Azərbaycan Serbiya münasibətləri tarixi sınaqlardan çıxaraq tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bunun bariz nümunəsidir ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə yüksəlmişdir. Nümunə sayıla biləcək bu uğurlu əməkdaşlıq modelində liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış səmimi dostluq əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin reallaşmasına əlverişli zəmin yaradaraq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Prezident İlham Əliyevin Sürbiyaya rəsmi səfəri də bu tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqi kimi yadda qaldı. Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının baş tutması münasibətlərin nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu iclas ikitərəfli əlaqələrin i daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbirdə Prezident Aleksandar Vuçiçin mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilərfikri sadəcə diplomatik ifadə deyildi. Bu, ölkə başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin açıq etirafı idi.
Prezident İlham Əliyev mühüm bəyanatla çıxış edərək bildirdi ki, bu gün Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında geniş spektrli məsələlər müzakirə olundu. Ondan əvvəl keçirilən təkbətək görüşdə də ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri ətraflı şəkildə nəzərdən keçirilib və gələcəyə hesablanmış aydın yol xəritəsi müəyyən edilib.
Dövlət başçısı xüsusilə vurğuladı ki, əsas məqsəd siyasi, iqtisadi və energetika sahəsində əlaqələri daha da möhkəmləndirmək, beynəlxalq platformalarda və təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdir. Bununla yanaşı birgə sərmayə layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat sahələrində yaranmış yeni imkanlardan səmərəli istifadə etməklə güclü və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq da qarşıya qoyulan əsas hədəflərdəndir. Energetika sahəsində ölkələrimiz arasındakı əməkdaşlığa toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bir müddət əvvəl Azərbaycan Serbiyaya təbii qaz ixracına başlayıb və bu gün qərara gəldik ki, ixracın həcmi artırılacaq. İxrac edilən qaz Serbiya tərəfindən elektrik enerjisinə çevriləcək, bu da artıq təmiz enerji istehsalına imkan yaradacaq. Bunun nəticəsində həm Serbiya daxili bazarı həm də gələcəkdə ixrac üçün əlavə potensial formalaşacaq. Prezident vurğuladı ki, hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bu rəqəm artmaq üzrədir. Eyni zamanda, ölkəmizdə çoxsaylı bərpaolunan enerji stansiyalarının tikintisi davam edir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır, strateji tərəfdaşlıq daha da güclənir.
Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, ölkələrimiz siyasi dialoqdan real iqtisadi və enerji təhlükəsizliyi platformasına keçid edib. Şübhəsiz ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur. Bu uğurlar Azərbaycan liderinin qətiyyətli siyasəti və tərəfdaşlarla səmərəli dialoqu sayəsində təmin olunur.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

