Daşkənddə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub

post-img

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın ölkəmizin Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə nəfis şəkildə özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olan bu kitab Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib. Kitabı özbək dilinə alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.

Mərasimdə səfirliyimizin və AMM-in əməkdaşları, elm və mədəniyyət xadimləri, ziyalılar, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Babaxan Məhəmməd Şərif bu kitabın Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı, fəaliyyəti haqqında misilsiz mənbə olduğunu diqqətə çatdırıb, tərcümə prosesindəki işindən danışıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında söhbət açıb: “Elmira Axundova Ulu Öndər Heydər Əliyev və postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin - Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır”.

Səfir deyib ki, bu qiymətli kitabda Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin gəncliyi, onların ailə münasibətləri, həyatlarının ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb.

Özbəkistan Yazıçılar İttifaqının “Cahan ədəbiyyatı” jurnalının baş redaktoru Əhmədcan Melibayev deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də bu ölkələrin mədəniyyət sahəsində əlaqələrinin inkişafında həmişə mühüm rol oynayıb.

O, Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə “Türk dövlətlərinin ədəbiyyat inciləri” adlı 100 cildlik kitabın çap olunduğunu, 16 cildin Azərbaycan ədəbiyyatına həsr edildiyini vurğulayıb.

Sonra o, Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb, üzvlük vəsiqəsini Elmira Axundovaya təqdim edib.

Filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar İttifaqının üzvü İsmat Kuçiyev, professor Cəmilə Şermuxammedova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Sonda Elmira Axundova “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı üzərindəki işindən danışaraq deyib: “Altıcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı üzərində işlədiyim dövrdə Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə tanışlığı, ailə münasibətləri haqqında da kifayət qədər material toplamışdım. Ona görə də düşündüm ki, bu haqda ayrıca bir kitab ortaya qoymalıyam. Beləliklə, fəaliyyətə başladım və kitab hazır oldu”.

E.Axundova kitabın təqdimatına görə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevə, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistan Yazıçılar İttifaqına, əsəri tərcümə edən Babaxan Məhəmməd Şərifə və iştirakçılara minnətdarlıq edib.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəxsi həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımının gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)", "O, əzablarını sona qədər gizlətdi..." və "Ölümə qalib gələn məhəbbət" adlı bölmələrdən ibarətdir.

Nəşrdə Ulu Öndərin və Zərifə xanımın həyatından maraqlı anları təcəssüm etdirən çoxsaylı fotolar yer alıb.







Sosial həyat