Azərbaycan Mətbuat Şurasında tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan və Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilən əsərlərin 2026-cı il Dövlət mükafatına təqdim olunması ilə bağlı müzakirə keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, həmkarımızın respublika Dövlət mükafatına təqdim olunan “Azərbaycan. Yeni era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ: yeni sətirdən” və “Şuşa. Zirvədən uca” kitabları milli-mədəni irsin, tarixi yaddaşın və müasir inkişaf mərhələsinin müxtəlif aspektlərini əhatə edir.
Bu silsilə nəşrlər publisistik baxımdan deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, müzakirə edilən nəşrlər Azərbaycanın dövlətçilik tarixini, xüsusilə də müharibədən sonrakı dövrün reallıqlarını əks etdirən mühüm sənədlər kimi qiymətləndirilməlidir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyev bildirib ki, təqdim olunan kitablar bir-birini tamamlayan vahid konsepsiyanın tərkib hissəsidir. Bu nəşrlər çağdaş Azərbaycan gerçəkliyi barədə, ümumilikdə, dolğun mənzərə yaradır.
BDU jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu vurğulayıb ki, bu əsərlər müasir jurnalistikanın tələblərinə uyğun olaraq hazırlanıb və fakt zənginliyi ilə seçilir və publisistik baxımdan da dəyərli mənbədir.
BDU milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, təqdim olunan kitablar milli mətbuat tarixinin davamlılığını və inkişafını göstərən mühüm nümunələrdir. Mətbuat Şurasının üzvü, professor Qulu Məhərrəmli deyib ki, bu əsərlər dil, üslub və məzmun baxımından yüksək səviyyədə hazırlanıb və oxucuda milli kimlik hissini gücləndirir.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri Yadigar Məmmədli və Azər Həsrət, “Baku Network” analitik mərkəzinin rəhbəri Elçin Ağacanov və digər çıxış edənlər də təqdim olunan nəşrlərin Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı diqqətə çatdırıb ki, 2026-cı il Dövlət mükafatına təqdim olunan bu nəşrlər geniş tədqiqatlara, etibarlı mənbələrə və sistemli yanaşmaya əsaslanır. Məqsəd Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələsini vahid konsepsiya çərçivəsində təqdim etməkdir.
T.AYDINOĞLU
XQ


