Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə görkəmli yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə “Ədibin evi”ndə ədəbi-bədii tədbir təşkil olunub.
Mərasimin rəsmi hissəsini açıq elan edən Akademiyanın sosial və iqtisadi məsələlər üzrə prorektoru, rektor köməkçisi Gülnarə Əhmədova akademik Arif Paşayevin salamlarını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfail Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi irsinin milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, görkəmli ədibin yaradıcılığı yalnız keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün mühüm mənəvi istiqamətverici rol oynayır.
Məclisdə yazıçının tələbələrindən biri, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə müəllimi ilə bağlı xatirələrini bölüşərək onun yüksək insani keyfiyyətlərindən bəhs edib.
Bədii hissədə tələbələr tərəfindən ədibin şah əsəri olan “Bir gəncin manifesti”, “Yad adam” hekayəsi əsasında hazırlanmış səhnəcik təqdim olunub, həmçinin “Qaf ucalığı” və “Bizim Mir Cəlal müəllim” adlı şeirlər səsləndirilib. Musiqi nömrələri və ədəbi kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Eyni zamanda, Mir Cəlal Paşayevin “Dirilən adam” əsərinin müasir interpretasiyası əsasında hazırlanmış televiziya layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Televiziyasının təşəbbüsü ilə həyata keçirilən layihə milli ədəbiyyatın təbliğinə xidmət edir.
Daha sonra Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək qeyd edib ki, Mir Cəlal Paşayevin irsinin qorunması və təbliği “Ədibin evi” üçün yalnız vəzifə deyil, həm də mənəvi missiyadır.
Sonda Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tanınmış elm və ədəbiyyat xadimləri, ziyalılar, tələbələr və ədəbiyyatsevərlərin iştirak etdiyi mərasimdə fərqlənən tələbələrə “Ədibin evi”nin simvolik hədiyyələri təqdim olunub.
Məclis Əməkdar artist Lalə Məmmədovanın ifası ilə başa çatıb.
Qabil YUSİFOĞLU
XQ





