Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı qlobal iqtisadi sistemdə köklü dəyişiklərlə diqqət çəkir. Bu dəyişiklərin ən çox hiss olunduğu sahələrdən biri isə əmək bazarıdır. Çünki müasir dövrdə artıq müasir texnologiya təkcə istehsal proseslərini deyil, həm də insan əməyinin strukturunu, iş münasibətlərini və peşə seçimlərini yenidən formalaşdırır. Bu, bir tərəfdən məhsuldarlığın artmasına, xərclərin azalmasına və innovasiyaların genişlənməsinə səbəb olsa da, digər tərəfdən iş yerlərinin azalması, sosial bərabərsizliyin daha çox nəzərə çarpması və əmək bazarında struktur dəyişikliyinin müşahidə olunması kimi ciddi narahatlıqlar yaradır.
İnsan – süni intellekt əməkdaşlığı
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin sözlərinə görə, süni intellektin əmək bazarına təsiri özünü, ilk növbədə, təkrarlanan və standartlaşdırılmış fəaliyyət sahələrində göstərir. Bu, iqtisadi nəzəriyyədə “rutin əməyin avtomatlaşdırılması” kimi tanınır. Hazırda kassir xidmətləri, məlumatların emalı, sadə mühasibat və ofis əməliyyatları kimi sahələrdə süni intellekt sistemlərinin tətbiqi getdikcə genişlənir. Bu prosesin yaxın gələcəkdə daha mürəkkəb və yüksək ixtisas tələb edən sahələrdə də müşahidə olunacağı gözlənilir. Beləliklə, əmək bazarında ənənəvi peşələrin bir hissəsi sıradan çıxmaqla bərabər, yeni peşə kateqoriyaları da formalaşır.
Süni intellektin inkişafı ilə formalaşan rəqəmsal əmək bazarı ənənəvi əmək bazarından əsaslı şəkildə fərqlənir. Artıq hər bir şəxs coğrafi məhdudiyyət olmadan qlobal miqyasda fəaliyyət göstərmək imkanına malikdir. Bu isə əmək bazarında rəqabəti artırmaqla yanaşı, yeni iş şəraiti də yaradır. Xüsusilə dil texnologiyalarının inkişafı bu sahədə mühüm rol oynayır. Belə ki, avtomatlaşdırılan tərcümə sistemləri dil maneələrini minimuma endirərək müxtəlif ölkələrdən olan mütəxəssislərlə əməkdaşlığı asanlaşdırır. Bu isə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün qlobal əmək bazarına inteqrasiya baxımından yeni perspektivlər açır.
Bu sistemin köklü şəkildə dəyişilərək daha yeni, təkmil bir formaya düşməsi prosesi ölkəmiz üçün olduqca mühüm önəm daşıyır. Milli Məclisdəki çıxışında Ombudsman Səbinə Əliyevanın süni intellekt texnologiyalarının tətbiqi nəticəsində potensial işdənçıxarmalar haqqında fikirləri də bu baxımdan diqqət çəkir. O, dövlətin bu dəyişiklərə indidən hazır olmasının zəruriliyini bildirir, eyni zamanda, işini itirmək narahatlığı ilə üzləşən vətəndaşların hüquqlarının qorunmasının gerçəkləşdirilməsini prioritet istiqamət kimi önə çəkir. Bu çağırış isə sosial müdafiə mexanizmlərinin gücləndirilməsini və yeni məşğulluq proqramlarının hazırlanmasını tələb edir.
Bu yanaşma bir daha göstərir ki, məsələ artıq yalnız texnoloji deyil, həm də sosial və hüquqi xarakter daşıyır. Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılması da bunun parlaq ifadəsidir. Bu baxımdan yarandığı vaxtdan indiyədək uğurlu fəaliyyəti ilə fərqlənən və beynəlxalq aləmdə böyük nüfuzu ilə seçilən “ASAN xidmət” modeli dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində uğurlu təcrübə kimi diqqət çəkir. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, əmək bazarının transformasiyası üzrə ayrıca strategiya hazırlanmalı, süni intellektin təsiri ilə bağlı risk xəritəsi tərtib olunmalı, nəhayət, dövlət – özəl sektor əməkdaşlığı gücləndirilməlidir.
İnformasiya texnologiyaları mütəxəssisi Qabil Əsədov süni intellektin ilk təsir göstərəcəyi sahələr sırasında çağrı mərkəzləri və müştəri dəstək xidmətləri, məlumatların daxil edilməsi və texniki mühasibat əməliyyatları, eləcə də standart hüquqi sənədlərin hazırlanması kimi istiqamətlərin yer alacağını vurğulayır. O, eyni zamanda, sadalanan bu sahələri birləşdirən əsas cəhətin yüksək dərəcədə təkrarlanan və strukturlaşdırılan fəaliyyət tipləri olduğuna görə, onları süni intellektin daha asan əvəz edə biləcəyini bildirir.
Qabil Əsədov xatırladır ki, Dünya İqtisadi Forumunun (DİF) apardığı araşdırmalar da süni intellektin əmək bazarına təsirinin miqyasını aydın şəkildə göstərir. Bununla bağlı DİF-in hazırladığı hesabatda sözügedən sistemin tətbiqi nəticəsində hazırda aşağı ixtisas tələb edən iş elanlarının, təxminən, 35 faiz azaldığı, sadə və rutin əməliyyatların sürətlə avtomatlaşdırıldığı, eyni zamanda, yeni məzunlar üçün iş tapmağın çətin olduğu, eləcə də şirkətlərin kadr hazırlığında problemlərlə üzləşdiyi vurğulanır.
Bütün bunlar əmək bazarında struktur dəyişikliklərinin artıq baş verdiyindən və bu prosesin sürətlə davam etdiyindən xəbər verir. Mövcud reallıq isə əmək bazarında nəzərəçarpan dəyişikliklərə uyğunlaşmanın əsas yolunun təhsil sisteminin modernləşdirilməsindən keçdiyini göstərir. Lakin bununla belə, artıq ənənəvi təhsil modelləri əmək bazarının tələblərinə tam cavab vermir. Ona görə də yeni dövrdə süni intellekt və proqramlaşdırma bilikləri, rəqəmsal savadlılıq, analitik – tənqidi düşüncə, problem həlletmə bacarıqları, eləcə də yaradıcılıq və innovativ yanaşma kimi prioritet istiqamətlərin gerçəkləşdirilmə zəruriliyi daha çox diqqət çəkir. Bu istiqamətlər üzrə bacarıqların formalaşdırılması insan kapitalının keyfiyyətini artırmaqla yanaşı, ölkənin rəqabət qabiliyyətini də gücləndirir.
Sosial və hüquqi tənzimləmə
Süni intellektin əmək bazarına təsiri həm iqtisadi, həm də sosial və hüquqi cəhətdən qiymətləndirilməlidir. Bu baxımdan işçilərin yenidən hazırlıq proqramlarına cəlb edilməsi, şirkətlər üçün sosial məsuliyyət tələblərinin artırılması, əmək hüquqlarının qorunması, bir sözlə, işsizlikdən sığorta və sosial müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı yeni qanunvericilik mexanizmlərinin yaradılması istiqamətində layihələrin gerçəkləşdirilməsi xüsusi önəm daşıyır.
İnformasiya texnologiyaları üzrə ekspert Kamran Hüseynov bu sahədə texnologiyanın tətbiqinin qarşısının alınmasının mümkünsüzlüyünü vurğulayır və əsas məsələnin bu dəyişiklikləri düzgün idarə etmək və insanları yeni reallıqlara uyğunlaşdırmaq olduğunu bildirir. Onun sözlərinə görə, müasir dövrdə insan və süni intellekt arasında rəqabətdən daha çox əməkdaşlıq modeli formalaşır. Süni intellekt insan əməyini tam əvəz etməkdən çox, onu tamamlayan və gücləndirən vasitə kimi çıxış edir.
Məsələn, analitik proseslərdə süni intellekt məlumatların emalını gerçəkləşdirir, insan isə qərar qəbulunu reallaşdırır, tibb sistemində diaqnostikaya kömək edir, həkim isə müalicə strategiyasını müəyyənləşdirir. Süni intellekt media sahəsində məlumat toplayır, jurnalist isə analitik məzmun yaradır. Bu yanaşma gələcəyin əmək bazarında ən uğurlu modelin “insan + texnologiya” sintezindən ibarət olacağını deməyə əsas verir.
Bütün qeyd edilənlər süni intellektin əmək bazarında inqilabi dəyişikliklər yaratdığını və bu prosesin artıq geridönməz xarakter daşıdığını sübuta yetirir. Qarşıdakı dövrdə isə əsas məsələ texnologiyanın inkişafını məhdudlaşdırmaq deyil, onu düzgün istiqamətləndirməkdən ibarətdir.
Yuxarıda diqqətə çatdırılan fikri konkretləşdirib demək olar ki, Azərbaycan üçün təhsil sisteminin modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, insan kapitalına investisiyaların artırılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi prioritet istiqamətlər olmalıdır. Buna görə də süni intellekt nəinki risk, həm də böyük imkanlar mənbəyidir. Bu imkanlardan səmərəli yararlanan ölkələrin qlobal rəqabətdə üstün mövqe qazanacağı, uyğunlaşa bilməyənlərin isə geri qalmaq narahatlığı ilə üzləşəcəyi heç bir şübhə doğurmur. Əsas çağırış isə dəyişikliklərə hazır olmaq və bu transformasiyanın nəticəsi kimi özünü qabarıq büruzə verən insan amilini ön planda saxlayaraq idarə etməkdir.
Texnoloji inqilabın yeni mərhələsi
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı qlobal iqtisadiyyatın strukturunu əsaslı şəkildə dəyişdirir. Bu dəyişikliklərin mərkəzində isə əmək bazarı dayanır. Artıq dünya ölkələri təkcə iqtisadi artım tempini deyil, həm də iş yerlərinin gələcəyini müzakirə edir. İndiyədək gəlinən nəticə isə budur ki, süni intellekt məhsuldarlığı artırır, xərcləri azaldır və qərar qəbuletmə prosesinin səmərəliyini yüksəldir. Lakin bu inkişaf, eyni zamanda, ənənəvi iş yerlərinin azalması və yeni sosial narahatlıqların yaranması ilə müşayiət olunur.
Dünya ölkələri bu transformasiyaya müxtəlif formalarda cavab verir. Məsələn, Almaniya nəzəri biliklərin təhsil müəssisəsində, gerçəkləşdirilən təcrübənin isə real iş yerində eyni vaxtda öyrədildiyi inteqrasiya olunmuş modelə əsaslanaraq mütəxəssis hazırlığını daim gücləndirir. Sinqapur ömürboyu təhsili maliyyələşdirir, ABŞ isə texnologiya şirkətləri vasitəsilə kadrların yenidən hazırlığını həyata keçirir. Bu modellərin ortaq xüsusiyyəti insan kapitalına davamlı investisiya yatırımıdır.
Bütün bu modelləri ümumiləşdirib demək olar ki, problemin əsas həll istiqamətləri yenidən hazırlıq proqramlarının genişləndirilməsi, rəqəmsal bacarıqların artırılması, təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması və şirkətlərin sosial məsuliyyətinin artırılması, nəhayət, iş yerlərini insanları dəyişən əmək bazarına uyğunlaşdırmaqdır.
Ekspertlər bildirirlər ki, yeni əmək modeli rəqabətə yox, süni intellektlə insanlar arasında sıx əməkdaşlığa əsaslanır. Müasir mərhələdə insan və süni intellekt arasında münasibətlər dəyişir. Hazırda bu münasibət rəqabətlə bağlı deyil, əməkdaşlıq üzərində qurulur. Beləliklə, süni intellekt məlumatları analiz edir, insan müəyyənləşdirilən qərarları gerçəkləşdirir, texnologiya sürəti artırır, fərd isə yaradıcılığı reallaşdırır. Bir sözlə, bu model gələcəyin iqtisadiyyatının əsasını şərtləndirir.
Beləliklə, əgər dövlət siyasəti, təhsil sistemi və əmək bazarı koordinasiyalı şəkildə, yəni qarşıya qoyulan məqsədə çatmaq üçün bir-biri ilə uyğunlaşdırılan, planlı və əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən prinsip əsasında fəaliyyət göstərərsə, bu transformasiya iqtisadi inkişaf üçün böyük imkanlara çevrilə, əks halda isə, sosial risklər və işsizlik problemləri dərinləşə bilər. Nəticədə, gələcəyin qalibləri texnologiyanı deyil, insan kapitalını inkişaf etdirən ölkələr olur.
Elvin ABBASOV,
informasiya texnologiyaları mütəxəssisi
Son illərdə süni intellektin sürətli inkişafı əmək bazarında dəyişiklərə səbəb olub. Dünyanın bir çox ölkəsi artıq müxtəlif peşələrin avtomatlaşdırılması və bəzi iş yerlərinin texnoloji həllərlə əvəz edilməsini müzakirə edir. Bu proses məhsuldarlığın artımını təşviq etməklə yanaşı, müəyyən sektorlarda çalışanlar üçün iş yerlərinin itirilməsi narahatlığını da artırır.
Neyron şəbəkələrinin geniş istifadəsi ilə bağlı ilk işdən çıxarmalar, çox güman ki, təkrarlanan tapşırıqları olan sektorlara təsir edəcək. Bu gün rəsmi dairələrdə səsləndirilən fikirlər də süni intellektin əmək bazarına təsirinin hüquqi və sosial baxımdan qiymətləndirilməsini tələb edir.
İlk işdənçıxarmaların adi, təkrarlanan iş və böyük həcmdə məlumatların emalı ilə bağlı sektorlara təsir göstərəcəyi gözlənilir. Xüsusilə bu, müştəri dəstək xidmətlərinə (çağrı mərkəzləri), məlumatların daxil edilməsi operatorlarına, texniki mühasibat funksiyalarına və standart hüquqi sənədlərin hazırlanmasına aiddir.
Beynəlxalq şirkətlərlə sıx qarşılıqlı əlaqə və əməkdaşlıq ölkəmiz üçün yeni texnoloji imkanlar açır. Lakin bu keçid dövründə vətəndaşların əmək hüquqlarının qorunması üçün yeni tənzimləyici mexanizmlərin hazırlanması zəruridir. İşdən çıxarmaların qarşısının alınması üçün əsas strategiya isə işçilərin yenidən hazırlıq proqramlarına cəlb edilməsidir.
Süni intellekt tətbiq edən şirkətlərdən işçilərini işdən çıxarmazdan əvvəl onlara təlim və yeni rəqəmsal bacarıqlar vermələrini tələb edən qanunvericilik çərçivəsi yarada bilərik. Məsələn, əvvəllər texniki hesabatlar hazırlayan bir işçi süni intellekt sistemləri tərəfindən yaradılan nəticələrin təhlilini aparan mütəxəssisə çevrilə bilər. Bu yanaşma iş yerlərinin qorunmasına və ölkədə rəqəmsal savadlılığın ümumi səviyyəsinin yaxşılaşdırılmasına kömək etmək imkanı yaradır.
Dövlətin tənzimləyici rolu təhsil sisteminin yeni əmək bazarının tələblərinə çevik uyğunlaşmasında və sosial müdafiə mexanizmlərinin gücləndirilməsində özünü göstərməlidir. Eyni zamanda, hər bir vətəndaş rəqəmsal bacarıqlarının davamlı öyrənilməsinə və inkişaf etdirilməsinə çalışmalıdır.
Vaqif BAYRAMOV
XQ


