Dünən Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu ilə birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.
Prezident Kitabxanasının direktoru Afət Abbasovanın moderatorluğu ilə keçən təqdimatda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib ki, tanınmış fotoqraf soydaşımız Reza Deqatinin tərtib etdiyi fotoalbom Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. Alim fotoalbomun təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Mərkəzin icraçı direktoru Rəvan Həsənov kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.
Diqqətə çatdırılıb ki, işğal zamanı təkcə İslam dini abidələri deyil, həmçinin Qafqaz Albaniyasına aid xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib. İşğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa, müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir, müharibə cinayətidir.
Qarabağ Dirçəliş Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, təqdim edilən fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu isə bildirib ki, belə layihələrin davamlı olmasını nazirlik fəal dəstəkləyir.
Himayəçilik Şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Birinci vitse-prezidentin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.
İştirakçılar “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunda yer alan fotolardan ibarət sərgi ilə də tanış olublar.
T.RÜSTƏMLİ
XQ