1155 kilometrlik sualtı kabel xətti “qoca qitə”yə “yaşıl enerji” nəql edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanunu imzalayıb. Bu sənəd 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində 3 ölkənin dövlət başçıları tərəfindən imzalanıb.
Üçtərəfli saziş təmiz enerji və onun səmərəliliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsini, həmçinin uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, ekoloji baxımdan dayanıqlı hidrogen və ammonyak istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsi, eləcə də bərpaolunan elektrik enerjisinin etibarlı və fasiləsiz şəkildə sərhədlərarası ötürülməsi üçün əlverişli mexanizmlərin yaradılması planlaşdırılır. Bununla yanaşı, tərəflər yaşıl elektrik enerjisinin sabit ötürülməsini təmin etmək məqsədilə texniki və kommersiya parametrlərinin müəyyənləşdirilməsi, enerji səmərəliliyini artıran müasir texnologiyaların tətbiqi və Avropa bazarına çıxış üçün zəruri infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər.
Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin inteqrasiyası strateji və tarixi əhəmiyyət daşıyan bir layihədir. “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsünə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının qoşulması layihənin icrası baxımından mühüm irəliləyiş hesab oluna bilər. “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsü Azərbaycan, Qazaxıstan və Özbəkistanın Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığı çərçivəsində dəstəklənir.
Bu əməkdaşlığın hüquqi bazası 2025-ci ildə Bakıda keçirilmiş müvafiq nazirlər və beynəlxalq maliyyə institutlarının iştirakı ilə imzalanmış anlaşma memorandumu ilə formalaşıb. Həmin sənəd layihənin texniki-iqtisadi əsaslandırmasının birinci mərhələsinin həyata keçirilməsini və maliyyələşdirilməsini nəzərdə tutur. Bundan əlavə, Memorandum Mərkəzi Asiyanın böyük bərpaolunan enerji potensialının aktivləşdirilməsinə və Azərbaycanın bu enerjinin Avropaya ötürülməsində əsas tranzit və inteqrasiya mərkəzi rolunu gücləndirməsinə xidmət edir.
COP29 ərəfəsində Astana, Bakı və Daşkənd arasında imzalanan bu saziş Xəzər regionunda “yaşıl enerji” istehsalı və ötürülməsi üzrə əməkdaşlığın hüquqi-siyasi əsasını formalaşdırır və gələcəkdə “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” kimi tanınan enerji layihəsinin inkişafına zəmin yaradır. Layihə çərçivəsində Xəzər hövzəsində istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən Gürcüstan istiqamətinə, oradan isə Qara dəniz vasitəsilə Avropa enerji sisteminə inteqrasiyası nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlığa dair ayrıca saziş imzalanıb. Qara dəniz sualtı elektrik kabeli layihəsi regionun enerji sistemlərinin inteqrasiyası baxımından əsas infrastruktur komponenti hesab olunur. Layihə Azərbaycan və Gürcüstanı Rumıniya ilə birləşdirərək Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji şəbəkələrini əlaqələndirməyi hədəfləyir. Sualtı kabelin, təxminən, 1155 kilometr uzunluğunda olması, 525 kV gərginlik və 1300 MVt ötürmə gücünə malik olması planlaşdırılır və 2032-ci ildə tamamlanması gözlənilir.
***
Hazırda bütün dünyada bərpaolunan enerjidən istifadə qlobal tendensiyaya çevrilib. Azərbaycan da, öz növbəsində, “yaşıl enerji”dən istifadəni əsas prioritet olaraq qarşıya qoyub. Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı kifayət qədər yüksəkdir. Ölkəmizin bərpaolunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Son illərdə ölkədə “yaşıl enerji” istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiq olunub. Həmin sənədə uyğun olaraq növbəti onillik üçün ölkənin sosial-iqtisadi inkişafı üzrə beş əsas prioritet müəyyən edilib. Bu prioritetlərdən biri Azərbaycanın “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” kimi inkişafı ilə bağlıdır.
Bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir, o cümlədən ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi, su ehtiyatlarının səmərəli idarə olunması, eləcə də dayanıqlı enerji mənbələrindən istifadənin artırılması üzrə işlər görülür. Eyni zamanda, ölkənin iqlim siyasətində konkret hədəflər də müəyyən edilib. Belə ki, 2030-cu ilə qədər istixana qazı emissiyalarının baza ili olan 1990-cı illə müqayisədə 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Azərbaycan həm də dünyada “yaşıl enerji” sahəsində tanınmış xarici şirkətlərlə əməkdaşlıq edir. Səudiyyə Ərəbistanının “ACWA Power”, BƏƏ-nin “Masdar”, Yaponiyanın TEPSCO, eləcə də BP, “Nobel Energy” və Çin investorlarının iştirakı ilə günəş və külək elektrik stansiyalarının inşası ölkənin enerji sektoruna yeni nəfəs gətirir. “Masdar” şirkəti tərəfindən inşa edilən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Bu il Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istismara verilib. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Ümumilikdə, 2027-ci ilədək 10 günəş və külək elektrik stansiyasının tikintisinə 2,7 milyard ABŞ dollarından çox investisiyanın cəlb olunacağı proqnozlaşdırılır. Bu layihələr nəticəsində enerji sisteminə əlavə 2 giqavat güc qazandırılacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında vurğulayıb ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə olunacağı gözlənilir.
Musa BAĞIRLI
XQ

