Onun qaynaqlarının iqlim dəyişikliyindən qorunması qlobal önəm daşıyır
Dünən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə Bakı Su Həftəsi çərçivəsində – II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının açılışı keçirilib.
Açılış mərasimində çıxış edən ADSEA sədri Zaur Mikayılov bildirib ki, ötən il uğurla reallaşan ilk Bakı Su Həftəsi bu platformanın zəruriliyini və əhəmiyyətini sübut etdi. Onun sözlərinə görə, artıq ənənəyə çevrilməkdə olan bu tədbir həm müzakirələr, həm də birgə həll yolları üçün geniş imkanlar yaradır: “Su ehtiyatlarının idarə olunması, onların qorunması və gələcək nəsillərə ötürülməsi Azərbaycan dövləti üçün strateji məsələlərdən biridir. Son illərdə həyata keçirilən islahatlar, qəbul olunmuş milli su strategiyası bu sahədə davamlı inkişafı təmin edir. Hədəfimiz su təhlükəsizliyini möhkəmləndirmək və təmiz suyun əlçatanlığını hamı üçün reallığa çevirməkdir”
Sərginin təşkilatçılarından olan “Caspian Event Organisers”in baş direktoru və “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov isə diqqətə çatdırıb ki, builki sərgi su təsərrüfatında ən müasir texnologiyaları, innovativ yanaşmaları və qlobal təcrübələri nümayiş etdirəcək. Onun sözlərinə görə, tədbir dövlət strukturlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkarları bir araya gətirməklə su təchizatı sahəsində görülən və nəzərdə tutulan layihələri əyani şəkildə təqdim edəcək. F.Məmmədov onu da vurğulayıb ki, “Bakı Su Həftəsi” regionda su təsərrüfatı üzrə açıq dialoq üçün mühüm meydan yaradır və iştirakçılara real əməkdaşlıq imkanları təqdim edir.
Keçirilən tədbirlər özəl sektoru və mütəxəssisləri cəlb etməklə yeni ideyaların müzakirəsinə, innovativ həllərin ortaya çıxmasına, faydalı işgüzar əlaqələrin qurulmasına şərait yaradır. Bu baxımdan sərgi ölkəmizin su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılmasına yeni töhfələr verməyi qarşıya məqsəd qoyub.
Sərgidə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapurdan 60-dan artıq şirkət və nümayəndə heyəti iştirak edir.
Ekspozisiyada təqdim olunan sahələr çoxşaxəlidir: laboratoriya və analiz texnologiyaları, boru kəməri avadanlıqları, bulud toxumlama texnologiyaları, daşqınlardan qorunma sistemləri, drenaj avadanlıqları, hidrotexniki qurğular, içməli suyun emalı, su təchizatı və kanalizasiya, qazma və inşaat texnikası, ölçmə və nəzarət sistemləri, İKT və süni intellekt tətbiqləri, suvarma sistemləri, duzsuzlaşdırma texnologiyaları, tullantı sularının idarə olunması və digər istiqamətlər burada öz əksini tapıb.
Proqramın ilk günündə təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Tullantı sularının idarə edilməsində kompleks mühəndislik yanaşması” mövzularında təqdimatlar olub. Eyni zamanda, “Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarə edilməsi” adlı keys sessiyası, “Xəzər dənizinin vəziyyəti və həll yolları” mövzusunda ekspert müzakirələri, eləcə də “Tullantı sularının dayanıqlı idarə olunması – COP29 məqsədlərinə doğru” adlı sessiya baş tutub.
Artıq konfrans çərçivəsində mühüm irəliləyişlər əldə olunub. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirin ilk günündə, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə “SOCAR Green” MMC arasında enerji effektivliyi müqaviləsi və niyyət razılaşmasına da imza atılıb.
Bununla yanaşı, 2025–2027-ci illərdə ölkəmizdə sel və daşqın təhlükəsinə qarşı mühafizə tədbirlərinin əhatə dairəsi daha da genişləndiriləcək.
Proqrama əsasən, 2025-ci ildə çay hövzələrində və daşqın riski yüksək olan ərazilərdə monitorinqlər aparılacaq, eləcə də həmin zonaların xəritələri hazırlanacaq. Növbəti mərhələdə, 2026-cı ildən başlayaraq sahilbərkitmə işləri və mühafizə bəndlərinin inşası nəzərdə tutulur. 2027-ci ildə isə riskli ərazilərdə sel və daşqınların təsirlərinin minimuma endirilməsi üçün əlavə tədbirlərin icrası planlaşdırılıb.
Bununla yanaşı, 2025–2027-ci illəri əhatə edən dövrdə kəhrizlərin bərpası və yenidən qurulması da prioritet istiqamətlərdən biri olacaq. İlk olaraq 2025-ci ildə təmir və yenidən qurulması vacib olan kəhrizlərin siyahısı formalaşdırılacaq. 2026-cı ildə layihələndirmə və icra işlərinə başlanılacaq, 2027-ci ildə isə istifadədə olan kəhrizlərin sayının artırılması ilə əhalinin su təminatının yaxşılaşdırılması hədəflənir. Artıq ilkin mərhələdə 12 rayonu əhatə edən 124 kəhrizə baxış keçirilib, həmçinin geniş elmi-tədqiqat işləri aparılıb.
Qeyd edək ki, dünən konfrans çərçivəsində 2040-cı ildə Azərbaycanda əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsinin 100 faizə çatdırılması da müzakirə olunub. Məlumata görə, bu ilin sonuna qədər ölkədə əkin sahələrinin suvarılması üçün suya tələbatın ödənilməsi 66 faizə, 2026-cı ildə 68 faizə, 2027-ci ildə 90 faizə, 2030-cu ildə 95 faizə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, suvarma suyu təchizatı sahəsində itkilərin azaldılması da prioritetdir. Bu il ərzində itkilərin 46 faizə, 2026-cı ildə 44 faizə, 2027-ci ildə 42 faizə, 2030-cu ildə 30 faizə, 2040-cı ildə isə 10 faizə qədər endirilməsi planlaşdırılır. Bununla yanaşı, ölkədə 2025-2027-ci illərdə suvarma kanalları və kollektorların yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər nəticəsində suvarma suyu ilə təminatın 2025-ci ildə 66 faizdən 2027-ci ildə 90 faizə yüksəldilməsi gözlənilir.
Qeyd olunub ki, bu addımlar əkin sahələrinin suvarılması sahəsində səmərəliliyin artırılması və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edəcək.
Ümumiyyətlə, su kimi müasir dövrün qorunmalı olan əsas komponentinin daim gündəmdə saxlanılması gələcək naminə dünyamızın xilası deməkdir. Məhz bu kimi həftənin Bakıda keçirilməsi bir daha qlobal nizama Azərbaycanın qlobal missiyasını uğurla icra etdiyini göstərir.
Nurlan ABDALOV
XQ