Beynəlxalq münasibətlər sistemi son onilliklərdə görünməmiş dərəcədə mürəkkəb və qeyri-müəyyən mərhələyə daxil olub. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması və böyük dövlətlər arasında strateji rəqabətin dərinləşməsi ənənəvi çoxtərəfli institutların effektivliyini ciddi şəkildə sual altına qoyur. Birləşmiş Millətlər Təşkilatı, bəzi beynəlxalq təşkilatlar və klassik diplomatik platformalar tez-tez qərarvermə ləngliyi və siyasi bloklanmalarla üzləşir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər beynəlxalq siyasətdə formalaşmaqda olan yeni tendensiyanın mühüm analitik izahını təqdim edir. Onun çıxışı 3 əsas tezis üzərində qurulan yeni geosiyasi yanaşmanı ortaya qoyur: orta güclərin fəallaşması, təşəbbüskar diplomatiyanın önə çıxması və regional sülh modelinin formalaşması.
Çoxtərəfli sistemin böhranı və “orta güc” strategiyasının yüksəlişi “Soyuq müharibə”nin başa çatmasından sonra beynəlxalq münasibətlər sistemində formalaşan optimist təsəvvürlərdən biri belə idi ki, qlobal problemlərin həlli getdikcə daha çox çoxtərəfli institutlar və beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək. 1990-cı illərdə BMT, ATƏT, Ümumdünya Ticarət Təşkilatı, NATO və Avropa İttifaqı kimi strukturların rolunun artması beynəlxalq sistemin institusional əsaslarla idarə olunacağına dair ümidləri gücləndirmişdi. Lakin XXI əsrin ikinci onilliyindən etibarən bu model ciddi sınaqlarla üzləşməyə başladı. Qlobal siyasətdə böyük güclər arasında strateji rəqabətin yenidən güclənməsi çoxtərəfli institutların effektivliyini əhəmiyyətli dərəcədə zəiflətdi. ABŞ–Çin rəqabəti, Rusiya–Qərb qarşıdurması, regional güclərin fəallaşması və qlobal iqtisadi fragmentasiya beynəlxalq təşkilatların qərarvermə mexanizmlərini tez-tez bloklayan amillərə çevrildi. Beynəlxalq münasibətlər sistemi tədricən postliberal və daha çox rəqabətli çoxqütblü mühitə daxil olur. Belə bir mühitdə qlobal qərarların yalnız böyük güclər tərəfindən müəyyənləşdirilməsi modeli də getdikcə daha az effektiv görünür. Çünki regional problemlərin böyük hissəsi məhz həmin regionlarda yerləşən dövlətlərin təşəbbüsləri ilə daha real şəkildə həll edilə bilir. Məhz bu kontekstdə beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc diplomatiyası” anlayışı yenidən aktuallaşmağa başlayır. Orta güclərin strategiyasının əsas xüsusiyyəti normativ və institusional təşəbbüskarlıqdır.
Son illər Azərbaycan diplomatiyasının inkişaf trayektoriyası məhz bu strateji yanaşma ilə uyğunluq təşkil edir. Azərbaycanın xarici siyasətində müşahidə olunan mühüm xüsusiyyətlərdən biri təşəbbüskar çoxtərəflilik modelinin formalaşmasıdır. Məsələn, Qlobal Bakı Forumu müxtəlif qitələrdən siyasi liderləri, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən qlobal dialoq platformasına çevrilib. Eyni tendensiya Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətində də aydın şəkildə müşahidə olunur. Azərbaycanın bu təşkilata sədrliyi dövründə pandemiya dövründə qlobal həmrəylik təşəbbüslərinin irəli sürülməsi, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi və çoxtərəfli dialoqun təşviqi ölkənin diplomatik aktivliyinin genişləndiyini nümayiş etdirdi.
Bununla yanaşı, enerji və nəqliyyat diplomatiyası da Azərbaycanın orta güc strategiyasının mühüm elementlərindən biridir. Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji layihələri, Orta Dəhliz kimi nəqliyyat marşrutları və regional logistika təşəbbüsləri Azərbaycanın geosiyasi rolunu strateji tranzit və əməkdaşlıq qovşağı kimi formalaşdırır. Məhz bu kontekstdə Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq sistemdə öz rolunu necə gördüyünün konseptual izahı kimi qiymətləndirilə bilər. Onun vurğuladığı kimi, qeyri-müəyyən və çevik olmayan çoxtərəfli institutların fonunda dövlətlərin öz təşəbbüslərini irəli sürməsi artıq qlobal siyasətin yeni reallığına çevrilir.
Təşəbbüskar diplomatiya və “koalisiya diplomatiyası”
XX əsrin böyük hissəsində dövlətlərarası əməkdaşlıq əsasən institusional çərçivələr və sabit bloklar vasitəsilə həyata keçirilirdi. NATO, Varşava Müqaviləsi, daha sonra isə müxtəlif beynəlxalq təşkilatlar dövlətlərin siyasi davranışını müəyyən edən əsas platformalara çevrilmişdi. Lakin XXI əsrin geosiyasi reallığı göstərir ki, qlobal siyasət getdikcə daha çevik, çoxsəviyyəli və funksional əməkdaşlıq formatlarına əsaslanır. Böyük beynəlxalq təşkilatların qərarvermə mexanizmlərinin ləngliyi və siyasi bloklanmalar dövlətləri alternativ əməkdaşlıq yolları axtarmağa vadar edir. Məhz bu kontekstdə Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikir – dövlətlərin artıq böyük institutların qərarlarını gözləmək əvəzinə, öz təşəbbüsləri əsasında əməkdaşlıq platformaları yaratması – müasir diplomatiyanın əsas tendensiyalarından birini ifadə edir. Qloballaşma prosesləri iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində qarşılıqlı asılılığı artırdıqca, dövlətlər arasında əməkdaşlıq formaları sektor yönümlü və praqmatik xarakter alır.
Enerji diplomatiyası bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması geosiyasi əməkdaşlıq platforması rolunu oynayır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Avropa, Cənubi Qafqaz və Xəzər regionu arasında strateji qarşılıqlı asılılıq yaradır. Hikmət Hacıyevin çıxışında səsləndirilən təşəbbüskar diplomatiya ideyası müasir beynəlxalq münasibətlər sistemində formalaşan yeni tendensiyanın aydın ifadəsidir.
Münaqişədən sülh modelinə – Azərbaycanın regional təcrübəsi
Hikmət Hacıyevin çıxışında diqqət çəkən üçüncü mühüm tezis Azərbaycanın sülh və təhlükəsizlik sahəsində formalaşdırdığı yanaşma ilə bağlıdır. Onun vurğuladığı kimi, Azərbaycan uzun illər davam edən münaqişəni yalnız diplomatik vasitələrlə deyil, hərbi və siyasi alətlərin kombinasiyası vasitəsilə həll etməyə nail olub. Bu yanaşma beynəlxalq münasibətlər nəzəriyyəsində tez-tez “məcburedici diplomatiya” və ya daha geniş mənada “güc və diplomatiyanın sintezi” kimi izah edilir. Həmin modelə görə, diplomatik danışıqların nəticə vermədiyi və ya prosesin illərlə uzandığı hallarda güc balansının dəyişməsi siyasi həll üçün yeni şərait yarada bilər.
Cənubi Qafqazda uzun müddət davam edən Qarabağ münaqişəsi də məhz belə vəziyyətlərdən biri idi. Onilliklər ərzində aparılan danışıqlar prosesi – xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən vasitəçilik mexanizmi – münaqişənin həlli istiqamətində real nəticələr ortaya qoya bilməmişdi. 2020-ci ildə baş verən hərbi-siyasi dəyişikliklər regiondakı status-kvonu köklü şəkildə transformasiya etdi və münaqişənin geosiyasi parametrlərini yenidən müəyyənləşdirdi. Güc balansının dəyişməsi nəticəsində regionda yeni siyasi reallıq formalaşdı və bu reallıq münaqişənin diplomatik müstəvidə həlli üçün fərqli imkanlar yaratdı.
Aydındır ki, bir çox hallarda uzunmüddətli münaqişələrin həlli yalnız tərəflər arasında güc balansının dəyişməsi nəticəsində mümkün olur. Tarixi təcrübə də bunu təsdiqləyir: bir çox regional münaqişələrdə danışıqlar yalnız yeni siyasi və hərbi reallıq formalaşdıqdan sonra real nəticə verməyə başlayıb. Cənubi Qafqazda baş verən proseslər də bu tendensiyanın müasir nümunələrindən biri kimi qiymətləndirilə bilər. Lakin burada daha mühüm məqam ondan ibarətdir ki, münaqişənin hərbi mərhələsindən sonra regionun gələcəyi postmünaqişə transformasiyası mərhələsinə daxil olur. 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallıq göstərir ki, region tədricən uzunmüddətli münaqişə mərhələsindən postmünaqişə əməkdaşlığı mərhələsinə keçmək potensialına malikdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı aparılan danışıqlar bu prosesin əsas elementlərindən biridir. Hikmət Hacıyevin çıxışında vurğuladığı kimi, hazırda Azərbaycan və Ermənistan gələcək sülh gündəliyinin parametrləri üzərində işləyirlər. Əgər bu transformasiya uğurla davam edərsə, Cənubi Qafqaz beynəlxalq münasibətlər sistemində münaqişə regionu imicindən əməkdaşlıq regionu modelinə keçid edən nadir nümunələrdən birinə çevrilə bilər.
Son olaraq qeyd edək ki, bugünkü beynəlxalq mühitdə əsas sual bundan ibarətdir: yeni dünya nizamını böyük güclərmi müəyyən edəcək, yoxsa təşəbbüskar orta güclər də bu prosesdə daha fəal rol oynayacaq? Cənubi Qafqazda baş verən proseslər göstərir ki, ikinci ssenari artıq getdikcə daha real görünür.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


