Uzunmüddətli blokada bölgədə qarşıdurmanın ömrünü uzadacaq
Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq media gündəmi hərbi eskalasiya ilə diplomatik manevrlər arasında formalaşan mürəkkəb geosiyasi mənzərəni önə çıxarır. Həm Vaşinqton daxilində hüquqi-siyasi mübahisələrin dərinləşdiyi, həm də regionda yeni təzyiq və çəkindirmə mexanizmlərinin müzakirə olunduğu görünür. Eyni zamanda, İsrail-Livan xəttində təhlükəsizlik riskləri, Hörmüz boğazı ətrafında enerji və logistika narahatlıqları, habelə iqtisadi blokada ssenarilərinin gündəmə gəlməsi böhranın miqyasını genişləndirir.
“Reuters”: Ağ Evin xahişi ilə Amerika kəşfiyyatı ABŞ-ın İranla müharibəyə son qoymaq barədə mümkün birtərəfli bəyanatının nəticələrini qiymətləndirir. Kəşfiyyat agentlikləri Prezident Donald Trampın birtərəfli şəkildə qələbə elan etməsi halında İranın necə reaksiya verəcəyini təhlil edir. Məqsəd Trampın bəzi rəsmilərin və məsləhətçilərin bu ilin sonlarında keçiriləcək ara seçkilərdə respublikaçıların əhəmiyyətli dərəcədə məğlubiyyətinə səbəb ola biləcəyindən qorxduğu münaqişədən potensial geri çəkilmənin nəticələrini anlamaqdır. ABŞ-da ara seçkilər noyabr ayına planlaşdırılıb və bir çox müşahidəçi hazırda hakim Respublikaçılar Partiyasının məğlubiyyətini proqnozlaşdırır.
“The Washington Post”: Donald Tramp Tehranın nüvə sazişi ilə bağlı razılığa gəlməyi bacarmadığını yenidən bəyan edib. Tramp “Truth Social” platformasında dərc etdiyi paylaşımda İranın özünü ələ ala və “qeyri-nüvə sazişini necə imzalayacağını bilmədiyini” yazaraq ölkə hakimiyyətini “ən qısa zamanda ağıllanmağa” çağırıb. Paylaşımda Trampın hərbi əməliyyatlar fonunda təsvir olunduğu və üzərində “No more Mr. Nice Guy!” (yaxşı oğlan olmaq dövrü bitdi) yazısı olan fotoşəkil yer alıb.
“Al Arabiya”: “ABŞ tərəflər arasında razılaşma əldə edilsə belə, İsrailin Livan ərazisinə zərbələri dayandırmasına zəmanət verməyə hazır deyil. Mümkün razılaşma Livan ərazisinin dərinliyinə zərbələrin dayandırılması ilə bağlı ABŞ-ın zəmanətlərini nəzərdə tutmur”. Bununla yanaşı, telekanal iddia edir ki, İsrail Livan ərazisində təhlükə hesab etdiyi hədəflərə qarşı özünümüdafiə hüququnu özündə saxlamaq niyyətindədir.
“The Wall Street Journal”: Donald Tramp İrana qarşı uzunmüddətli blokada planının hazırlanmasını əmr edib. ABŞ lideri bu yaxınlarda Tehrana iqtisadi təzyiqin daha da artırılması ideyasını dəstəkləyib. Buraya neft tankerləri də daxil olmaqla, İran gəmilərinin ölkə limanlarından çıxışını məhdudlaşdıra biləcək tədbirlər daxildir. İddia edilir ki, Vaşinqton blokadanı İrana zərbələrin bərpası və ya ABŞ-nin münaqişədən tamamilə çıxması ilə müqayisədə daha az riskli bir seçim kimi görür.
“Nikkei”: Yaponiya hakimiyyəti Hörmüz boğazından keçən “İdemitsu Maru” tankerinə görə Tehrana pul ödəməyib. Gəminin keçidi hakimiyyət orqanları ilə Tehran arasında aparılan danışıqlar nəticəsində mümkün olub: “Bu, Yaponiya hökuməti tərəfindən aparılan danışıqların nəticəsidir. Biz tankerin keçidi üçün heç bir ödəniş etməmişik”.
“Hizbullah”: “Döyüşçülər Livanın cənubunda İsrailə məxsus “Hermes 900” pilotsuz uçuş aparatını vurub. Hərəkat bununla bağlı “Telegram”da bəyanat yayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Qantara bölgəsi üzərindən uçarkən yer-hava raketi ilə vurulub”. “Hizbullah”, həmçinin iddia edib ki, əvvəllər də eyni ərazidə İsrailin “Merkava” tankına hücum edilib.
“Tasnim”: Rəsmi Tehran İran neftini daşıyan iki kommersiya gəmisini ələ keçirdikdən sonra ABŞ-ı təcavüzkarlıqda və dövlət piratçılığında ittiham edib. Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilir. Tehranın məlumatına görə, ABŞ tərəfi təxminən 3,8 milyon barel İran nefti daşıyan “Majestic” və “Tifani” gəmilərini ələ keçirib. Məktubda qeyd olunur ki, ABŞ-ın hərəkətləri beynəlxalq dənizçilik qanunlarını pozur, naviqasiya təhlükəsizliyini təhdid edir və regionda gərginliyi artırır.
“Daily Mail”: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniya Kralı III Çarlz İranın nüvə silahı əldə etməsinin yolverilməzliyi ilə bağlı Vaşinqtonun mövqeyini bölüşür. Tramp bunu Ağ Evdə Britaniya monarxı və kraliçasının şərəfinə təşkil edilən şam yeməyi zamanı söyləyib. Onun sözlərinə görə, ABŞ hazırda Yaxın Şərq üzərində işləyir və iddia etdiyi kimi, uğur qazanır: “Biz bu düşmənin nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyik. Karl bu məsələdə məndən daha çox razıdır”. Lakin Kral III Çarlz cavabında İran və ya Yaxın Şərqdəki müharibədən danışmayıb. Agentlik qeyd edir ki, Britaniya monarxı Böyük Britaniya hökuməti adından danışmır. Trampın açıqlamasına şərh vermək istənildikdə, Vaşinqtondakı Britaniya səfirliyi agentliyi Bukinqem Sarayına yönləndirib.
“Politico”: ABŞ-da demokrat qanunvericilər Prezident Donald Trampın 1 maydan sonra Konqresin açıq təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsi halında, ona qarşı hüquqi iddia qaldırılması imkanlarını nəzərdən keçirirlər. Müzakirələrin mərkəzində Tramp administrasiyasının hərbi səlahiyyətlərdən Konqresin nəzarəti xaricində istifadə edib-etmədiyi məsələsi dayanır. 1973-cü ildə qəbul olunmuş Müharibə Səlahiyyətləri Qətnaməsinə görə, ABŞ prezidenti xarici əməliyyatlara qoşun cəlb edildikdən sonra 48 saat ərzində Konqresi məlumatlandırmalıdır. Həmin sənəd qanunvericilərin razılığı olmadan silahlı qüvvələrin 60 günədək istifadə olunmasına icazə verir, zərurət yarandıqda isə bu müddət əlavə 30 gün uzadıla bilər. Sonuncu əlavə müddət yalnız qoşunların münaqişə zonasından təhlükəsiz çıxarılması məqsədilə tətbiq olunur. Donald Tramp 2 mart tarixində Konqresi İrana qarşı hərbi əməliyyatların başlanması barədə rəsmi qaydada məlumatlandırdığından, mövcud hüquqi çərçivəyə əsasən Ağ Evin əməliyyatı 1 maya qədər ayrıca qanunvericilik təsdiqi olmadan davam etdirmək imkanı mövcuddur. Məhz bu tarixdən sonrakı dövr Vaşinqtonda hüquqi və siyasi mübahisələrin əsas predmetinə çevrilir.
Hazırladı:
N.BEYDİYEVA
XQ

