Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Azərbaycana, ümumilikdə, 58,8 milyon ABŞ dolları ayırıb. Bu barədə məlumat bankın illik hesabatında yer alıb.
Sənəddə qeyd olunub ki, maliyyələşdirmənin əsas hissəsi adi kredit resurslarının payına düşüb və bu məbləğ 48,2 milyon dollar təşkil edib. Bunun 47 milyon dolları dövlət kreditləri şəklində, 1,2 milyon dolları isə Ticarətin və Təchizat Zəncirlərinin Maliyyələşdirilməsi Proqramı və Mikromaliyyələşdirmə Proqramı çərçivəsində ayrılıb. Hesabat dövründə Asiya İnkişaf Fondunun xətti üzrə isə ölkəmiz üçün vəsait ayrılması qeydə alınmayıb.
Bundan əlavə, AİB texniki yardım üzrə 2,9 milyon dollar təqdim edib. Həmin məbləğə texniki yardım üzrə xüsusi fondların və digər xüsusi təsisatların resursları daxildir. Əlavə dəstək texniki yardım və məsləhət xidmətləri mexanizmləri, eləcə də digər birgə maliyyələşdirmə alətləri vasitəsilə göstərilib və onların ümumi həcmi 7,7 milyon dollar təşkil edib.
“Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi ona regional nəqliyyat habı olmaq üçün böyük potensial verir, lakin köhnəlmiş dəmir yolu infrastrukturu bu potensialın tam gerçəkləşdirməsini məhdudlaşdırır. 2025-ci ildə AİB “Azərbaycan Dəmir Yolları”nın modernləşdirilməsi üçün 47 milyon dollar kredit ayırıb ki, bu da ölkənin iki əsas regional ticarət dəhlizi üzrə mövqelərini gücləndirəcək. Layihə yük axınlarının idarə olunması, aktivlərin idarə edilməsi, investisiya planlaşdırılması, müştəri informasiya sistemləri və korporativ idarəetmə daxil olmaqla əsas proseslərin rəqəmsallaşdırılmasını, həmçinin kadrların ixtisasının artırılması üçün müvafiq texniki yardımı nəzərdə tutur”, – deyə bankın hesabatında bildirilib.
XQ

