Sahibkarlıq güclü iqtisadiyyatın aparıcı qüvvəsidir

post-img

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda görüş keçirilib. Məclisdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Ramiz İsayev məclisdə nitq söyləyiblər. Çıxışlarda ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolu xüsusi vurğulanıb.

İlk olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib: “Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb”.

Bununla yanaşı, nazir iqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadi siyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsində özəl sektorun rolunun da böyük olduğunu vurğuladı: “Azərbaycanın inkişafında vicdanla işləyən sahibkarlara təşəkkür edirik. Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və orta biznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafı üçün müxtəlif mexanizmlərlə dəstək göstərir. Sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlı inkişafının təmin edilməsi üçün bu mexanizmlər daha da genişlənəcək”.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev öz nitqində Azərbaycanda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparıldığını bildirdi: “Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma genişlənir, eyni zamanda, qanunvericilik bazası təkmilləşdirilir. Əmək müqavilələrinin 97 faizi artıq elektron qaydada rəsmiləşdirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində “Dost müfəttiş” layihəsi həyata keçirilir və bu layihə çərçivəsində müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq cərimə tətbiq edilmədən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilir. Son illərdə əmək qanunvericiliyində geniş dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklik olunub, ümumilikdə isə normativ-hüquqi aktlara 500-ə yaxın düzəliş edilib”.

Digər tərəfdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı maraqlı məlumatları diqqətə çatdırıb. Sədr bildirib ki, iştirak üçün 175 ölkəni təmsil edən 23 min 350 nəfər qeydiyyatdan keçib: “Bu proses getdikcə daha da intensivləşir. Çox sevindirici haldır ki, onların 13,3 faizi sahibkarlıq subyektlərini təmsil edir və bu da Dünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir. Bu, eyni zamanda, iqtisadi artımın stimullaşdırılması, məşğulluğun artırılması və innovasiyanın inkişafı üçün mühüm mexanizmdir. Bu prosesdə sahibkarlar əsas hərəkətverici qüvvə kimi çıxış edirlər. Əminəm ki, dövlət və özəl sektorun səmərəli əməkdaşlığı nəticəsində Azərbaycan şəhərləri regionun ən müasir, dayanıqlı və rəqabətqabiliyyətli yaşayış mərkəzlərinə çevriləcək”. Həmçinin qeyd olunub ki, kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor əməkdaşlığının davamlı olaraq genişlənir.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov nitqində agentliyin son 6 ildə KOB subyektlərinin sayının 74 faiz artaraq 424 mini keçdiyini bildirdi. Onun sözlərinə görə, bu dövrdə KOB-ların yaratdığı əlavə dəyərin məbləği 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb, sektorun məşğulluq göstəricisi isə 47 faiz artım nümayiş etdirib: “Özəl sektorun inkişafı, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə, 70 minə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən yararlanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan Elektron KOB evi portalından da artıq istifadə etmək mümkündür”.

Sonda Prezident İlham Əliyevə iştirakçılar adından müraciət qəbul olunub. Görüş bədii hissə ilə başa çatıb.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat