Trampın təhdidləri, NATO-da qeyri-müəyyənlik

post-img

Bu məsələlərdə Türkiyənin mövqeyi və rolu

ABŞ və İsrailin fevralın 28-də İrana hava zərbələri endirməsindən sonra başlanan münaqişə uzandıqca Vaşinqtonla NATO müttəfiqləri arasındakı fikir ayrılıqları və ziddiyyət dərinləşməkdə davam edir. Qərbin media səhifələrində bu mövzu müxtəlif rakurslardan şərh edilir. Məsələn, “Reuters” agentliyi xəbər verir ki, Vaşinqton İrana qarşı əməliyyatı dəstəkləməyən müttəfiq ölkələrini “cəzalandırmaq” üçün müxtəlif yollar nəzərdən keçirir. “Defense24” yazır ki, Tramp administrasiyası “yaxşı” və “itaət göstərməyən” müttəfiqlərin siyahılarını tərtib edib. “The New York Times” qəzeti isə daha irəli gedərək yazır ki, Avropa İttifaqı NATO olmadan hərbi əməkdaşlıq mexanizmlərini fəal şəkildə müzakirə edir. “Od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Qələmə alınan bu fikirlərin hər birinin öz kökü var.

Ümumiyyətlə, münaqişə başlayandan bir müddət sonra Vaşinqton NATO-dakı müttəfiqlərinin əksəriyyətinin ona dəstək verməməsi bir yana, hətta bəzilərinin öz ölkələrində yerləşən ABŞ hərbi bazalarından İrana qarşı istifadə etməyə belə qadağa qoydu. Təbii ki, bu, bütövlükdə, ABŞ siyasi isteblişmentini də olmasa, bilavasitə Ağ Evin hazırkı sahibi Prezident Donald Trampı hiddətləndirməyə bilməzdi. Məhz bu səbəbdən İrana qarşı hərbi əməliyyatlara başlamaqla bağlı NATO ölkələrinin heç biri ilə məsləhətləşməyə və hətta onlara məlumat verməyə belə ehtiyac görməyən Prezident Tramp vaxtaşırı olaraq bir-birinin ardınca NATO ölkələrinə qarşı kəskin hədələyici və ritorik açıqlamalarla çıxış etməyə başladı. Hətta hərbi əməliyyatların müvəqqəti dayandırılmasından sonra belə Ağ evin sahibi “CNBC” televiziyasına verdiyi müsahibədə bəyan edib ki, “bizə onlar lazım deyil (NATO - red.). Və bizə heç vaxt onlar lazım olmayacaq. Əksinə, onların bizə ehtiyacı olacaq”.

Daha əvvəl də Tramp “Fox Business”ə verdiyi müsahibədə bildirmişdi ki, ABŞ artıq İrana qarşı əməliyyatda Vaşinqtona köməkdən imtina edən müttəfiqlərin heç biri ilə eyni münasibətlərə malik olmayacaq.

Trampın hiddətinə səbəb olan ölkələr ilk günlər belə bəyanatalara ciddi reaksiya verməsələr də, siyasi dairələrdən müxtəlif fikirlər səslənməyə başladı. Belə ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Avropanı Amerika təhlükəsizlik arxitekturasından və Amerika silah təchizatından kənarda müstəqillik axtarmağa çağırıb.

Qərb mediasının müxtəlif etibarlı mənbələrdən əldə etdikləri məlumatlardan aydın olur ki, ABŞ-dan gələn hiddətli bəyanatlar söz olaraq havaya deyilmir. Məsələn, “Reuters” agentliyi xəbər verir ki, Vaşinqton ABŞ və İsrailin “Epik qəzəb” əməliyyatını dəstəkləməyən NATO üzvlərini “cəzalandırmaq” üçün variantları araşdırır. İnformasiyanı söyləyən mənbəyə görə, Pentaqonun daxili elektron poçtunda “çətin” ölkələrin ittifaqdakı vacib və ya nüfuzlu vəzifələrdən çıxarılmasının mümkünlüyü qeyd olunur.

Agentliyin mənbəyinə görə, Pentaqonun daxili elektron poçtunda “çətin” ölkələrin ittifaqdakı vacib və ya nüfuzlu mövqelərdən çıxarılmasının mümkünlüyü qeyd olunur. Hətta ABŞ Hərbi Nazirliyinin İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmağı nəzərdən keçirdiyi də iddia edilir.

“Reuters”in yaydığı məqalədə deyilir: “Elektron məktubda qeyd edilir ki, İspaniyanın ittifaqdakı üzvlüyünün dayandırılması ABŞ hərbi əməliyyatlarına çox məhdud təsir göstərəcək, lakin onun simvolik əhəmiyyəti çox ciddi olacaq”. Doğrudur, Prezident, Donald Tramp dəfələrlə ABŞ-ın NATO-dan çıxma ehtimalı barədə danışsa da, agentliyin məlumatına görə, Pentaqonun elektron məktubunda Ağ Evin bu seçimindən bəhs edilmir.

Buna baxmayaraq, alyansın Avropa ölkələrindəki analitikinin sözlərinə görə, ABŞ-ın müttəfiqlərə bu şəkildə təzyiqi yalnız NATO-nun parçalanmasını sürətləndirə bilər. Əslində, belə bir tendensiya son günlər özünü ən müxtəlif müstəvilərdə göstərməyə başlayıb. Bu tendensiyanı şərh edən “The New York Times” qəzeti bu arada yaydığı məlumatlarda açıqlayırdı ki, Aİ liderləri “Prezident Trampın NATO ittifaqına davamlı sadiqliyinə getdikcə daha çox şübhə ilə yanaşırlar” və buna görə də ABŞ-ın iştirakı olmadan “kollektiv müdafiə” ehtimalını ciddi şəkildə araşdırırlar. Qəzet bildirir ki, bu vəziyyət Avropa liderlərini, NATO-nun mövcudluğu səbəbindən uzun müddət “lazımsız” hesab edilən Aİ Lissabon müqaviləsinin 42.7-ci maddəsinə diqqət çəkməyə məcbur edib. Bu maddə Aİ üzv dövlətlərini, bu ölkələrə təcavüz olarsa bir-birinə hərbi, humanitar və maliyyə yardımı göstərməyə məsul edir.

“The New York Times” açıqlamasında göstərir ki, Avropa liderləri müqavilənin bu müddəasını aprelin 23-də Kiprdə müzakirə ediblər və gələn ay, yəni mayda 42.7-ci maddənin mümkün tətbiqi ilə bağlı təlimlər keçirməyi planlaşdırırlar.

Bu ziddiyyətlər nə qədər dərinləşsə də, Vaşinqton ona xəyanət edən Avropadan qisas almaq iddiasını ortaya qoyub, bu ölkələrdəki hərbi bazalarını bağlamaq həddinə qədər irəli getməyib. “Financial Times” qəzetinin analitiki Gideon Rəhman yazır: “Atlantik okeanının hər iki tərəfi hələ də bədbəxt bir evliliyin bağları ilə bağlı olduqlarını yaxşı başa düşür. Rəsmi boşanma ciddi bir məsələdir və hələlik heç bir tərəf buna hazır deyil”.

Həqiqət ondan ibarətdir ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğu zəifləyir, lakin şiddətli qarşılıqlı ittihamlara baxmayaraq, tərəflərdən heç biri bu bədbəxt evliliklərinə son qoymağa tələsmir.

Alyansın tarixinə ötəri bir nəzər salaq: ABŞ Hərbi Hava Qüvvələri 1948-ci ildə Böyük Britaniyadakı Leykenhit Hərbi Hava Qüvvələri Bazasında yerləşdi. 1950-ci illərin əvvəllərində Almaniyadakı Ramşteyn Hərbi Hava Bazası yaradıldı. Bu gün Avropada ABŞ-ın təxminən 85 min əsgərinin yerləşdiyi qırxdan çox hərbi bazası var. Amma anlamaq lazım gəlir ki, heç nə əbədi deyil. Mənim düşüncəmə görə, Avropadakı Amerika hərbi mövcudluğuna da son qoyula bilər. Vaxtını dəqiq deyə bilməsəm də, bu mütləq baş verəcək.

Bu gün Alyansa ölkələri arasında ən qıcıqlandırıcı amil İrandakı müharibədir. Avropanın kömək etmək istəməməsi, xüsusən də İrandakı hərbi missiyalar üçün Avropa bazalarının istifadəsinə açıq qadağa, əlbəttə, Donald Trampı qəzəbləndirdi. O, avropalıları “qorxaq”, NATO-nu isə “kağız pələng” adlandırmaqda nə qədər haqlıdır? Bunu demək çətindir. Trampa görə Alyans ölkələri, Vaşinqton haqlı oldu-olmadı onun tərəfində durmalı və müharibəyə girməlidir. Əslində, bu düşüncə o anlama gətirir ki, Alyansa üz olan ölkələr bu məsələdə müstəqilliklərini qurban veriblər və itaətsizlik etmədən tərəf tutmalıdırlar. Məhz buna əsasən ABŞ-ın dövlət katibi Marko Rubio açıq şəkildə sual verir: Amerika Avropadakı bazaları lazım olan vaxtda belə istifadə edə bilmirsə, niyə onlara əhəmiyyət verir.

Tramp administrasiyasının İranla müharibədən sonra artıq Avropa müttəfiqləri üçün cəza planları qurması da bu səbəbdən ortaya çıxır. İspaniyanın NATO-dan çıxarılması və Folklend adaları üzərində Britaniya suverenliyindən imtina, Qrenlandiyanın zəbt ediləcəyi də daxil olmaqla müxtəlif fikirlər irəli sürülür.

Lakin görünür, Tramp administrasiyası bu məyusluğun qarşılıqlı olduğunu tam şəkildə anlamır. Avropa siyasətçiləri ABŞ-ın NATO müttəfiqləri ilə məsləhətləşmədən belə düşünülməmiş və qanunsuz müharibəyə başladığından acı-acı şikayətlənirlər. Avropada gedən proseslər təkcə bu regionun siyasi isteblişmentini deyil, bütövlükdə, avropalıların ABŞ liderliyinə inamı da kəskin şəkildə aşağı düşüb. Bu, həm də Amerika baş komandanının özünün avtoportretini İsa peyğəmbər simasında sosial şəbəkədə yerləşdirməsi və bütün bir sivilizasiyanı məhv etməklə hədələməsi ilə başadüşüləndir.

“Politico” jurnalının aprelin əvvəlində keçirdiyi sorğusu göstərir ki, İspaniya, İtaliya, Fransa və Almaniyada getdikcə daha çox respondent ABŞ-ı “yaxın müttəfiq” deyil, ölkəyə təhdid kimi görür. İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-ın xarici siyasətini qətiyyətlə və sərt şəkildə pisləyərək siyasi mövqeyini ortaya qoyub. Hətta ABŞ-a sadiq Polşa və Almaniya liderləri belə Vaşinqtonun liderliyini açıq şəkildə sorğulamaqdadırlar.

Etiraf edək ki, ABŞ-ın Avropadakı mövcudluğu İkinci Dünya müharibəsindən bəri, norveçli tarixçi və Norveç Nobel İnstitutunun direktoru Geyr Lundestadın təbirincə desək, “dəvətli imperiya” olub. Avropalılar isə getdikcə bu dəvəti ləğv etməyə meyillidirlər.

Bir çox siyasətçilər və analitiklər amerikalılarla vidalaşmağın Avropa üçün böyük risklər daşıdığını əsaslandırmağa çalışırlar. Məsələn, Polşanın baş naziri Donald Tusk Moskvanın bir neçə aya NATO ərazisinə hücum edə biləcəyi barədə xəbərdarlıq edib. Berlin və Londondakı siyasətçilər tərəfindən də oxşar xəbərdarlıqlar edilir, lakin onlar bunun aylar deyil, illər ərzində baş verə biləcəyi ilə çıxış edirlər.

Buna baxmayaraq, Tusk onu da qeyd edir ki, getdikcə daha çox Avropa lideri Trampın rəhbərliyi altında ABŞ-ın NATO-nun qarşılıqlı müdafiə bəndinə əməl edəcəyinə şübhə edir. Baş nazir bu mülahizəsində haqlı görünür. Belə ki, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Der Spiegel” jurnalına verdiyi müsahibədə bildirib ki, İranla müharibədən sonra Qərbin ABŞ-a etibar edə bilməsi ehtimalı azdır. Keçmiş baş diplomatın sözlərinə görə, ABŞ artıq əvvəlki təhlükəsizlik qarantı olmayacaq və NATO-nun hazırkı formasında taleyi sual altındadır.

Bəs nə etməli?

Yoşka Fişer bu sualın cavabını belə verir: “Hesab edirəm ki, NATO-nun Avropa formatında mövcudluğunun davam etməsi məsləhətdir”. Doğrudur, o bunun çətin olacağını da etiraf edir və deyir: “Bunu həyata keçirmək çətin olacaq. Vaxt azalır. Ən sadə həll yolu Putin tərəfindən təhdid edilən ölkələrin koalisiyasına güvənmək olardı”.

Fişerin məhz Prezident Putini təhdid obyekti kimi görməsinə əsas verən, əksər Qərb media vasitələri kimi, Rusiya prezidentinin Qərb təxribatlarına verdiyi cavablardır. Diplomat bu koalisiyanı həm də milli gücdən istifadə kimi görür və bildirir: “Almaniya və Fransa bu baxımdan Avropada əvəzolunmazdır. Gələcəkdə biz sadəcə ABŞ-a güvənə bilməyəcəyik. NATO-nun mövcud olmağa davam edəcəyinə şübhə edirəm.

Dörd və ya səkkiz ildən sonra başqa bir Trampın olmayacağına kim zəmanət verə bilər? Etibar itirilib və nə qədər istəsək də, başqa bir namizəd seçməklə bərpa edilə bilməz. NATO-nun sabitliyi bu etibara əsaslanırdı”.

Almaniyanın keçmiş baş diplomatı deyir: “Əgər Tramp Avropanı nüvə çətirindən məhrum etsə, bu, bir ehtimaldır, bu müzakirə qaçılmaz olacaq. Fransa və Böyük Britaniya ilə birlikdə Avropa alternativi yaratmağa çalışmağa dəyər. Əlbəttə ki, bunlar olduqca çətin dəyişikliklər olardı”.

Bu və bir çox başqa siyasətçilərin fikirləri göstərir ki, Avropa liderləri qitənin özünü müdafiə etmək şanslarına daha nikbin yanaşırlar. Lakin Avropanın hazırda istənilən münaqişədə həlledici rol oynayacaq ABŞ-ın hərbi imkanlarına güvəndiyi geniş şəkildə qəbul edilir. Bunlara hava hücumundan müdafiə vasitələri, kəşfiyyat resursları və qoşunları cəbhə xəttinə tez bir zamanda daşımaq üçün lazım olan ağır nəqliyyat təyyarələri daxildir. Bu boşluqların aradan qaldırılması uzun illər çəkəcək. NATO komandanlıq strukturunun özü də ABŞ liderliyi ətrafında qurulub.

Avropanın bəzi siyasi liderləri təkcə ABŞ yox, ondan sonra NATO-da xüsusi güc sahibi olan Türkiyə Respublikasını da alyansdan kənarda qoymaq, hətta onun qitə üçün təhdid olduğu fikirləri ilə medianın diqqətini çəkirlər. Məsələn, “Daily Sabah” qəzetinin şərhçisi Engin Savçın yazır ki, “Brüssel Türkiyəni Rusiya və Çinlə yanaşı, Avropa üçün əsas təhdidlərdən biri adlandırıb. Bu, Bosfor boğazının hər iki tərəfində şok dalğaları yaradıb: AB uzun müddətdir tərəfdaş və üzvlüyə namizəd olan şəxsə qarşı yumruq qaldırır.

Bu qıcıqlandırıcı fikir ilk olaraq Hamburqdan gəlib. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Avropa Birliyinin “Rusiya, Türkiyə və ya Çinin təsirindən azad olaraq Avropa qitəsinin tamamlanmasını təmin etməli” olduğunu bildirməsi diqqəti çəkib. Bu formul təkcə Ankaranın etirazlarına səbəb olduğu üçün deyil, həm də Türkiyənin düşdüyü vəziyyətə görə heyrət doğurub. Rusiya Ukraynada müharibə aparan hərbi düşməndir. Çin dərin iqtisadi təsirə malik sistemli rəqibdir. Türkiyə isə əksinə, NATO müttəfiqi, AB üzvlüyünə namizəd, əsas ticarət tərəfdaşı, Qara dəniz bölgəsində, Şərqi Aralıq dənizində əsas oyunçu və Avropa müdafiə müzakirələrinin iştirakçısıdır.

Çox keçmir ki, məsələyə cavab kimi ikinci siqnal gəlir. Avropa Komissiyası sədrinin çıxışından dərhal sonra NATO-nun baş katibi Mark Rütte Ankaraya gəlir. O, Türkiyənin müdafiə şirkəti “Aselsan”ın texnologiya mərkəzini ziyarət edir və Türkiyənin alyansın müdafiə sənayesinin gələcəyinin formalaşmasında getdikcə daha vacib rol oynadığını vurğulayır. Əgər Hamburqda institusional Avropanın narahatlığı nəzərə çarpırdısa, Ankara əksinə, funksional Avropa məntiqini nümayiş etdirdi. Bir halda Türkiyə nəzarət tələb edən təsir amili, digər halda isə inteqrasiyaya tabe olan bir resurs kimi çıxış etdi. Məhz bu ziddiyyət baş verənlərin mahiyyətini əks etdirir. Brüssel Türkiyə ilə münasibətləri köhnəlmiş terminlərlə təsvir etməyə davam edir. Eyni zamanda, NATO və getdikcə daha çox Avropa ölkələrinin paytaxtları coğrafiya, sənaye potensialı, hərbi güc və təhlükəsizlik mülahizələrini vurğulayan daha praqmatik bir dil keçirlər.

Brüssel ilə Ankara arasında həqiqətən ciddi fərqlər var və heç bir məzmunlu təhlil onları görməzdən gələ bilməz. Lakin hər şeyi yalnız bu ziddiyyətlərlə qiymətləndirmək, daha geniş strateji mənzərəni görməməzlikdən gəlmək demək olardı.

Ursula fon der Lyayenin açıqlamalarına reaksiya yalnız Avropa düşüncələrindəki dərin qeyri-müəyyənliyi ortaya qoyur: Türkiyə hələ də üzvlüyə namizəddirmi, tərəfdaşdırmı, problemli oyunçudurmu, yoxsa Avropanın hər halda işgüzar münasibət qurmalı olduğu müstəqil bir gücdürmü?

Oxşar mənzərə digər bölgələrdə də özünü göstərir, lakin onları şişirtmək lazım deyil. İspaniyanın “Navantia” şirkəti Türkiyənin “TCG Anadolu” gəmisi ilə tərəfdaşlığını qoruyub saxlayır və genişləndirir, İtaliyanın “Leonardo” və Türkiyənin “Baykar” şirkətləri isə Avropanın pilotsuz uçuş sistemləri bazarını hədəf alan birgə müəssisənin bir hissəsi olaraq pilotsuz uçuş aparatları (PUA) üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu, Avropa paytaxtlarının, Aİ ilə daha geniş münasibətlərin siyasi cəhətdən dondurulmuş qalmasına baxmayaraq, maraqlarının üst-üstə düşdüyü sahələrdə Türkiyə ilə əməkdaşlıq etmək üçün imkanlar tapdığını göstərir.

Bir sözlə, Ankaranın məqsədi strateji əhəmiyyətini davamlı təsirə çevirməkdir. Türkiyə əhəmiyyətli müdafiə qabiliyyətinə, əlverişli coğrafi mövqeyə və NATO üzvü olaraq böyük çəkiyə və statusu malikdir ki, bu da ona geniş imkanlar verir. Lakin uzunmüddətli tərəfdaşlıqların qurulması proqnozlaşdırma, etibar və davamlılıq tələb edir. Türkiyənin Avropa işlərində iştirakı nə qədər sabit, başadüşülən və etibarlı olarsa, Avropa paytaxtları üçün onu ikinci dərəcəli oyunçu kimi görmək bir o qədər çətin olacaq.

Beləliklə, sonda bu nəticəyə gəlmək olar ki, həm ABŞ, həm də Avropa üçün rəsmi boşanma çox ciddi bir addım olaraq qalır. Lakin hər iki tərəf unudulmayan və ya geri götürülməsi mümkün olmayan sözlər deyib və işlər görüb. İttifaqda, nikahda olduğu kimi, bu da təhlükəlidir.

Hazırladı:
İlqar RÜSTƏMOV,
XQ-nin analitiki

Dünya