Yaxud “boğulan şəhərlər”in nicat yolu
XXI əsrdə memarlıq və şəhərsalma daha çox texnologiya və innovasiya ilə bağlıdır. Müasir memarlıq həm funksional, həm də vizual olaraq cəlbedici olmalıdır. Şəhərsalma isə yalnız binaların yerləşdirilməsi deyil, həm də insanların rahat və təhlükəsiz yaşaması üçün kompleks planlaşdırmanı nəzərdə tutur.
Müasir şəhərsalmanın hədəfi ətraf mühitlə ahəngdar, ekoloji dayanıqlı və insanyönümlü yaşayış mühiti yaratmaqdır. Belə yanaşma “yaşıl tikinti”, “ağıllı şəhər” texnologiyaları, enerji səmərəliliyi, su resurslarının qorunması və yaşıllıq zonalarının artırılması ilə ekoloji tarazlığa xidmət edir. Əsas məqsəd yüksək həyat keyfiyyəti və davamlı gələcəkdir.
Şəhərsalma təkcə binaların və yaşayış məkanlarının inşası ilə məhdudlaşmır. Bu sahə, eyni zamanda, insanların həyat keyfiyyətinin yüksəldilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, ekoloji tarazlığın qorunması və dayanıqlı gələcəyin qurulması baxımından mühüm rol oynayır. Məhz bu yanaşma Azərbaycanda son illərdə, xüsusilə də azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrində aydın şəkildə hiss olunur. Müasir şəhərsalma şəhər məkanının iqtisadi, sosial və ekoloji məqsədlər əsasında planlı şəkildə təşkili prosesidir. Ətraf mühit isə insan fəaliyyəti ilə qarşılıqlı əlaqədə olan təbii və antropogen sistemlərin məcmusudur.
Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov XQ-yə bildirdi ki, bu iki sahə arasında əlaqə sürətli urbanizasiya və iqlim dəyişikliyi fonunda daha da güclənmişdir. Qarşıdan gələn “World Urban Forum (WUF13)” bu sahədə qlobal müzakirələr üçün əsas platformalardan biridir və şəhərlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm rol oynayır. Azərbaycan üçün bu forum urbanizasiya problemlərini beynəlxalq kontekstdə qiymətləndirmək və uyğun siyasətlər formalaşdırmaq imkanı yaradır.
Şəhərsalma çağırışları
Müasir şəhərlərin sürətlə genişlənməsi nəticəsində ciddi ekoloji problemlərin yarandığını qeyd edən R.Abbasov diqqətə çatdırdı ki, hava çirklənməsi, su ehtiyatlarının azalması, torpaq deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu problemlərin əsasını təşkil edir.
Azərbaycan şəraitində bu problemlər xüsusilə Bakı və Abşeron yarımadasında daha qabarıqdır. Çirklənmə və plansız urban genişlənmə şəhər mühitinə əlavə təzyiq yaradır. Bundan başqa, Bakı kimi şəhərlərdə tez-tez müşahidə olunan istilik adası effekti konkret hallarda daha aydın görünür. Məsələn, yay aylarında şəhərin mərkəzi hissələrində, xüsusilə sıx tikilmiş ərazilərdə (məsələn, Nizami küçəsi ətrafı, “28 May” və “İçərişəhər” zonaları) temperatur şəhər kənarlarına nisbətən bir neçə dərəcə yüksək olur. Bunun əsas səbəbi asfalt və beton səthlərin günəş radiasiyasını udaraq istiliyi saxlamasıdır.
Digər konkret nümunə, geniş asfalt örtüklü yollar və park yerləridir. Gün ərzində bu səthlər yüksək temperatur toplayır və gecə saatlarında belə istiliyi buraxaraq şəhərin soyumasını ləngidir. Bu isə gecə temperaturunun yüksək qalmasına və insanların komfort səviyyəsinin aşağı düşməsinə səbəb olur. Çoxmərtəbəli binaların sıx yerləşdiyi yeni yaşayış massivlərində də hava dövranı zəifləyir. Nəticədə istilik yığılır və bu ərazilərdə kondisioner istifadəsi artır. Bu isə elektrik enerjisinə tələbatı yüksəldir və dolayı yolla daha çox istixana qazı emissiyasına səbəb olur.
Yay aylarında elektrik yüklənməsinin əsas səbəblərindən biri məhz kondisionerlərin intensiv istifadəsidir. Bu hal enerji sisteminə əlavə təzyiq yaradır və uzunmüddətli perspektivdə həm iqtisadi, həm də ekoloji problemləri dərinləşdirir. Sürətli və bəzən plansız urbanizasiya nəticəsində infrastruktur əhali artımına uyğunlaşa bilmir. Xüsusilə Bakı şəhərində bu, nəqliyyat sıxlığı, qeyri-kafi drenaj sistemləri və tikintilərin artması kimi problemlərdə özünü göstərir. Şəhər ərazilərində yaşıllıq sahələrinin azalması və torpaq örtüyünün betonlaşması isə ekoloji tarazlığı pozur və şəhər istilik adası effektini gücləndirir.
Son dövrlər Bakıda müşahidə olunan daşqın hadisələri bu problemlərin nə qədər kritik olduğunu göstərir. Güclü yağıntılar zamanı suyun effektiv şəkildə axıdılmasını təmin edən sistemlərin yetərsizliyi nəticəsində şəhər küçələrində su yığılması baş verir. Bunun əsas səbəbləri arasında köhnəlmiş kanalizasiya infrastrukturu, köhnə yağış suyu drenaj sistemləri, betonlaşma səbəbindən torpağın suyu udma qabiliyyətinin azalması, plansız tikinti və iqlim dəyişkənliyi nəticəsində intensiv yağıntıların artması qeyd olunur. Plansız tikintilərin ciddi artımı, xüsusilə, Bakı və Sumqayıt şəhərləri ətrafında, Masazır, Saray, Pirşağı, Mərdəkan və Fatmayı kimi ərazilərdə daha çoxdur. Nəticədə, hətta qısamüddətli yağışlar zamanı bu ərazilərdə subasmalar müşahidə olunur.
Dayanıqlı şəhərsalma
Dayanıqlı şəhərsalma şəhərlərin uzunmüddətli perspektivdə həm iqtisadi inkişafını, həm sosial rifahını, həm də ekoloji tarazlığını təmin etməyə yönəlmiş yanaşmadır. Bu yanaşma şəhəri yalnız fiziki infrastruktur deyil, kompleks və qarşılıqlı əlaqəli sistem kimi qəbul edir. Bu çərçivədə yaşıl infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Parklar, yaşıllıqlar və yaşıl damlar yalnız estetik məqsəd daşımır, eyni zamanda, hava keyfiyyətini yaxşılaşdırır və temperaturu tənzimləyir. Bununla yanaşı, inteqrə olunmuş su idarəetməsi şəhərlərin iqlim risklərinə qarşı dayanıqlılığını artırır. Xüsusilə yağış sularının idarə olunması, toplanması, saxlanması, təkrar istifadəsi və axınının tənzimlənməsi, daşqın risklərinin azaldılmasında və su resurslarının səmərəli istifadəsində mühüm rol oynayır. Bu məqsədlə keçirici səthlər, yağış bağları (rain gardens) və yeraltı su toplama sistemləri kimi həllər tətbiq oluna bilər.
Nəqliyyat sahəsində isə davamlı modellərə keçid əsas prioritetdir. İctimai nəqliyyatın inkişafı və alternativ nəqliyyat vasitələrinin təşviqi şəhərlərdə emissiyaların azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır. Bu yanaşmalar UN-Habitat tərəfindən dəstəklənən qlobal prinsiplərlə uyğunluq təşkil edir.
Azərbaycanın “yaşıl” memarlığa töhfəsi
Azərbaycan üçün dayanıqlı şəhərsalma yanaşmaları ölkənin spesifik ekoloji və urban reallıqları nəzərə alınmaqla formalaşdırılmalıdır. Xüsusilə Abşeron yarımadasında uzun illər davam edən sənaye fəaliyyəti nəticəsində yaranmış çirklənmiş ərazilər bu sahədə əsas problemlərdən biridir. Bu ərazilərin reabilitasiyası yalnız ekoloji vəziyyəti yaxşılaşdırmır, eyni zamanda, yeni urban inkişaf zonalarının yaradılmasına imkan verir.
Bu kontekstdə yağış sularının idarə olunması prioritet məsələyə çevrilir. Müasir yanaşmalar çərçivəsində yağış sularının toplanması, saxlanması və təkrar istifadəsi sistemlərinin tətbiqi vacibdir. Keçirici səthlər, yaşıllıq zonaları və “yaşıl drenaj” həlləri daşqın risklərinin azaldılmasına kömək edə bilər. Xəzər sahili boyunca ekosistemlərin qorunması və şəhər daxilində yaşıllıq sahələrinin genişləndirilməsinin həm ekoloji, həm də sosial faydaları var. Nəqliyyat sahəsində isə davamlı sistemlərin tətbiqi hələ də əsas çağırışlardan biridir. Böyük şəhərlərdə ictimai nəqliyyatın optimallaşdırılması və alternativ nəqliyyat vasitələrinin inkişafı həm sıxlığı, həm də çirklənməni azaltmağa kömək edə bilər.
Dünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq səviyyədə inteqrasiyası üçün mühüm platformadır. Bu forum vasitəsilə ölkə həm öz təcrübəsini təqdim edir, həm də digər ölkələrin uğurlu yanaşmalarını öyrənir. Belə platformalar milli siyasətlərin inkişafına da təsir göstərir. Qlobal təcrübələrin tətbiqi şəhərsalma strategiyalarının daha effektiv və sistemli olmasına şərait yaradır.
Bununla yanaşı, forumda “yaşıl şəhər” yanaşmaları xüsusi yer tutur. “Yaşıl şəhər” şəhər mühitində təbii resursların qorunması, emissiyaların azaldılması və insanların həyat keyfiyyətinin artırılması məqsədilə ekoloji əsaslı planlaşdırma modelidir. Bu kontekstdə şəhərlərdə yaşıllıq sahələrinin artırılması, ağaclandırma proqramlarının genişləndirilməsi və ekoloji koridorların yaradılması biomüxtəlifliyin qorunmasına birbaşa təsir göstərir.
Biomüxtəliflik şəhər ekosistemlərinin davamlılığı üçün əsas elementlərdən biridir. Lakin urbanizasiya nəticəsində təbii yaşayış mühitlərinin azalması, torpaq örtüyünün dəyişməsi və çirklənmə şəhərlərdə flora və fauna müxtəlifliyinin azalmasına səbəb olur. Bu baxımdan, şəhərsalma siyasətlərində biomüxtəlifliyin qorunması yalnız ekoloji deyil, həm də sosial və iqtisadi baxımdan əhəmiyyətlidir. Məsələn, şəhər parkları, sahilyanı zonalar və yaşıl infrastruktur həm rekreasiya funksiyası daşıyır, həm də ekosistem xidmətlərini təmin edir. Bundan əlavə, forum beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını genişləndirir. Bu əməkdaşlıqlar texniki biliklərin ötürülməsi və maliyyə resurslarına çıxış baxımından xüsusi əhəmiyyət kəsb edir və iri miqyaslı urban layihələrin həyata keçirilməsini asanlaşdırır.
Müasir şəhərsalma və ətraf mühit arasında əlaqə strateji əhəmiyyət daşıyır. Şəhərlər yalnız iqtisadi inkişaf mərkəzləri deyil, həm də iqlim dəyişikliyi ilə mübarizənin əsas platformalarıdır. Eyni zamanda, “yaşıl şəhər” yanaşmaları və biomüxtəlifliyin qorunması bu mübarizənin əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan üçün əsas məqsəd dayanıqlı, inklüziv və ekoloji baxımdan balanslı şəhər modellərinin tətbiqidir. Dünya Şəhərsalma Forumu kimi beynəlxalq platformalar isə bu istiqamətdə bilik mübadiləsi, innovativ yanaşmaların inkişafı və ekoloji problemlərin, xüsusilə biomüxtəlifliyin azalması və urban mühitin deqradasiyası kimi çağırışların həlli üçün mühüm imkanlar yaradır.
Mustafa KAMAL
XQ


