Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə dövlətin texnoloji inkişaf konsepsiyasında yeni bir mərhələnin başlanması rəsmiləşdirilib. Ekspertlər tərəfindən bu strateji sənəd Azərbaycanın dünya süni intellekt ekosistemində fəal rol oynayan, etik standartlara sadiq, inklüziv və davamlı tərəqqiyə səbəb olan bir ölkəyə çevrilmə istiqamətində atdığı ciddi addım kimi yüksək dəyərləndirilib.
Strategiya ölkə miqyasında süni intellekt texnologiyalarının işə salınması və idarə olunmasını, eləcə də sosial-iqtisadi sistemin ayrı-ayrı sahələrinə tətbiqi üzrə konkret istiqamətləri müəyyənləşdirir. Sənəddə qarşıya qoyulan başlıca məqsədlər sırasında süni intellekt idarəetmə sisteminin qurulması xüsusi yer tutur. Bu istiqamət isə ictimai maraqları qoruyan, etik prinsip və şəffaf idarəetmə modeli yaratmağı hədəfləyir.
Prioritet sektorların müəyyənləşdirilməsi də strategiyanın önəmli istiqamətlərindən biridir. Belə ki, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və təhsil sahələri süni intellektin potensial səmərəliyini maksimum dərəcədə artırmaq imkanı olan prioritet sektorlar kimi ön plandadır.
Strategiyada hüquqi və etik çərçivənin yaradılması da diqqətdə saxlanılır, süni intellekt tətbiqlərində ədalətli, etik və şəffaf yanaşmanı gerçəkləşdirən milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğun qurulması nəzərdə tutulur. Bundan başqa sənəddə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, regional və beynəlxalq miqyasda əməkdaşlıqların qurulması, eləcə də Azərbaycanın qlobal texnoloji icmada mövqeyinin möhkəmləndirilməsi strateji önəm daşıyır.
Yeri gəlmişkən, respublikamızda süni intellekt sahəsində indiyədək görülən işlərə də qısa nəzər salmaq istərdik. Belə ki, son illərdə Azərbaycanda süni intellekt sahəsində bir sıra fundamental addımlar atılıb: 2020-ci ildən başlayaraq rəqəmsal transformasiya prosesləri sürətləndirilib, 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Süni İntellekt üzrə İşçi Qrupu formalaşdırılıb. Bu qurumun təşəbbüsü ilə bir sıra sahələrdə süni intellekt əsaslı layihələrin icrasına başlanılıb.
2022-ci ildə “Rəqəmsal Azərbaycan: 2030” strategiyası çərçivəsində süni intellektə dair ilkin təhlillər aparılıb, milli ekspert və texnoloji mərkəzlərin iştirakı ilə konseptual sənədlər hazırlanıb. Bununla yanaşı, “e-Government (elektron hökumət)” portalında və ASAN xidmət sistemində süni intellekt elementləri tətbiq olunmağa başlanıb, vətəndaş müraciətlərinin cavablandırılmasında avtomatlaşdırılmış sistemlər işə salınıb.
Təhsil sahəsində də süni intellekt texnologiyalarına əsaslanan pilot layihələr həyata keçirilib, məktəblərdə tədris prosesinin fərdiləşdirilməsi, şagird performansının avtomatik təhlili kimi istiqamətlərdə tətbiqlər testləşdirilib. Bundan əlavə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında peyk məlumatlarına əsaslanan proqnozlaşdırma sistemləri inkişaf etdirilib.
Strategiyada qeyd olunur ki, süni intellektin hər bir sektorda tətbiq potensialı dərindən təhlil ediləcək, mütəxəssislərin rəyləri əsasında pilot proqramlar hazırlanacaq. Bu proqramlar real sənaye sahələrində resursların daha səmərəli istifadəsini gerçəkləşdirəcək, qeyri – sistemləri aşkarlayacaq.
Texnologiyalardakı sürətli inkişafla paralel olaraq etik, sosial, iqtisadi risklərin artması qaçılmazdır. Strategiyada bu risklərin idarə olunması üzrə monitorinq sistemlərinin qurulması, ön qiymətləndirmə mərhələlərinin tətbiqi və ictimai əlaqələrin təmin olunması da önə çıxarılır.
Azərbaycanın süni intellekt sahəsində regional liderə çevrilməsi yalnız texnologiya deyil, həm də mədəni, etik və ictimai aspektlərdə dərindən təhlil olunması, əlaqələr və mütəxəssis kapitalının formalaşdırılması sayəsində mümkün olacaq. Strategiya bu istiqamətdə konkret proqramları və təşviqat mexanizmlərini əhatə edəcək.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” dövlətin texnologiyaya verdiyi önəmin və bu sahədə davamlı liderlik iddiasının sərgilənməsidir. Bu istiqamətdə həyata keçiriləcək addımlar Azərbaycanı regionun innovasiya mərkəzinə çevirməklə yanaşı, gənclərin və mütəxəssislərin texnologiya sahəsində dünyəvi standartlara cavab verən bilik və bacarıqlarla silahlanmasına da imkan yaradacaq.
Sənəddə strategiyanın icrasında yarana biləcək riskləri neytrallaşdırmaq məqsədilə süni intellektin tətbiqi potensialı və tələblərini nəzərə almaq şərtilə hər bir sektorda ətraflı təhlillərin aparılacağı, mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasında prioritet sektorların müəyyənləşdiriləcəyi, pilot layihələrin həyata keçiriləcəyi və resursların balanslı şəkildə bölüşdürüləcəyi də nəzərdə tutulur.
Strategiyada qeyd edilib ki, məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi rəqəmsal transformasiyanın formalaşmasında əsas rol oynayacaq, bununla da dövlət orqanları və özəl sektor üçün etibarlı, səmərəli və innovativ həllərin inkişafı təmin ediləcək. Eyni zamanda, məlumatların səmərəli idarə olunması, açıq məlumatların genişləndirilməsi, yüksəksəviyyəli hesablama imkanlarının artırılması və Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi süni intellektin və data əsaslı qərar qəbuletmənin inkişafına töhfə verəcək.
Bütün bunların reallaşdırılması üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişafı, TDE üzrə istiqamətlərin gücləndirilməsi, məlumatlardan səmərəli istifadə, onların təhlükəsizliyinin və fərdi məlumatların mühafizəsinin gerçəkləşdirilməsi və məlumatyönümlü idarəetməyə keçidin təşkili istiqamətlərində layihələr reallaşdırılacaq.
Strategiyada yuxarıda sadalananlarla yanaşı, süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması kimi məsələlərin də həllinin zəruriliyi vurğulanıb və bu istiqamətlərdə həyata keçiriləcək tədbirlərin mahiyyəti açıqlanıb.
Beləliklə, ölkəmiz adıçəkilən strategiyanın uğurla icrası nəticəsində süni intellekt texnologiyalarını tətbiq etməklə qlobal rəqabətə uyğun, dayanıqlı və səmərəli sistem qurmağı qarşıya məqsəd qoyur. Bu kontekstdə məlumatların qorunması, kibertəhlükəsizliyin təmin edilməsi, yüksək hesablama infrastrukturunun yaradılması və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, səhiyyə, təhsil və dövlət idarəçiliyində tətbiqi əsas prioritetlərdən biri olacaq.
Hazırda dünyada həm dövlətlər, həm də biznes subyektləri süni intellektin inkişaf potensialını daha dərindən dərk edir və bu sahəyə milyardlarla dollar həcmində investisiyalar yönəldilir. Məsələn, müxtəlif tədqiqatlara əsasən, Avropa İttifaqının süni intellekt texnologiyalarına sərmayələri 2025-ci ilə qədər 22,4 milyard avroya çatacaq.