Bakı “Rəqəmsal İpək yolu”nun da paytaxtıdır

post-img

Sentyabrın 29-30-da Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti başa çatıb. Sammit maraqlı çıxış və müzakirələrlə yadda qalıb. Xüsusilə də beynəlxalq rəqəmsal identifikasiya və rəqəmsal maliyyə üzrə tanınmış ekspert Devid Berçin yerli KİV-ə müsahibəsi maraqla qarşılanıb. Tanınmış ekspert bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda rəqəmsal maliyyə xidmətlərinin mərkəzinə çevrilmək üçün əlverişli şansa malikdir.

“Wired” jurnalının dünyanın ən nüfuzlu informasiya mənbələrindən biri kimi dəyərləndirdiyi ekspert Devid Berç Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində iştirak edərək Azərbaycanın texnoloji və maliyyə imkanlarını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal texnologiyaların tətbiqi üçün münbit mühit formalaşıb. Gənc və texnologiyaya açıq əhali, mobil telefonlara yüksək maraq, rəqəmsal infrastrukturun sürətli qurulması və güclü insan kapitalı ölkənin rəqəmsal gələcəyinə ciddi üstünlüklər qazandırır. Bu faktorlar Azərbaycanın yalnız region daxilində deyil, həm də beynəlxalq miqyasda rəqəmsal maliyyə və innovasiya mərkəzinə çevrilməsi üçün zəmin yaradır.

Ekspert rəqəmsal manat layihəsinə toxunaraq qeyd edib ki, milli rəqəmsal valyutanın uğuru yalnız mövcud maliyyə alətlərindən kənara çıxmaqla mümkündür. Əks halda, Qazaxıstanda rəqəmsal tenge nümunəsində olduğu kimi, yeni alət debet kartından ciddi fərqlənmədiyi üçün nəticə verməyə bilər. Rəqəmsal milli valyutalar isə maliyyə suverenliyini möhkəmləndirmək, xarici ödəmə sistemlərindən asılılığı azaltmaq və iqtisadi təhlükəsizliyi təmin etmək üçün strateji əhəmiyyət daşıyır. Burada ən vacib məsələ valyutanın internet və mobil rabitənin olmadığı şəraitdə də işləyə bilməsidir. Əks halda, enerji kəsintiləri və kiberhücumlar zamanı sistemin tamamilə yararsız qalma riski böyükdür. Bu baxımdan, tənzimləmə mexanizmləri uğurun əsas açarı kimi ön plana çıxır.

D.Berç süni intellekt sahəsinə sərmayənin artırılmasının zəruriliyini vurğulayaraq, yaxın 10–15 ildə maliyyə, təhsil və müdafiə sektorlarının köklü transformasiyaya uğrayacağını bildirib. ABŞ-da təhsil müəssisələrinin süni intellekti uşaqlara erkən yaşdan tətbiqi alət kimi öyrətməsini nümunə göstərən ekspert hesab edir ki, Azərbaycan da gənc kadrlarının potensialından istifadə etməklə bu sahədə öncül mövqeyə çıxa bilər.

Hərbi müstəvidə də yeni çağırışlar meydana çıxır. Ekspertin fikrincə, artıq ənənəvi hərbi güc elementləri – raketlər və aviadaşıyıcılar – əvvəlki rolunu itirir. Müasir müharibələrin taleyini dronlar, süni intellekt sistemləri, sosial şəbəkələrdən kəşfiyyat məlumatlarının toplanması və rəqəmsal bazalara müdaxilə kimi yeni texnologiyalar həll edir. Bu proses “robototexnika müharibələri erası”nın başlandığını göstərir və dövlətlər bu reallığa uyğunlaşmaq məcburiyyətindədir.

Süni intellektin əmək bazarına təsirinə gəlincə, D.Berç hesab edir ki, bu, kütləvi işsizliyə səbəb olmayacaq. Əksinə, data mərkəzlərinin tikintisi, çip istehsalı və yüksək enerji gücü tələb edən texnoloji layihələr yeni iş yerləri yaradacaq. Süni intellekt kapitala sərfəli olsa da, eyni zamanda, əmək bazarına da yeni imkanlar açacaq.

Əlbəttə, Azərbaycan üçün bu şərait həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm üstünlüklər yaradır. Ölkə bir tərəfdən rəqəmsal iqtisadiyyatın inkişafı, startap ekosisteminin genişlənməsi, elektron hökumət və “ASAN xidmət” kimi uğurlu nümunələr üzərindən qabaqcıl təcrübə toplayır. Eyni zamanda, Azərbaycanda “Rəqəmsal Ticarət Qovşağı” layihəsi reallaşdırılır ki, bu da ölkəni regionda elektron ticarətin əsas tranzit mərkəzinə çevirmək məqsədi daşıyır. Layihə çərçivəsində xarici investorlara və biznes strukturlarına elektron imza vasitəsilə ölkə ilə sürətli rəqəmsal inteqrasiya imkanları təqdim olunur. Bu addım Azərbaycanın biznes mühitinin rəqəmsal cazibədarlığını gücləndirir.

Eyni zamanda, Azərbaycanın geosiyasi mövqeyi sayəsində Qafqaz Avropa və Asiya arasında rəqəmsal körpüyə çevrilir. Region ölkələri ilə rəqəmsal əməkdaşlıq, beynəlxalq şirkətlərlə tərəfdaşlıq və hüquqi tənzimləmə mexanizmlərinin gücləndirilməsi Azərbaycanın həm iqtisadi artımını təmin edəcək, həm də qlobal rəqəmsal iqtisadiyyatda mövqelərini möhkəmləndirəcək.

Beləliklə, düzgün strateji seçim Azərbaycanın rəqəmsal manat, süni intellekt infrastrukturu və texnoloji innovasiyalar üzərindən həm regional rəqəmsal maliyyə mərkəzinə çevrilməsi, həm də beynəlxalq rəqəmsal geosiyasətində önəmli oyunçu statusunu qazanması prosesini daha da sürətləndirəcək.

Səbuhi MƏMMƏDOV
XQ

İqtisadiyyat