I MƏQALƏ
Təcavüz, işğal və ədalətsizlik faciələri
Azərbaycan müstəqilliyini əldə edəndən sonra ona qarşı o dərəcədə haqsızlıq və ədalətsizlik olmuşdur ki, xüsusi tədqiq edilməlidir. Ulu öndər Heydər Əliyev və onun siyasi varisi Prezident İlham Əliyev fəaliyyətlərində daim bu məqamı ayrıca vurğulamışlar. Müxtəlif beynəlxalq tədbirlərdə rəsmi Bakı həqiqəti anlatmağa çalışmış və beynəlxalq hüququn normalarına əməl etməyə səsləmişdir.
Lakin çox təəssüf ki, uzun illər Azərbaycan rəhbərliyinin bu haqlı tələblərinə diqqət edilməmişdir. Buna görə də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında yüksək tribunadan “uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam” fikrini bəyan etməsi heç də uğurlu bir liderin özünüifadəsi və ya nüfuzlu bir tədbirdə daha məntiqi görünmək istəyi deyildir. Bu fikir Azərbaycan Respublikasının dövlət kimi müasir müstəqillik tarixinin mühüm məqamıdır. Dövlət başçısı onu məharətli diplomatik tezislə yığcam və dərsverici tonda ifadə etmişdir. Bu tezisin məna çalarları çoxdur.
Azərbaycan Prezidenti hər şeydən öncə vurğulayır ki, fəaliyyətində həmişə təcavüzə, işğala və ədalətsizliyə qarşı mübarizəni ön sırada tutmuşdur. Təbii ki, bu kontekstdə Azərbaycan rəhbərliyi üçün ölkəmizə qarşı olan təcavüz, işğal və ədalətsizliklə mübarizə aktual olmuşdur. Lakin dövlət başçısının fəaliyyətinin bütün aspektləri göstərir ki, cənab İlham Əliyev eyni zamanda, dünyanın hansı regionunda baş verməsindən asılı olmayaraq vurğulanan neqativ hallara qarşı mübarizəsindən qalmamışdır. Bunun sübutu, məsələn, Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin ksenofobiyaya, neokolonializmə, dövlətlər arasında ayrı-seçkilik salanlara qarşı səsini ucaltmaşıdır.
Ayrıca, Azərbaycan lideri BMT kürsüsündən təşkilatın tədbirləri zamanı eyni qətiyyəti nümayiş etdirmişdir.
Digər məqam bu prosesin uzun illər çəkməsinə bir işarə ilə bağlıdır. Yəni BMT faktiki olaraq həmin məsələlərə lazımi dərəcədə münasibət göstərə bilməmişdir. Belə olmasaydı, onların uzun illər gündəmə gətirilməsinə ehtiyac olmazdı.
Üçüncü, bizcə geosiyasi aspektdə olduqca vacib olan məqam Azərbaycan Prezidentinin bir müstəqil dövlətin üzərinə düşəni təkbaşına həll edə bilməsi fonunda yenə də BMT-yə yüksək sayğı ilə yanaşdığını nümayiş etdirməsi ilə bağlıdır. Çünki Azərbaycan Prezidenti dövlətlərarası münasibətlərin yalnız BMT Nizamnaməsi və beynəlxalq hüququn normaları çərçivəsində qurulması tərəfdarı olduğunu növbəti dəfə sübut etmişdir.
Bu məqamı yuxarıdakı fikrin ikinci hissəsinin məntiqi tam aydın göstərir. Prezident İlham Əliyev “bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam” cümləsindən dərhal sonra vurğulamışdır: “Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” və “Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
Bu siyasi-diplomatik keçidin məntiqi və mənası dörd mühüm şəxsi özəlliyi ifadə edir – səmimiyyəti, ədaləti, humanitarlığı və hüquqa sayğını! Daha dərin və geniş siyasi, geosiyasi və tarixi qatlarda isə vurğuladığımız məqamın anlamı daha maraqlıdır. Onun bəşər miqyasında əhəmiyyəti vardır. Bunu aydın təsəvvür etmək üçün, ümumiyyətlə, dünya üçün müharibə və sülhün nə demək olduğunu və bəşər tarixində onların münasibətlərini bir daha xatırlayaq.
Müharibə və sülh: bəşəriyyətin əbədi dilemması
Hər kəs bilir ki, nə müharibə əbədidir, nə də sülh! Onlar həmişə bir-birini əvəz edirlər. Hər bir müharibənin sonunun sülh olduğu haqqında fikir də söylənilir. Dövlətlər, hətta 100 il müharibə aparmışlar. Avropa ölkələri bir neçə əsr bir-biri ilə savaşdan sonra Vestfal Sazişində sülhü təsbit etməyə məcbur oldular, lakin alınmadı. Bu Sazişdən yüzillər sonra da Avropa dövlətləri bir-biri ilə müharibə etdilər. Müasir bəşər tarixində iki dünya müharibəsindən danışırlar ki, onların hər ikisi Avropada olmuşdur. Deməli, Vestfal Sazişi də Avropaya qalıcı sülh gətirmədi. İndi isə həm həmin Sazişin iflasa uğradığından bəhs edirik, həm də dünya yeni qlobal müharibə burulğanına düşmək riski ilə üz-üzədir.
Belə bir dolaşıq şəraitdə, hətta özünü dünyanın ən güclüləri sayan dövlətlər belə səmimi, ədalətli, humanitar və hüquqa sayğılı ola bilmirlər. Onların liderləri hansısa məqamda bu prinsiplərdən kənara çəkilirlər. Belə alınır ki, müasir tarixi mərhələdə liderin kimliyi və fəaliyyət prinsipləri yalnız milli miqyasla məhdudlaşmır, çox müxtəlif mexanizmlərlə qlobal səviyyəyə təsir edir.
Bu məntiq daxilində Azərbaycanın müharibədə qələbə əldə etməsinin başlıca nəticələrindən birinin sülhə yol açılmasının olması tarixi olaydır! Buna görədir ki, Azərbaycan Prezidentinin tam haqqı vardır ki, uzun illər ədalətsizliyə, təcavüzə və hüquqsuzluğa qarşı mübarizə aparmaq yolunu müharibədə qələbədən sülhə keçid etməyə imkan verən mübarizə prosesi ikimi qiymətləndirsin.
Beynəlxalq münasibətlər üzrə mütəxəssislər Azərbaycanın Avrasiyada nadir rast gəlinən bir nailiyyətə - müharibədə elə qələbə qazanmaq ki, bir daha geri dönüş olmasın, sülhü təmin etmək mümkün olsun və bu, davamlı olsun, imza atdığını xüsusi vurğulayırlar. Belə alınır ki, Prezident İlham Əliyevin müharibədə qələbənin sülhə aparan yolun finalı olmasına vurğusu siyasi və geosiyasi anlam kəsb edir. Həmin anlam, ümumiyyətlə, Vətən müharibəsi vasitəsilə işğala necə son qoymağın fəlsəfəsi ilə sıx bağlıdır. Şübhə yoxdur ki, bu fenomeni geniş tədqiq etmək zəruridir. Həmin istiqamətdə tədqiqatların ümumi hədəfini Prezident İlham Əliyev göstərmişdir. Bu, Azərbaycan tarixində yeni dövrün başlaması ilə bağlı irəli sürülən tezisdən ibarətdir.
Azərbaycan tarixində yeni dövr
Tarixi, siyasi və geosiyasi anlamı dərin olan tezisdir. Burada dövlətçilik kontekstində xeyli faktorların mənaca vəhdəti ifadə edilmişdir. Böyük mənada yeni tarixi dövr əsrlərdir Azərbaycanla bağlı baş verən proseslərin istiqamətinin dəyişdirilməsini əks etdirir. Yəni müasir Azərbaycan faktiki olaraq “Vətən müharibəsi”, “qələbə” və “sülh” anlayışlarının münasibətlərinə yeni geosiyasi anlam vermişdir. Konkret olaraq, hansı anlamı?
Birincisi, “Vətən müharibəsi” ifadəsi tam pozitiv mənaya malik olmuşdur. Onun əsas əlaməti ölkəni, dövləti və cəmiyyəti tam müstəqil etməkdən ibarətdir. Vətən müharibəsi hər şeydən öncə Azərbaycanı və Azərbaycan xalqını əsarətdən qurtarmışdır. Cəmiyyətin bütün sferalar üzrə birləşməsinə geniş yol açmışdır. Bu prosesin digər mühüm aspekti Vətən müharibəsinin elə qələbəyə aparmasıdır ki, kimsəyə qarşı aqressivlik yaranmamışdır. Yəni Vətən müharibəsinin tam pozitivliyi milli çərçivədə müstəqillik və suverenliyə nail olmaqdan başqa hədəfinin olmaması ilə əlaqəlidir. Dünya tarixi göstərir ki, nadir hallarda Vətən müharibəsində qalib gələn dövlətlər bu dərəcədə humanitar, barışcıl, sülhpərvər və birləşdirici ola bilir. Bu xüsusiyyətlər Azərbaycanın Vətən müharibəsini müasir tarixi mərhələdə digərlərindən kəskin surətdə fərqləndirir. Onun başlıca səbəbi Liderin əsl sülhsevər və müdrik şəxsiyyət olması ilə bağlıdır.
İkincisi, Azərbaycanın “Vətən müharibəsi” fəlsəfəsində “qələbə”nin özəl məna daşımasıdır. Bu məqam çox maraqlıdır. Doğrudan da müharibədə qələbə nəyi ifadə edir? Onun semantik və məqsəd mənası nədən ibarətdir? “Qalib gəlmək” qalib tərəfdə hansı keyfiyyətləri ön sıraya çəkir? Ümumiyyətlə, müharibədə qalibiyyət nəyi ifadə edir? İlk baxışdan sadə görünən bu suallara fəlsəfi və siyasi-nəzəri cavab axtarmaq çox vacibdir, çünki hər qələbənin öz anlamı və funksiyası, təbiəti və rolu mövcuddur.
Biri hərb meydanında qalib gəlmək üçün qarşıdakı tərəfi tamamilə yox etməyi hədəfləyir ki, özündən tam asılı olsun. Burada hətta soyqırımından belə imtina etmirlər. Hitler Almaniyası qələbə üçün böyük cinayətlər törətdi.
Birinci Qarabağ müharibəsində ermənilər olmazın vəhşiliklər və cinayətlər törətdilər. Onların “qalib olmaq” fəlsəfəsində kəndləri, şəhərləri viran qoymaq, talamaq, dağıtmaq və insanları hər imkanda məhv etmək norma kimi yer almışdır. İkinci Qarabağ müharibsi zamanı da dinc əhaliyə bombalar atmaq və raketlərlə şəhərləri vurmaq erməni hərbi düşüncəsi və deməli, qalib gəlmək anlamı üçün adi hal idi. Bu barədə Prezident İlham Əliyev dəfələrlə zərgər dəqiqliyi və məntiqi inandırıcılığı ilə bəhs etmişdir. Həmin fikirlər adi hal deyildir, böyük bir liderin hərbi olayları və qələbə anlamını konseptuallaşdırması deməkdir.
Erməni siyasi düşüncəsinin qələbə haqqında bu cür antisivil və qeyri-insani təsəvvürə malik olması təsadüfi deyildir. Çünki bu anlamın kökündə ermənilərin özlərinə aid olmayan mədəniyyətə və dövlətçiliyə zorbalıqla, hərbi təcavüzlə və qondarma ideoloji-psixoloji iddialarla nail olmaq dayanır.
Bu məqamı indi az-çox N.Paşinyan ya anlayır, ya da özünü anlayan kimi göstərir. Lakin tarixin öz hökmü var: sənin olmayanı sənə Yaradan verməz! Bu baxımdan, Azərbaycan Prezidenti müdrikcəsinə vurğulayır ki, Azərbaycan tarixi ədalət və hüquqla yanaşı, milli ləyaqətini bərpa etdi! Bu, ümumi səviyyədə xeyrin şərə, sivilliyin antisivilliyə, ədalətin ədalətsizliyə qalib gəlməsi deməkdir.
Bunlardan intiutiv olaraq Azərbaycanın Vətən müharibəsində qələbəsinin fəlsəfi məna yükünü duymaq olur. Hansı səbəbdən bu qələbənin tam pozitiv mahiyyət daşıdığını dərk etmək imkanı yaranır.
Birincisi, Azərbaycan cəmiyyətinin qədim dövlətçilik ənənəsi vardır. O ənənə hər tarixi kəsimdə sivil və ədalətli olmasaydı, davamlı ola bilməzdi. İndi ermənilər son min ildə hansı real dövlət qurduqlarını deyə bilmirlər, çünki yoxdur. Azərbaycanlılar 10-dan çox dövlət qurmuşlar və onları bir-bir vurğulaya bilirlər. Deməli, bizim qələbə fəlsəfəmizin kökündə dövlət qurmaq mədəniyyətinin qədrini bilmək dayanır. Azərbaycan xalqı dövlətin nə olduğunu Avrasiyada ən yaxşı bilən qövmlərdəndir.
İkincisi, azərbaycanlılar qalib gəlməyi mental xüsusiyyətləri, özünüyaratma üsulu, sosiallaşma özəllikləri, dünyaya baxışları, dini tərbiyələri və idarəetmə mədəniyyətləri üzərində öyrənmişlər. Onlar öz tarixlərinin subyektləridirlər. Özləri dövlət qurmuşlar və bu yolda saysız-hesabsız qələbəyə nail olmuşlar. Bu mənada “qalib gəlmək” düşüncəsi azərbaycanlılara yad deyildir – mentalitetimizin, siyasi tərbiyəmizin və sosial-mədəni həyat tərzimizin ayrılmaz parçasıdır. Bu düşüncəni özümüz tarix boyu özümüzdə tərbiyə etdik.
Üçüncüsü, azərbaycanlılar Vətəni çox sevməkləri ilə yanaşı, ondan həm də “doymuşlar”, başqalarının Vətən anlayışına ehtiyacları yoxdur. Həm də başqalarının vətənlərinə ehtiyacları yoxdur, baxmayaraq ki, indi “Ermənistan” adlanan ərazi də azərbacanlıların tarixi torpaqlarıdır və oranın əsl adı Qərbi Azərbaycandır!
Buradan qalib gəlmək fəlsəfəsində “üstün olmaq”la “təcavüzkar olmaq” anlamları arasındakı fərqin maraqlı siyasi-nəzəri və fəlsəfi dərkinə keçə bilərik.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru