heç bir ümidi yox idi və o, yalnız döyüşün sonunu  gözləyirdi”.

İlham Əliyev Azərbaycan Ordusunun qələbəsini Şuşanın azad olunması ilə əlaqələndirirdi. Şuşa döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət İkinci Qarabağ müharibəsinin həlledici amili idi. Böyük sərkərdələr özlərinin fəaliyyətində bütövlükdə qələbədə həlledici anı müəyyən edir və həmin döyüşlərin əhəmiyyətini heç vaxt unutmurlar. L.N.Tolstoy Napoleon üzərində qələbədə Borodino döyüşünün əhəmiyyəti haqqında Kutuzovun düşüncələrini bu cür təsvir edirdi: “belə bir təkandan  sonra fransız qoşunu hələ Moskvaya gedib çata bilərdi, lakin orada, bu qoşun rus qoşunları tərəfindən yeni bir səy göstərilmədən, Borodino ətrafında aldığı ölümcül  yaradan qanı axa-axa məhv olub getməli idi... Napoleon Fransasının süqutu bilavasitə Borodino vuruşmasının nəticəsi idi”.

Şusanın azad olunması hər bir azərbaycanlıda mənəvi ruhun saflığını, təmizliyini bərpa etdi, illər öncəsi düşmənin ona saldığı ləkələri təmizlədi, qəlbləri Şuşanın havası, suyu kimi büllur bir bulağa çevirdi. 

Vəfaddin İbayev,
Hüquq üzrə fəlsəfə doktoru

Siyasət