Özgəsinə quyu qazanın yolunda bir dərin quyu var. Bir gün özünün o dərin quyuya düşəcəyi şəksizdir. Başqasının haqqına girmək yaxşı iş deyil. İman və fəzilət sahibi olanlar başqasının haqqını tapdalamaz. Şərə, şeytana qulluq edənlərin aqibətini çox görmüşük. Rəbbimiz belələrinin cəzasını sonda verir.
O, Günəşli kəndinə gəlin gələndən tək bir ailənin deyil, bütöv bir nəslin yığvalına dərd düşdü. O dərdi hamıdan çox Qönçəgül nənə çəkirdi. Yaşı səksəni ötmüş, kirpiyi ilə od götürmüş Qönçəgül nənənin qonşuluğundakı “Qırmızı yaylıqlı ləçər” kimi tanınan gəlinlə yanaşı yaşadığı illərdə hansı məşəqqətlərlə üzləşdiyini bütün kənd bilirdi.
Ləçər qırmızı rənglə çox ərmağan idi. Qış, yaz, yay, payız – ilin bütün fəsillərində, hətta yasda da qırmızı geyinirdi. Elə sifəti də donu kimi qırmızı idi. Hamı o “Qırmızı yaylıqlı ləçər”dən uzaq durmağa çalışırdı.
... Onlar ayrı-ayrı əməl sahibləri idi. Doğrudan da:
Kimi gəlir, bu dünyaya
Öz odundan nur verməyə.
Kimi gəlir, bu dünyada
Olanlara daş atmağa.
Kimi gəlir, bu dünyada
Yaratmağa, yaşatmağa.
Qönçəgül nənənin övladları, nəvələri hər dəfə şəhərdən kəndə gələndə onu nə qədər dilə tuturdular, minnət edirdilər, yalvarırdılarsa, xeyri olmurdu. Deyirdilər gəl, səni öz yanımıza aparaq, bizimlə qal. Səni başımızın üstündə saxlayarıq. Qonşun pisdir, köç qurtar. Amma Qönçəgül nənə öz yurdundan köçsəydi, yer yerindən oynayardı. Deyirdi mənə yeddi oğul bəxş edən, ötən hərbdə “qara kağız”ı gələn bir igidin dam-daş qurduğu bu evdən onun ətrini alıram. Bu evdə, bu ocaqda onun ruhu dolaşır. O ruhu incitmək olmaz. Nə bu evdən, bu yurddan köçüb gedərəm, nə də atıb gedərəm. Məni bu cənnətməkan yurddan yalnız ölüm ayıra bilər.
Qurani-Kərimdə və digər səmavi kitablarda qeyd olunur ki, qiyamət günündə hər kəs əməlinə görə qiymətləndiriləcəkdir. Qönçəgül nənə El anası adını almış xanım-xatın, nur-ipək qadın idi. Bu ad onun nurlu çöhrəsinə yenicə açılan qönçə gül kimi yaraşırdı.
Qönçələr açılanda quşlar uzaqlardan uçub gəlirdi. Günəşli kəndində də qızlar, gəlinlər Qönçəgül nənənin işığına yığışırdı. Qızları görəndə sevinc göz yaşlarını saxlaya bilmirdi. Onun nurlu siması, sözü-söhbəti, öyüd nəsihəti gəlinlərin, qızların ömür yoluna nur çiləyirdi.
Qönçəgül nənəyə pənah gətirənlər, sanki, nurlu bir çırağın işığına yığışırdılar. O qədər cana yaxın, insana yaxın, şirindil nənə idi ki...
Neynəməli, Qönçəgül nənə indi həyatda yoxdur. Qara torpağın altında daim nur içində uyuyur. Sağlığında onu özünə həmdəm bilənlər indi onun ruhunu həmdəm bilirlər.
Ləyaqətli analar tərbiyəli övladlar böyüdür. Əlindən həzar edilən qadının xasiyyətinə və əməllərinə görə isə hamı nifrət edir. “Qırmızı yaylıqlı ləçər” əvvəl öz ərinin axırına çıxdı, sonra da məhbəs həyatı yaşayan iki oğlunun. Bayquş kimi yurdda ulaya-ulaya qaldı.
Qönçəgül nənə ağıllı, mərhəmətli yeddi oğul tərbiyə edib böyütmüşdü. Onlar analarını çox sevirdi. El-obada hamı onların xətrini istəyirdi. Yıxılanın qolundan qaldırar, imkansızlara imkanlarından pay verər, heç kimi incitməz, insanlarla mehriban rəftar edərdilər. Hətta paxıl qonşuya da dolayısı ilə əl tutardılar. Yenə də pis qonşu pisliyindən, Qönçəgül nənə və övladları isə yaxşılığından qalmırdı.
Ömrün-günün, həyatın ahəngi mehriban rəftarda gözəl olur. Qönçəgül nənənin oğlanları evləndilər, ailə qurdular, hərəsi bir yana pərvazlandı. Tək kiçik oğlu Qönçəgül nənənin yanında qalmışdı. O da ali təhsil almaq üçün kənddən-şəhərə köçdü. Bir bölük külfətin qəhrini çəkən ixtiyar ana həyətdəki ixtiyar ağacların kölgəsinə sığınıb qaldı.
Elə hey gözləri yol çəkirdi... Hələ də cəbhədən qara kağızı gələn ərinin yolunu gözləyirdi.
Qönçəgül nənə nur topası kimi, qaranlığın üstünə işıqla gedən ağbirçək idi. O, insanın həmişə yaxşı cəhətlərini görmək istəyirdi. Deyirdi ki, gərək qonşuluq münasibətində düşmənçilik yeli əsməsin. Düşmənçilik yeli pis olur, dağıdıcı olur. Bir gün də o düşmənçilik yeli “Qırmızı yaylıqlı ləçər”in öz evini yıxdı.
İndi də Günəşli kəndində deyirlər ki, Qönçəgül nənə heç vaxt günah etmədi. Əksinə, bədnam qonşu o yurda gəlin köçəndə xalça-palaz toxuyub ona cehizlik kimi hədiyyə verdi.
Doğrudan da hər ağızda bir dua var. Bir müdrik, yaşlı bir qadından soruşub ki, qarğışların hansı ən dəhşətlidir? Yaşlı qadının cavabı belə olub: “Dağılsın o ev ki, orada məsləhət verəcək bir qoca olmasın. Uçulsun o ev ki, orada məsləhəti yerinə yetirəcək bir cavan olmasın”.
Dünyagörmüş Qönçəgül nənə qohumluq və qonşuluq arasında mehriban rəftarı qoruyub saxlayırdı. O, mehriban qonşuluğa yabançı olan heç nəyə rəvac verməzdi. Yaxşı bilirdi ki, qohumu, qonşunu saya salmayan, hamı ilə pis rəftar edənin pisliyi özünə qalır.
Nəvə, nəticə ilə əhatə olunmuş müdrik Qönçəgül nənə öz şəxsi ləyaqətini daim qoruyub saxlayırdı. Xeyirdə, şərdə gərəkli olduğunu hiss edirdi. Bu, onun öz ovqatına da müsbət təsir göstərirdi.
Allahın verdiyi ömrü mənalı yaşamaq üçün gərək insanlıqdan uzaq düşməyəsən. Ruhunda mehribanlıq işığı olan insanların həyatında xoşbəxt anlar daha çox olur. Bir eldə hər kəsə ana olan Qönçəgül nənə sevə-sevə, sevilə-sevilə yaşadı. Bu dünyadan bəxtəvərlərin bəxtəvəri kimi köçdü.
...Qönçəgül nənənin nəvələri hər il yaydan-yaya o evə gəlir. Yenə o evdə həyat ətri, insan nəfəsi duyulur, körpə gülüşü eşidilir. O, bu gün həyatda olmasa da, həyətindən yenə gül ətri gəlir, yenə qönçələr açılır.
Həzi HƏSƏNLİ,
şair-publisist

