Kitab rəfi

post-img

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”

Xalq yazıçısı Anarın Təhminə və Zaurun taleyindən bəhs edən kitabı yenidən nəşr olunub.

Bu, romanın yeni variantıdır, müəllifin əlavə qeydləri var. Əsər xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçün təsirli bir sevgi hekayəsidir. Kitabda “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə yanaşı, müəllifin digər əsərləri, həmçinin “Təhminənin son sirri” hekayəsi yer alıb.

Baş qəhrəman Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbə ilə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmir.

Roman rus, özbək, qazax dillərinə tərcümə olunub, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilib. 90-cı illərdə əsərin motivləri əsasında 2 dramatik film də çəkilib.

“Dil, kimlik, vətən”

Türkiyədəki Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, tədqiqatçı Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi-tədqiqat əsəri nəşr edilib.

Müəllifin sayca 4-cü olan bu kitabında görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığındakı milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.

Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanıb.

“Dil, kimlik, vətən” kitabının ön sözünün müəllifi akademik Nizami Cəfərovdur. O, əsəri son illərdə Azərbaycan türkcəsi və milli düşüncə ilə bağlı qələmə alınmış ən sanballı tədqiqatlardan biri kimi dəyərləndirərək bu nəşrin geniş maraq doğuracağına əminliyini ifadə edib.

Yeni nəşr Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunub.

“Kəndə gün çıxanda qayıdacağıq”

Müasir müharibə hekayələrini bir araya gətirən xüsusi antologiya belə adlanır. Bu kitab müharibənin yalnız cəbhədə deyil, insan talelərində, xatirələrdə və ümidlərdə necə iz buraxdığını hekayələr vasitəsilə oxucuya çatdırır.

Müəlliflər arasında Rafiq Tağı, Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Seymur Baycan, Nərmin Kamal kimi tanınmış yazıçılardan tutmuş ən gənc qələm sahiblərinə qədər 20-dən artıq imza yer alıb.

Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır. Hekayələr itirilən yurdların ağrısını, qayıdış arzusunu və insan ruhunun gücünü əks etdirir. Hər bir hekayədə müharibənin ilk baxışda görünməyən tərəflərindən – gözləntilər, ayrılıqlar və ümidlərdən bəhs olunur.

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət