Xankəndinin rahatlıq marşrutu

post-img

Şəhərdaxili avtobus xidməti fəaliyyətə başlayıb

Qarabağda sürətlə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələri, əsl sahiblərinin doğma yurdlarına qayıdışı şanlı zəfər tariximizin yeni səhifələrinə çevrilir. İşğaldan azad edilmiş ərazilərimizin hər günü yaddaşlara xoş müjdələrlə, inkişaf soraqları ilə yazılır.

Bu günlərdə Xankəndi sakinləri daha bir yeniliyə sevinirlər. Artıq şəhərin küçələrində təzə avtobuslar şütüyür, xankəndililər rahat marşrut xidmətindən istifadə etməyə başlayıblar. Müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində atılmış bu addım Xankəndidə yaşayan, burada işləyən, təhsil alan sakinlərin sonsuz sevincinə səbəb olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plana əsasən 3 marşrut xətti şəhərin əsas küçə və istiqamətlərini, o cümlədən Kərkicahan qəsəbəsini əhatə edir. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası–Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi–Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası–1-ci dairə” istiqamətində fəaliyyət göstərir.

Şəhərdə marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə “BakuBus” MMC-yə məxsus yeni elektrik avtobusları vasitəsilə həyata keçirilir ki, bu da regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Sərnişinlər “BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları, eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödəniş sistemlərindən istifadə edə bilirlər. Avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir.

Xankəndinin yeni ictimai nəqliyyatının ilk sərnişinləri sırasına biz də qoşulduq, sürücülərin və şəhər sakinlərinin təəssüratlarını öyrəndik. 3 nömrəli marşrut avtobusunda sürücü işləyən Elgün Həsənov daimi yaşamaq üçün bir müddət əvvəl Ağdamın Xıdırlı kəndinə köçdüyünü, Xankəndidə çalışmağın onun üçün qürurverici olduğunu dedi:

– Vətənə qayıtmaq, burada yaşamaq əvəzsiz duyğudur. Üstəlik, qısa müddətdə işlə də təmin olundum. Azad Xankəndidə ictimai nəqliyyatın ilk sürücülərindənəm. Yeni fəaliyyətə başlamışıq, ancaq insanlar xəbər tutduqca sərnişinlərimizin sayı gündən-günə artır.

Doğma Ağdamım da sürətlə yenidən qurulur, gözəlləşir, ağdamlılar geri dönür. Arzu edirəm ki, tezliklə orada da marşrut avtobusları fəaliyyətə başlasın, Ağdamın da ilk marşrut sürücülərindən biri olum.

Qabil Cəfərov isə 1 nömrəli marşrutun sürücüsüdür. Əslən Naxçıvanın Şərur rayonundan olan həmsöhbətimiz bildirdi ki, Bakıda “BakuBus” MMC-də çalışıb, Xankəndiyə öz təşəbbüsü ilə gəlib:

– Ərizə ilə müraciət etdim, könüllü olaraq işləmək üçün Qarabağa gəldim. Bu, Xankəndiyə ilk gəlişim idi, ancaq sanki əvvəldən burada yaşamışam. Şəhər məni doğmalıqla qarşıladı. Tanrıya şükürlər olsun ki, Vətənimizin hər qarışı azaddır, mənə də Xankəndidə işləmək nəsib olub. Allah Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Məktəbyaşlı qızı ilə avtobusa minən Esmira Məmmədova Xankəndidə ictimai nəqliyyatın fəaliyyətə başlamasına ürəkdən sevindiyini dedi. Qeyd etdi ki, 1 ilə yaxındır Qarabağda yaşayır. Bu vaxta qədər övladını məktəbə aparanda, işə gedib-gələndə ya taksidən istifadə etməyə, ya da piyada yeriməyə məcbur idilər. Ancaq indi müasir, təmiz avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin binasının qarşısındakı dayanacaqda qələbəlik vardı. Deyə-gülə avtobusa minən tələbələr də Xankəndidə marşrutların açılmasından razılıqla bəhs etdilər, aidiyyəti qurumlara təşəkkürlərini bildirdilər. Sözsüz, sözügedən ali təhsil ocağının çoxsaylı tələbələri şəhərdə inkişafın yeni mərhələsi olan bu addıma ən çox sevinənlər sırasındadırlar.

Müasir nəqliyyat infrastrukturunun qurulması təkcə Xankəndinin qürur dolu bu gününün dirçəlişi deyil, həm də işıqlı, xoşbəxt sabahının təməlidir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi



Sosial həyat