ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və hazırda telefonla aparıldığını bildirib.
Məlumatı “Anadolu” verib.
Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Tramp iki tərəf arasında əlaqələrin davam etdiyini qeyd edib: “Artıq sənədi görmək üçün 18 saat uçmuruq. Telefonla danışıqlar aparırıq”.
ABŞ lideri mümkün razılaşmanın İranın nüvə silahına sahib olmaq istəyindən tamamilə imtina etməsindən asılı olduğunu təkrarlayıb.
ABŞ və İran arasında 8 apreldə əldə edilən atəşkəs razılaşmasından sonra Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verməyib. Nəticədə 13 apreldə Donald Tramp Hörmüz boğazında İrana qarşı “dəniz blokadası” tətbiq edib.
Bu proses zamanı ABŞ Oman dənizində və Hind okeanında bir neçə İran ticarət gəmisinə hücum edərək onları ələ keçirib. Buna cavab olaraq İran Hörmüz boğazı yaxınlığında İsraillə əlaqəli gəmilər də daxil olmaqla bir neçə gəmini ələ keçirib.
P.ƏMİRCANOV
XQ

