Dənizin dərinləşən ekoloji problemləri ən kəskin çağırışa çevrilib
Astanada yekunlaşan Regional Ekoloji Sammit (RES-2026) Xəzər dənizinin taleyi ilə bağlı kritik bir dövrün başlandığını göstərdi. Dəniz səviyyəsinin son onilliklərdə tarixi minimum həddə enməsi artıq sadəcə ekoloji narahatlıq deyil, regionun iqtisadi təhlükəsizliyini birbaşa təhdid edən geosiyasi faktora çevrilib. Bu çərçivədə sammitdə çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Xəzərin sürətlə dayazlaşmasını region üçün “ən kəskin çağırış” adlandıraraq, problemin həllində birgə regional fəaliyyətin qaçılmazlığını vurğulayıb.
Rəsmi Bakının mövqeyinə görə, dənizin ekosisteminə mənfi təsir göstərən qlobal amillərə qarşı fərdi mübarizə yetərsizdir və bu, sahilyanı dövlətlərin səylərinin mütləq şəkildə birləşdirilməsini tələb edir. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan, Rusiya və Türkmənistanla yaradılmış ikitərəfli işçi qrupları, faktiki olaraq, əməkdaşlığın ilk mühüm institusional modelidir. Həmin qrupların prioritet vəzifəsi dayazlaşma səbəblərini elmi əsaslarla tədqiq etmək və təxirəsalınmaz preventiv tədbirlər hazırlamaqdır.
Əli Əsədovun əməkdaşlıq çağırışları və Azərbaycanın atdığı konkret addımlar bir daha təsdiqləyir ki, Xəzərin ekoloji təhlükəsizliyi birbaşa dövlətlərarası inteqrasiyanın və kollektiv məsuliyyətin gücləndirilməsindən keçir. Belə bir sistemli yanaşma iqlim dəyişikliyinin fəsadlarını minimuma endirmək və regionun ekoloji gələcəyini qorumaq üçün yeganə təsirli yoldur.
Baş nazirin əməkdaşlıq çağırışları və Azərbaycanın bu istiqamətdə atdığı konkret addımlar göstərir ki, Xəzər dənizinin və bütövlükdə regionun ekoloji təhlükəsizliyi dövlətlərarası inteqrasiyanın və kollektiv məsuliyyətin gücləndirilməsindən keçir.
Lakin indiki şəraitdə tərəflər arasında dəqiq fəaliyyət planı yoxdur. Müzakirələrin uzunmüddətli monitorinq proqramları ilə əvəzlənməsi, faktiki olaraq, qərarların təxirə salır. Halbuki mövcud dinamika göstərir ki, zaman faktoru kritik həddə çatıb. Əgər səviyyənin enməsi eyni templə davam edərsə, yaxın onillikdə ekosistemdə geridönməz dəyişikliklər baş verəcək. Bu baxımdan bəzi iştirakçıların prosesi “təbii dalğalanma” kimi təqdim etməsi və passiv gözləmə mövqeyi tutması ciddi risk yaradır. Bu yanaşma məsuliyyəti azaltmağa xidmət etsə də, real vəziyyəti dəyişmir. Xüsusilə Volqa çayı ilə bağlı geosiyasi çətinliklər yaradır.
Qeyd edək ki, Xəzərin hidroloji sistemində Volqa çayının rolu həlledicidir. Dənizə daxil olan suyun böyük hissəsi məhz bu çay vasitəsilə təmin edilir. Bu fakt Rusiyanı problemin əsas iştirakçısına çevirir. Lakin Volqanın milli resurs kimi qəbul edilməsi və onun idarə olunmasının daxili məsələ kimi təqdim edilməsi çoxtərəfli razılaşmaların əldə olunmasını çətinləşdirir. Bu vəziyyət klassik “yuxarı axın – aşağı axın” qarşıdurmasını xatırladır. Yəni yuxarıda yerləşən ölkə suya nəzarət edir, aşağıda yerləşənlər isə nəticələrlə üzləşir. Belə şəraitdə qarşılıqlı etimad və kompromis olmadan effektiv idarəetmə mexanizmi qurmaq çətinləşir.
Tədbir iştirakçıları da Xəzərin səviyyəsinin stabilləşdirilməsi üçün ən effektiv həll yolunu Volqa üzərindəki su anbarlarından müəyyən həcmdə suyun mütəmadi olaraq dənizə qaytarılmasında görürlər. Lakin Moskva bu məsələnin müzakirəsindən yayınır. Hər dəfə də Volqanı yalnız öz daxili resursu kimi təqdim edərək problemi tez-tez siyasi müstəviyə daşıyır. Belə olan halda da daha təhlükəli bir ssenari istisna edilmir: su axını ilə bağlı hər hansı güzəşt müqabilində sanksiyalardan yayınma və ya digər siyasi dəstək kimi qəbulolunmaz tələblər irəli sürülə bilər. Bu yanaşma ekoloji böhranı geosiyasi təsir imkanlarının genişləndirilməsi alətinə çevirir ki, bu da tərəflər arasında etimadı zəiflədir və hamının uduzduğu ssenari yaradır. Çünki Xəzər dənizinin ekosistemi vahiddir və onun deqradasiyası milli sərhədlərlə məhdudlaşmır.
Eyni zamanda, dayazlaşmanın iqtisadi nəticələri də getdikcə daha aydın görünür. Limanların fəaliyyətinin məhdudlaşması beynəlxalq ticarət marşrutlarına təsir edir, xüsusilə Transxəzər nəqliyyat dəhlizinin inkişaf perspektivlərini zəiflədir. Enerji sektorunda logistika problemləri yaranır, sahilyanı infrastruktur əlavə investisiya tələb edir. Balıqçılıq sektorunun zəifləməsi isə həm iqtisadi, həm də sosial baxımdan ciddi nəticələr doğurur. Bu amillər region ölkələrinin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərir.
Humanitar aspekt isə bəlkə də ən az müzakirə olunan, lakin ən təhlükəli istiqamətdir. Dəniz dibindən qalxan duz və ağır metallarla zəngin toz kütlələrinin yayılması tənəffüs xəstəliklərinin artmasına, su keyfiyyətinin pisləşməsinə və ümumi həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu, təkcə sahilyanı ərazilərlə məhdudlaşmayacaq, daha geniş regionları əhatə edəcək. Beləliklə, problem ekoloji çərçivədən çıxaraq ictimai sağlamlıq və demoqrafik sabitlik məsələsinə çevrilir.
Şübhəsiz ki, Xəzər dənizi ətrafında formalaşan vəziyyət kollektiv məsuliyyətin bölüşdürülməsi ilə bağlı klassik böhran nümunəsidir. Bütün tərəflər riskləri anlayır, lakin qısamüddətli milli maraqlar uzunmüddətli regional sabitlikdən üstün tutulur.
Sammitdə də bu özünü aydın göstərdi. Bir daha aydın oldu ki, bu yanaşma dəyişmədiyi təqdirdə, mövcud tendensiyalar regionu Aral dənizində yaşanmış ekoloji fəlakətin daha genişmiqyaslı təkrarına aparır. Fərq yalnız ondadır ki, Xəzər məsələsi daha çox ölkəni və daha böyük iqtisadi sistemi əhatə edir. Bu isə potensial böhranın miqyasını və nəticələrinin ağırlığını qat-qat artırır.
Əslində, əsas sual artıq problemin mövcud olub-olmaması deyil, ona nə qədər tez və koordinasiyalı reaksiya veriləcəyidir. Vaxt amili həlledici olaraq qalır və gecikən hər qərar gələcəkdə daha ağır və bahalı nəticələr doğurur.
Beləliklə, Xəzərdəki ekoloji vəziyyət artıq sırf təbiət problemi deyil, sosial-iqtisadi və təhlükəsizlik ölçüsü olan kompleks böhran xarakteri alır.
***
Xəzər dənizi son illərdə təkcə ekoloji deyil, həm də geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından çoxqatlı təzyiqlərin kəsişdiyi mürəkkəb və getdikcə daha həssas bir sistemə çevrilib. Bir tərəfdən beynəlxalq hüquqi çərçivələrin gücləndirilməsi, transsərhəd ekoloji nəzarətin genişləndirilməsi və regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur, digər tərəfdən isə dənizin özündə baş verən fiziki, kimyəvi və bioloji deqradasiya prosesləri artıq geri dönüşü çətin olan sistem böhranına doğru sürətlənir. Su səviyyəsinin davamlı enməsi, sahil xətlərinin geri çəkilməsi, biomüxtəlifliyin sürətlə azalması və Xəzər suitisi kimi endemik növlərin kütləvi tələfi bu böhranın ən aydın və ən kritik göstəriciləridir.
Son illərdə xüsusilə Qazaxıstanın Manqistau vilayətində, Tupqaragan rayonu sahillərində qeydə alınan suitilərin kütləvi tələf halları vəziyyətin lokal deyil, artıq geniş regional miqyasda sistem xarakteri aldığını göstərir. Qısa müddətdə sahilə çıxan yüzlərlə, bəzi hallarda minlərlə ölü heyvanın aşkarlanması və onların böyük hissəsinin parçalanma mərhələsində olması bu hadisələrin ani ekoloji şok deyil, uzun müddət davam edən və yığılan proseslərin nəticəsi olduğunu göstərir. Bu isə tək bir səbəbin deyil, bir-biri ilə əlaqəli bir neçə ekoloji, kimyəvi və antropogen faktorun üst-üstə düşdüyünü ortaya qoyur.
Bu faktorların mərkəzində Xəzər dənizinin uzunmüddətli kimyəvi və sənaye yüklənməsi dayanır. Neft və qaz hasilatı, neftin nəqli, sənaye müəssisələrinin tullantıları, kənd təsərrüfatında istifadə olunan pestisidlər və ağır metallar dənizin bioloji dövranına daxil olaraq ekosistemin bütün səviyyələrində toplanma effekti yaradır. Xüsusilə qapalı su hövzəsi olması səbəbilə bu maddələrin çıxış yolu məhduddur və onlar onilliklər ərzində həm su qatında, həm də dib çöküntülərində yığılmağa davam edir. Xəzər suitisi kimi yırtıcı və qida zəncirinin yuxarı pilləsində yerləşən növlər bu toksinlərin ən yüksək konsentrasiyasına məruz qalır. Nəticədə, immun sistemin zəifləməsi, reproduktiv qabiliyyətin düşməsi, hormonal pozuntular və ümumi fizioloji deqradasiya müşahidə olunur.
Bu vəziyyət infeksion xəstəliklərin yayılması üçün də əlverişli şərait yaradır. Xüsusilə morbillivirus tipli epidemiyalar sıx populyasiya şəraitində daha sürətlə yayılır. Suitilərin sosial davranışı və qruplaşma strukturu bu xəstəliklərin ötürülmə riskini artırır. Beləliklə, kimyəvi çirklənmə ilə bioloji faktorlar bir-birini gücləndirən təhlükəli dövrə yaradır.
Onu da qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli enməsi yalnız su həcminin azalması deyil, həm də sahil ekosistemlərinin və buz örtüyünün struktur dəyişməsi deməkdir. Suitilər üçün kritik əhəmiyyət daşıyan buz sahələri artıq əvvəlki sabitliyini itirib, onların formalaşma dövrü qısalıb və coğrafi yayılma sahəsi daralıb. Bu dəyişikliklər heyvanların daha məhdud ərazilərdə toplanmasına səbəb olur ki, bu da həm qida resursları uğrunda rəqabəti artırır, həm də stres səviyyəsini yüksəldir. Eyni zamanda, xəstəliklərin ötürülmə sürəti də əhəmiyyətli dərəcədə artır.
Paralel olaraq geoloji və texnogen proseslər də ekosistemin sabitliyini zəiflədir. Dəniz dibində baş verən seysmik aktivlik, intensiv qazma işləri və mümkün metan sızmaları suyun oksigen balansını pozur. Bu isə bəzi sahələrdə hipoksiya, yəni oksigensiz “ölü zonalar”ın yaranmasına gətirib çıxarır. Belə zonalarda dəniz orqanizmlərinin yaşaması mümkün olmur və bu sahələr ekoloji boşluqlara çevrilir. Xüsusilə sənaye fəaliyyətinin intensiv olduğu akvatoriyalarda bu risk daha yüksək qiymətləndirilir. Yaxın illərdə ölkəmizin sahil ərazilərində balıqların oksigensizlikdə ölümü baş vermişdir. Suitilərin, quşların ölüm hadisələri də adiləşib. Məsələn, Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınmışdı. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.
Son dövrlərdə bu mürəkkəb ekoloji fon üzərinə yeni bir risk də əlavə olunub: regional hərbi gərginliklər. İranda baş verən hərbi münaqişə fonunda ekspertlər narahatlıq ifadə edirlər ki, hərbi eskalasiya onsuz da uzun illərdir zəifləyən Xəzər dənizinin vəziyyətini daha da ağırlaşdıra bilər. Hərbi fəaliyyətlərin dəniz və sahil zonalarına yaxınlaşması, infrastruktur zədələnməsi və mümkün texnogen qəzalar neft və kimyəvi maddələrin sızma ehtimalını artırır. Bu isə həm suyun geniş miqyasda çirklənməsi, həm də dəniz ekosistemlərinin sürətli deqradasiyası ilə nəticələnə bilər.
Ekoloq Qorxmaz İbrahimlinin qeyd etdiyi kimi, belə ssenarilər yalnız biomüxtəlifliyə deyil, həm də balıqçılıq sektoruna və ümumilikdə sahilyanı əhalinin iqtisadi rifahına ciddi təsir göstərir. Çirklənmənin artması qida zəncirinə birbaşa təsir etdiyindən, insan sağlamlığı üçün dolayı risklər də yaranır. Beləliklə, Xəzərdəki ekoloji vəziyyət artıq sırf təbiət problemi deyil, sosial-iqtisadi və təhlükəsizlik ölçüsü olan kompleks böhran xarakteri alır.
Ümumilikdə, Xəzər dənizində müşahidə olunan bütün bu proseslər (ekoloji deqradasiya, sənaye və məişət çirklənməsi, iqlim dəyişiklikləri, geoloji aktivlik və yeni hərbi risk faktorları) bir-biri ilə qarşılıqlı təsir içində olan kompleks bir böhran sistemi formalaşdırır. Qapalı dəniz sistemi olduğu üçün bu təsirlər yalnız lokal deyil, bütün sahilyanı ölkələrə ortaq şəkildə yayılır.
Sonda onu da qeyd edək ki, sammitdə moderatorluq edən Mahir Əliyev deyib ki, əsrin ortalarına qədər dəniz səviyyəsinin 8 ilə 21 metr arasında düşə biləcəyi ilə bağlı bəzi proqnozlar var. Mahir Əliyev əlavə edib ki, Xəzər dənizinin dayazlaşması probleminin həlli bir tərəfin qısamüddətli səyləri əvəzinə, su hövzəsinə çıxışı olan beş ölkənin hamısının uzunmüddətli iştirakını tələb edir.
Bu səbəbdən Xəzərin gələcəyi artıq təkcə ekoloji idarəetmə məsələsi deyil, həm də regional təhlükəsizlik, iqtisadi sabitlik və beynəlxalq əməkdaşlıq məsələsinə çevrilib. Əgər mövcud tendensiyalar davam edərsə, nəticə yalnız biomüxtəlifliyin itirilməsi ilə məhdudlaşmayacaq, həm də regionun ekoloji tarazlığında, iqtisadi sistemində və sosial strukturunda uzunmüddətli və geri dönməsi çətin olan dəyişikliklərə səbəb olacaq.
Pünhan ƏFƏNDİYEV
XQ



