Yaxın Şərqdə savaş dünya iqtisadiyyatını böhrana aparır

post-img

Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik nəticəsində Hörmüz boğazı ətrafında yaranmış vəziyyət artıq qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün ciddi risk mənbəyinə çevrilib. Dünyanın ən strateji su yollarından biri sayılan bu boğaz həm coğrafi, həm də iqtisadi baxımdan kritik əhəmiyyətə malikdir.

Hörmüz boğazı Yaxın Şərqin əsas enerji istehsalçıları – Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qətər və BƏƏ üçün əsas ixrac marşrutudur. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesablamalarına görə, 2025-ci ildə bu boğazdan gündəlik təxminən 20 milyon barel neft və neft məhsulları daşınıb ki, bu da illik hesabla 600 milyard dollar dəyərində enerji ticarətinə bərabərdir.

Son hadisələr isə bu strateji marşrutun sabitliyini ciddi şəkildə sarsıdıb. ABŞ prezidenti Donald Tramp İrana boğazı açması üçün verdiyi son müddətin başa çatdığını bildirib və mümkün hərbi müdaxilə ilə hədələyib. Bu bəyanatdan dərhal sonra enerji bazarlarında dalğalanmalar müşahidə olunub.

Qeyd edək ki, rəsmi Tehran hələ də geri çəkilmək niyyətində deyil. ABŞ-ın təhdidlərindən sonra İran rəsmiləri ABŞ-ın təkliflərini rədd edərək boğazın açılmayacağını bildirib və hərbi müdaxiləyə sərt cavab veriləcəyini vurğulayıblar. Bu ritorika regionda eskalasiya risklərini daha da artırır. ABŞ daxilində isə bu siyasət birmənalı qarşılanmır. Senator Kris Mörfi vəziyyəti “özümüzün yaratdığımız problemi həll etməyə çalışmaq” kimi qiymətləndirərək administrasiyanın yanaşmasını sərt tənqid edib.

Beynəlxalq media və analitik qurumlar bildirir ki, boğazın məhdud fəaliyyəti artıq real iqtisadi təsirlərini göstərir. “Reuters”in məlumatına görə, enerji təchizatında yaranan fasilələr bir sıra ölkələrdə böhran əlamətlərini gücləndirib. Pakistan Maliyyə Nazirliyi ölkədə yalnız 12 günlük neft ehtiyatının qaldığını açıqlayıb. Belə vəziyyətdə təhsil müəssisələri bağlanıb, dövlət qurumlarında iş rejimi məhdudlaşdırılıb, nəqliyyat vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulub. İranın boğaz üzərində protektoratlığı və gəmilərdən rüsum toplamaq niyyəti ABŞ siyasi dairələrində narahatlıq yaradıb. Respublikaçı senator Lindsey Graham bildirib ki, Hörmüz boğazının İranın nəzarətində qalmasına imkan verilməməlidir və ABŞ bu məsələdə daha sərt mövqe tutmalıdır.

Buna baxmayaraq, Tehran bəzi tankerlərin keçidinə icazə verərək bazarı qismən sabitləşdirir. Beynəlxalq agentliklərin məlumatına görə, son günlərdə İran 20-dən çox tankerin boğazdan keçməsinə şərait yaradıb. Lakin bu, ümumi tələbatı ödəmək üçün kifayət etmir. Münaqişədən əvvəl gündəlik təxminən 130 gəmi bu marşrutdan istifadə edirdi. İran parlamenti də boğazdan keçən gəmilərdən rüsum alınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir ki, bu da beynəlxalq hüquq baxımından ciddi mübahisələr doğura bilər.

Yeri gəlmişkən, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol xəbərdarlıq edib ki, hazırkı böhran 1973 və 1979-cu illərin neft şoklarını, eləcə də son illərin enerji böhranını geridə qoyacaq səviyyədədir. Onun sözlərinə görə, xüsusilə inkişaf etməkdə olan ölkələr yüksək enerji və ərzaq qiymətləri səbəbindən ciddi iqtisadi təzyiqlə üzləşəcək.

Böhran artıq Asiya və Afrikada real təsirlərini göstərir. Bir sıra ölkələrdə yanacaq çatışmazlığı gündəlik həyatı iflic edib. Hökumətlər iş rejimini qısaldıb, ictimai xidmətləri məhdudlaşdırıb, işçiləri evdən işləməyə yönəldib. Avropada isə bəzi ölkələr yanacaq məhdudiyyətləri tətbiq etməyə başlayıb. Afrikada Cənubi Sudan və Mavriki elektrik istehlakını məhdudlaşdıran tədbirlər həyata keçirib. Sloveniya yanacaq məhdudiyyəti tətbiq edən ilk Aİ ölkəsi olub.

Bir sıra Körfəz ölkələrinin alternativ marşrutları mövcud olsa da, lakin bu Hörmüzlə eyni gücə malik deyil. Səudiyyə Ərəbistanı və BƏƏ boru kəmərləri vasitəsilə neft ixracını diversifikasiya etməyə çalışsa da, qlobal bazarda təklif azalması qaçılmazdır. Ekspertlər hesab edir ki, alternativ yollar yalnız itkilərin bir hissəsini kompensasiya edə bilər.

Hazırkı şəraitdə əsas sual böhranın hansı istiqamətdə inkişaf edəcəyidir. Hərbi eskalasiya genişləndikcə, bu, bütün dünya iqtisadiyyatı üçün ağır nəticələr vəd edir. Analitiklər vurğulayır ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət artıq yalnız regional münaqişə deyil, qlobal enerji təhlükəsizliyinin əsas sınaqlarından biridir. Bəzi proqnozlar görə, neftin 1 bareli 150 dollara qədər yüksələ bilər. Bununla yanaşı, ərzaq qiymətləri də artmaqda davam edir. Çünki Hörmüz boğazı həmin regiondan həyata keçirilən gübrə ixracatı üçün də kritik bir marşrutdur. Hətta dünyadakı gübrə ticarətinin təxminən 30 faizdən çoxu bu boğazdan keçir.

Bu səbəbdən gübrə təchizatındakı böhran səbəbindən qiymətlərin daha da yüksələcəyi gözlənilir. Bu isə BMT-nin Ümumdünya Ərzaq Proqramının qlobal ərzaq təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlarını artırır və əlavə 45 milyon insanın kəskin aclıqla üzləşə biləcəyini göstərir. Bundan başqa, sənaye sahələri – poladdan kimyəvi maddələrə qədər qıtlıq və artan qiymətlərlə üzləşir.

Son illər qlobal enerji tendensiyaları artıq bərpaolunan enerji mənbələrinə üstünlük verir. Keçən il az karbonlu mənbələrdən istehsal olunan elektrik enerjisi ilk dəfə kömürdən əldə edilən enerjini üstələyib. “The Guardian”ın məlumatına görə, Çin və Hindistanda kömürlə işləyən elektrik enerjisi istehsalı 1970-ci illərdən bəri ilk dəfə azalıb.

Nəhayət, Hörmüz boğazı böhranı yalnız qısamüddətli enerji və iqtisadi risk yaratmır, həm də qlobal enerji siyasətində köklü dəyişikliklərin sürətlənməsinə təkan verir. Baş verən hadisələr fonunda alternativ enerji mənbələrinə investisiyalar və enerji tədarükünün diversifikasiyası indi tarixi əhəmiyyət daşıyan prioritetlər sırasına daxil olub.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat