Bu marşrut ötən dövrdə Xəzərdən Aralıq dənizinə 600 min tona yaxın “qara qızıl” nəql edib
Azərbaycanın neft strategiyasının təntənəsi olan Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəməri ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun təminatına mühüm töhfələr verir. Xəzər regionundan dünyaya qapı açan bu nəhəng enerji dəhlizi düz 20 ildir ki, sabit və ahəngdar rejimdə fəaliyyət göstərərək Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan xam nefti dünya bazarlarına çatdırır.
Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən Bakı – Tbilisi –Ceyhan əsas ixrac boru kəmərinin ideya müəllifi isə ümummilli lider Heydər Əliyevdir. Məlum olduğu kimi, Ulu öndərin işləyib hazırladığı yeni neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin etibarlı, şaxələndirilmiş ixrac boru kəmərləri sistemi ilə dünya bazarına nəqli ilə bağlı idi. Heç şübhəsiz, bu məsələdə ölkəmizin maraqlarının qorunması xüsusi aktuallıq kəsb edirdi.
Xatırladaq ki, Azərbaycan neftinin dünya bazarına çatdırılması üçün əsas ixrac marşrutu kimi Bakı – Tbilisi– Ceyhan kəmərinin seçilməsi ilk dəfə 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə dəqiqləşdirilib. Bu, həm də sözügedən kəmərin reallaşmasına dair son siyasi qərarın verilməsi demək idi. Həmin il oktyabrın 29-da isə Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ABŞ-ın energetika naziri tərəfindən Bakı – Tbilisi – Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsi ideyasını müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə bu layihəyə dair ilkin razılaşma əldə olunub.
Növbəti illərdə Heydər Əliyevin siyasi iradəsi sayəsində həmin layihəni maraqlı tərəflərlə uzlaşdırıb razılaşdırmaq, beynəlxalq güc mərkəzlərinin dəstəyini qazanmaq, nəhayət, onu imzalamaq mümkün olub. Təsadüfi deyil ki, Ulu öndər 1999-cu il sentyabrın 20-də Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında demişdir: “Mən bu gün bəyan edirəm ki, Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün çox böyük əhəmiyyət daşıyan Bakı – Ceyhan neft kəməri tikilməlidir, istifadəyə verilməlidir.”
Nəhayət, Ümummilli liderin qətiyyəti sayəsində “Bakı – Tbilisi – Ceyhan” layihəsi həyata vəsiqə alıb. Belə ki, ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulun “Çırağan” sarayında “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş” imzalanıb. Bununla da, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı–Tbilisi–Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılıb.
2002-ci il avqustun 1-də BTC neft kəmərinin tikintisini və istismarını həyata keçirmək üçün Kayman adalarında “BTC Co.” şirkəti təsis edilib. Sentyabr ayının 18-də isə Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin aprel ayında tikinti işlərinə başlanılıb.
Ulu öndərin müəllifi olduğu bu nəhəng enerji layihəsi onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində reallığa çevrilib. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın Baş naziri kimi fəaliyyətinin ilk günlərində, 2003-cü il avqustun 11-də BTC əsas ixrac neft boru kəmərinin Azərbaycan hissəsində, Bakı yaxınlığındakı Umbakı ərazisində aparılan tikinti işləri ilə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.
2004-cü il fevralın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda “Gülüstan” sarayında BTC ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədləri paketi imzalanıb. Həmin il Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində, Gürcüstanın Qardabani rayonu ilə sərhəddə BTC kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. “Qızıl qaynaq” adlanan bu mərasimdə hər iki ölkənin dövlət başçıları kəmərin Azərbaycan və Gürcüstan hissələrini rəmzi olaraq qaynaqlayaraq birləşdiriblər.
2005-ci il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum gününə hədiyyə olaraq Səngəçal terminalındakı BTC baş nasos stansiyasının neftlə doldurulmasına start verilib. Ayın 25-də isə terminalda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin BTC-yə vurulmasına başlanılıb. Həmin gün burada quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. Oktyabrın 25-də isə kəmərin Gürcüstan hissəsinin istifadəyə verilməsi münasibətilə bu ölkənin Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində təntənəli mərasim keçirilib.
BTC kəməri ilə nəql edilən xam neft 2006-ci il mayın 28-də Türkiyənin Ceyhan terminalına çatıb. XXI əsrin ən böyük enerji layihələrindən sayılan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi isə iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib.
Xəzər regionundan dünyaya qapı açan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri hazırda Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. 2025-ci ilin birinci rübündə BTC ilə 7 milyon ton (təxminən, 54 milyon barel) xam neft nəql olunub. Bütövlükdə isə, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri
2006-cı ilin iyul ayında istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək, ümumilikdə, 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edib. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan hasil edilən xam nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensatı (Qazaxıstan, Türkmənistan, eləcə də SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) da nəql olunur.