Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi, həmçinin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihələrinin müzakirəsinin daxil edildiyini deyib.
Əjdər Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının fəaliyyətinin və işinin təşkili məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin təcrübəsi əsasında komissiyanın əsasnaməsi hazırlanıb.
Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qərar layihəsi haqqında məlumat verdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi Ali Məclisin iclasının gündəliyinə daxil edilmək üçün təqdim olunub.
Gündəlikdə duran digər məsələlərin müzakirəsi zamanı komitə sədri bildirib ki, təqdim olunmuş qanun layihələri həm birinci, həm də ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib, hər hansı əlavə təklif və rəy bildirilməyib.
Sonda qanun layihələri ilə bağlı qərar qəbul edilib, qanun layihələri üçüncü oxunuşda baxılmaq məqsədilə yeddinci çağırış Ali Məclisin növbəti iclasının müzakirəsinə təqdim edilib.
Səbuhi HƏSƏNOV