Tərtər Təcrübə Stansiyası fermerləri keyfiyyətli sortlarla təmin edir
Torpağa səpilən dən gələcəyin çörəyinə, sabahın ruzisinə çevrilir. Aqrar sahədə məhsuldarlığın taleyi də toxum seçimində həll olunur. Normal aqrotexniki qulluq, düzgün gübrələmə və suvarma isə bolluğu təmin edir. Lakin yüksək reproduksiyalı toxum olmadan yüksək məhsuldarlıq mümkün deyil.
Qarabağ iqtisadi rayonunun mühüm kənd təsərrüfatı mərkəzlərindən biri olan Tərtərdə fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə təcrübə stansiyası bu istiqamətdə xüsusi rol oynayır. 1933-cü ildən fəaliyyət göstərən müəssisə 675 hektar əkinəyararlı torpaq sahəsində elmi əsaslara söykənən toxumçuluq fəaliyyəti həyata keçirir. Burada istehsal olunan original, super elit və elit buğda və arpa toxumları fermerlərə dövlət dəstəyi ilə, güzəştli qiymətlə təqdim olunur.
Stansiyanın fəaliyyəti sadəcə istehsalla məhdudlaşmır. Burada seleksiya işi aparılır, yeni sortlar yaradılır, iqlim dəyişikliklərinin məhsuldarlığa təsiri öyrənilir, xəstəliklərə davamlı və yüksək potensiallı növlər üzərində elmi araşdırmalar həyata keçirilir. Hər il 6 minə yaxın toxum sortu alimlərin nəzarətindən keçir. Növbəli əkin sistemi tətbiq olunur, torpaqların bir hissəsi dincə qoyularaq münbitlik qorunur.
Təcrübə stansiyasının üç əsas istiqaməti olan seleksiya, toxumçuluq və becərmə texnologiyası bir-birini tamamlayan zəncirin halqalarıdır. Becərmə texnologiyası şöbəsində tirəli və tirəsiz, gübrəli və gübrəsiz variantlarda sınaqlar aparılır, orqanik gübrələrin məhsuldarlığa təsiri müqayisə edilir. Məqsəd fermerə yalnız toxum təqdim etmək deyil, həm də ən optimal becərmə modelini formalaşdırmaqdır.
Ötən təsərrüfat ilində 360 hektar sahədə taxıl əkini aparılıb və 1152 ton məhsul əldə olunub. Bunun 650 tonu toxum kimi fermerlərə verilib. “Qırmızıgül-1”, “Murov-2”, “Əsgəran”, “Onur”, “Mətin”, “Tunc” buğda sortları, eləcə də “Qarabağ-22”, “Qarabağ-33”, “Dəyanətli”, “Günəş” kimi yerli arpa növləri yüksək məhsuldarlıq göstəriciləri ilə seçilib.
Rəqəmlər yüksək nəticələrdən xəbər verir. Bəyimsarov kəndində fəaliyyət göstərən fermer Fazil Vəliyev hər hektardan 55 sentnerə yaxın məhsul götürüb. Qaracğacı və Əksipara kəndlərində “Qarabağ-22” sortlu arpa əkən fermer İlkin Qurbanovun nəticəsi isə 50 sentnerdən yuxarı olub. Bu, düzgün seçilmiş toxumun və elmi yanaşmanın bəhrəsidir.
Stansiyada eyni zamanda susuzluğa və istiyə davamlı elit yonca toxumu da istehsal olunur. 2025-ci ilin məhsulu üçün 3950 kiloqram yüksək keyfiyyətli toxum əldə edilib. Cari mövsümdə 305 hektar sahədə payızlıq səpin aparılıb və aqrotexniki qulluq davam etdirilir.
Bu gün Tərtər təcrübə stansiyası aqrar elmin praktik nəticəyə çevrildiyi məkandır. Burada yetişdirilən toxumlar ölkənin müxtəlif bölgələrində çalışan təsərrüfat sahiblərinin də məhsuldarlığını artırır. Torpağın bərəkəti elmin gücü ilə birləşəndə nəticə daha aydın görünür. Keyfiyyətli toxum səpilən yerdə bol məhsul qaçılmazdır.
Vəli VƏLİYEV
XQ

