Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 5-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Şəmistan Sadıxovun hüquqi varisi – atası Əbdülağa Sadıxov bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Vüsal Məlikovun hüquqi varisi – atası Bəxtiyar Məlikov övladının Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavad Məhərrəmovun hüquqi varisi - atası Sadiq Məhərrəmov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.
Zərərçəkmiş Eltun Yunusovun hüquqi varisi - atası Cavanşir Yunusovun övladının Xocavənddə düşmən atəşi nəticəsində həlak olduğunu qeyd edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Məmməd Qayıbov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. Həmin vaxt Rahib Şıxıyev, Elmin Eyvazov və Şəhrət Qasımov da yaralanıb.
Əli Heydərov ifadəsində Ağdamda düşmən tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində özünün və Sabutay Ağabağırovun yaralandığını vurğulayıb.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Fərid Aslanov Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını diqqətə çatdırıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Camal Həmidov Laçında düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.
Habil Qənbərov ifadəsində Xocavənd rayonunda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib.
Afiq Süleymanov Ermənistanın mina terrorundan zərər çəkdiyini söyləyib. O, ifadəsində deyib ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlayışı nəticəsində xəsarət alıb.
Süleyman Qarayev ifadəsində Laçın rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkmiş Kənan Əhədov ifadəsində Ağdam rayonunda avtomobillə hərəkətdə olarkən mina partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb.
Zərərçəkmiş Rəşad Həziyev özündən əvvəl ifadə vermiş K.Əhədovun dediklərini təsdiqləyərək, hadisə zamanı yaralandığını, avtomobilin yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.
Şəhriyar Zərbəliyev Xocalıda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, həmin vaxt Emil Nəbiyev və Rövşən Əzimli də müxtəlif növ bədən xəsarətləri alıblar.
Sonra ifadə verən Abdulla Hacıyev Ağdərədə, Sadiq Həmidov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını qeyd ediblər.
Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.
XQ