Sentyabrın 30-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Rəsmi danışıqlardan sonra dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış ediblər. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsini göstərməklə yanaşı, münasibətlərin iqtisadi müstəvidə dərinləşməsi üçün yeni imkanların açıldığını nümayiş etdirir.
Azərbaycan–İtaliya əlaqələrinin mərkəzində iqtisadi əməkdaşlıq dayanır. Xüsusilə enerji sektoru ikitərəfli münasibətlərin əsas aparıcı xəttini təşkil edir. Bu gün İtaliya Azərbaycanın Avropada ən iri enerji tərəfdaşlarından biridir və bu əməkdaşlıq bütövlükdə qitənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi və onun mühüm seqmenti olan TAP yalnız Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün deyil, həm də İtaliyanın enerji təchizatının şaxələndirilməsi baxımından strateji layihədir. Hazırda İtaliyada istehlak olunan neftin təxminən 17 faizi Azərbaycan hesabına təmin edilir.
İtaliyanın aparıcı şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji bazarında möhkəmlənib. 1995-ci ildən etibarən ölkəmizlə əməkdaşlıq edən “ENI” qrupu Bakı–Tbilisi–Ceyhan kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell SRL” və digər şirkətlər isə Cənub Qaz Dəhlizinin inşasında ümumilikdə 6 milyard avrodan artıq dəyəri olan təchizat və xidmət müqavilələrini icra ediblər. Bununla yanaşı, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik və texnologiya sahəsində ixtisaslaşmış şirkətləri arasında da irihəcmli müqavilələr imzalanıb.
İqtisadi göstəricilər əməkdaşlığın miqyasını daha aydın ortaya qoyur. Azərbaycan bu gün Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır. Təkcə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon ABŞ dollarına çatıb. Bu göstərici İtaliyanın bütün Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini təşkil edib. Ümumilikdə, Azərbaycanın xarici ticarətində İtaliyanın payı ötən il 24 faizə bərabər olub.
Azərbaycan xüsusilə enerji məhsullarını Avropa bazarına İtaliya üzərindən çıxarır. Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağın İtaliya bazarına daxil olması ticarət dövriyyəsinin artımına mühüm təsir göstərib. Ötən il Azərbaycan Avropaya qaz ixracını 8,6 faiz artıraraq 12,9 milyard kubmetrə çatdırıb.
Beləliklə, Prezident Sercio Mattarellanın Bakıya səfəri bir daha təsdiqləyir ki, Azərbaycan–İtaliya münasibətləri sırf diplomatik müstəvini aşaraq iqtisadi tərəfdaşlıqda strateji məzmun kəsb edib və qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişlənəcək.
Ruslan ATAKİŞİYEV,
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru
İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə daha da dərinləşir. Azərbaycanın ixracında İtaliya aparıcı mövqelərdən birini tutur və ölkəmizin ən mühüm ticarət tərəfdaşları sırasında yer alır. İtaliya, həmçinin Azərbaycanın neft ixracında strateji rol oynayır. Hazırda Azərbaycan neftinin alınmasında 14-dən çox ölkə maraq göstərir, lakin İtaliya Avropada əsas tərəfdaş qismində ön plana çıxır.
SOCAR-ın İtaliyada fəaliyyətini genişləndirməsi də əməkdaşlığın yeni istiqamətlərindən biridir. Xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 faizlik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb. Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli "M&A" prosesinin nəticəsidir. "Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" platformalarından biridir.
Eyni zamanda, Azərbaycanda sənaye, tikinti və neft-qaz sektorunun inkişafı sahəsində İtaliya şirkətləri mühüm rol oynayır. Onlar dövlət tərəfindən elan olunan tenderlərdə fəal iştirak edir, müxtəlif infrastruktur və enerji layihələrini icra edirlər. Bu fakt göstərir ki, ikitərəfli əməkdaşlıq yalnız enerji resurslarının tədarükü ilə məhdudlaşmır, həm də qarşılıqlı investisiya və istehsal sahələrində genişlənir.
Azərbaycan–İtaliya münasibətlərinin perspektiv istiqamətlərindən biri də təhsil sahəsindədir. Bakıda açılmış İtaliya–Azərbaycan Universiteti gələcək kadr hazırlığı üçün mühüm platforma rolunu oynayır. Bu layihə iki ölkənin əməkdaşlığını insan kapitalının inkişafı müstəvisində də gücləndirir.
Bütün bu amillər onu göstərir ki, İtaliya təkcə Avropada Azərbaycanın əsas tərəfdaşı deyil, eyni zamanda, ölkəmizin Avropa İttifaqındakı mövqelərinin möhkəmlənməsinə də ciddi töhfə verir. Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığı strateji məzmun kəsb edir və qarşıdakı dövrdə daha da dərinləşəcəyi gözlənilir.
Ceyran BƏBİROVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin aparıcı məsləhətçisi
Dövlət başçıları arasında 30 sentyabr 2025-ci il tarixində Bakıda keçirilən görüş Azərbaycan–İtaliya münasibətlərinin sadəcə diplomatik protokoldan ibarət olmadığını, eləcə də strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Prezidentlərin bəyanatları bu əlaqələrin davamlı, qarşılıqlı etimada əsaslanan və yeni əməkdaşlıq imkanları yaradan bir xətt üzrə inkişaf etdiyini təsdiqləyir. İtaliya Prezidentinin Bakıya təkrar səfəri bu münasibətlərə verilən əhəmiyyətin bariz göstəricisidir.
Ölkələr arasında strateji əməkdaşlığın əsas institusional çərçivəsinə 2015-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” və 2020-ci ildə imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” sənədləri daxildir. Bu müddət ərzində münasibətlər siyasi müstəvidə ən yüksək səviyyəyə çatmaqla yanaşı, iqtisadi əməkdaşlıqda da inkişaf edib. Belə ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 faizi Azərbaycan Respublikasının payına düşür.
İtaliya və Azərbaycan energetika sahəsində yüksək səviyyəli əməkdaşlığa malikdir. Ölkələr arasında həm regional, həm də qlobal miqyasda mühüm layihələr həyata keçirilib ki, onların içərisində ən vacib yeri Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi tutur. Azərbaycan artıq Avropa İttifaqına elektrik enerjisi ixracı istiqamətində də addımlar atır. Bu, TAP və Cənub Qaz Dəhlizi kimi layihələrin məntiqi davamı olaraq Xəzər dənizinin dibi ilə Orta Asiyadan Azərbaycana və Avropaya qədər yeni enerji körpüsünün formalaşmasına imkan verəcək. Nəticə etibarilə, tərəfdaşlıq neft-qazla yanaşı, elektrik bazarını da əhatə edəcək. Bundan əlavə, Azərbaycan–İtaliya əməkdaşlığı təkcə enerji və sənaye ilə məhdudlaşmır, artıq humanitar sahəyə də sirayət edir.
Energetika layihələrində birgə uğurlar, ticarət dövriyyəsində qarşılıqlı maraqlar, eləcə də təhsil və mədəni əməkdaşlıq istiqamətində atılan addımlar Azərbaycan–İtaliya əlaqələrinin uzunmüddətli və davamlı inkişaf potensialına malik olduğunu göstərir. Azərbaycanın Avropa üçün etibarlı enerji və iqtisadi tərəfdaş kimi rolu gücləndikcə, İtaliya ilə münasibətlər də regionun sabitliyi və inkişafı üçün mühüm strateji dayaqlardan birinə çevrilir.
Nurlan ABDALOV
XQ