Rəqslərimiz gözəlliyi, çevikliyi və təntənəsi ilə ömrümüzə nur saçır
Bəzən musiqi, söz, rəqs insanın ifadə edə bilmədiyi duyğuların dilinə çevrilir, bir araya gəldikdə isə daha təsirli, dərin məna daşıyır. Rəqs hisslərin bədən dili ilə ifadəsidir, zərif rəqs kompozisiyalarında göz önündə canlanan obraz insanın daxili dünyasının poetik təcəssümüdür. Bəstəkarın notlara köçürdüyü duyğular xüsusi bir ahəng yaradır. Şairin lirik misraları musiqiyə əlavə məna qatır, ifaçının yanıqlı səsi isə bu hissləri rəqqas vasitəsilə tamaşaçıya ötürür. Bu zaman səhnədə bir hekayə yaranır, rəqs, musiqi və poeziyanın sintezi insan ruhunun ən incə qatlarına toxunan sənət nümunəsinə çevrilir.
Tarix boyu insan hiss, düşüncə, sevinc və kədərini sözlə ifadə etməzdən əvvəl hərəkətlə, ritmlə anlatmağa çalışıb. Rəqs xalqın yaddaşı, yaşam tərzi və mənəvi dünyasının aynasıdır. Xalqımızın mədəni irsində də rəqs sənəti xüsusi yer tutur və tarixi minilliklərə söykənir. İnsanların kollektiv şəkildə bir araya gələrək bir-biri ilə ünsiyyət qurması, müəyyən mesajlar ötürməsi, ov və mərasimlərdə ritmik hərəkətlərdən istifadə etməsi rəqsin ilkin formaları hesab olunur. Xüsusilə eramızdan əvvəl II–III minilliklərdə, Tunc dövründə Azərbaycan ərazisində rəqs insanların gündəlik həyatında və mərasimlərində mühüm yer tutub. Bunun ən bariz nümunələrindən biri Qobustan qayaüstü rəsmlərində kollektiv rəqs səhnələridir.
Mütəxəssislər bildirirlər ki, musiqi alətləri meydana gəlməzdən əvvəl insan hiss və duyğularını müxtəlif hərəkətlərlə - əl çalmaları, ayaq zərbələri, müxtəlif səslərlə bildirib. Zaman keçdikcə ilkin rəqs formaları təkmilləşərək xalq rəqslərinə və milli folklorumuzun ayrılmaz hissəsinə çevrilib. Məsələn, “Yallı” rəqsi birlik və həmrəyliyi, “Cəngi”döyüş ruhunu, qəhrəmanlığı və gücü simvolizə edir. “Uzundərə” zəriflik və incəliyi, “Tərəkəmə” isə köçəri həyat tərzini özündə yaşadır. “Vağzalı” toy, “Naznazı” isə incə qadın zərifliyini əks etdirir, “Qaytağı” çevikliyi və dinamikanı ön plana çıxarır, “Turacı” poetik və emosional çalarlarla zəngindir.
Azərbaycan rəqs sənətinin inkişafında dahi Üzeyir Hacıbəylinin xidmətləri danılmazdır. Onun təşəbbüsü ilə yaradılan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı milli musiqi və rəqs mədəniyyətinin dünyaya təqdimatında mühüm missiya daşıdı və bu gün də həmin ənənəni davam etdirir. Azərbaycan rəqs məktəbinin inkişafında böyük xidmətləri olan sənətkarlar bu irsi daha da zənginləşdiriblər. Əminə Dilbazi milli rəqsin klassik məktəbinin əsas simalarından biri kimi xalq rəqslərinin səhnə estetikasını formalaşdırıb, Afaq Məlikova milli rəqsin peşəkar səhnə interpretasiyasına yeni nəfəs gətirib, Roza Cəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov və Kamil Dadaşov kimi sənətkarlar öz ifaları ilə milli rəqsin texniki imkanlarını genişləndirib, emosional ifadə gücünü artırıblar. Bu gün beynəlxalq festivallarda nümayiş olunan milli rəqslərimiz xalqımızın mədəni kimliyini dünyaya tanıdır.
Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs tədrisi müəllimi, xoreoqraf, Əməkdar artist Elçin Allahverdiyev bildirdi ki, rəqs bizim üçün xalqımızın tarixini, yaşam tərzini, birlik ruhunu və milli kimliyini özündə yaşadan qədim irsdir:
– Musiqimiz necə keçmişimizin yaddaşıdırsa, rəqslərimiz də həmin yaddaşın hərəkətə çevrilmiş formasıdır. Azərbaycan rəqslərinin tarixi çox qədim dövrlərə gedib çıxır. Bu sənətin köklərini araşdırarkən ilk dayanacaq məhz Qobustan Dövlət Tarix-Bədii Qoruğu olur. Qobustan qayaüstü rəsmlərində təsvir olunan kollektiv hərəkətlər sübut edir ki, qədim insanlar hələ minilliklər əvvəl ritmik hərəkətlərdən istifadə ediblər.
Tarixi mənbələr göstərir ki, qədim dövrlərdə yallının müxtəlif formaları olub. Bayram münasibətilə ifa edilən yallılar sevincin, məhsul yallıları bolluq və bərəkətin qeyd olunması üçün icra edilirdi. Döyüş yallıları isə qəbilələrin gücünü, döyüş əzmini və həmrəyliyini göstərirdi. İnsanlar məhsul yığımı zamanı, qələbə qazandıqda və ya mühüm mərasimlərdə od ətrafında əl-ələ tutaraq ritmik hərəkətlərlə öz hisslərini ifadə edirdilər. Zaman keçdikcə, bu sadə kollektiv hərəkətlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı ilə paralel olaraq püxtələşdi, hər bölgənin özünəməxsus ritmi, hərəkət sistemi və estetikası formalaşdı.
Milli rəqslərimizin peşəkar səhnə forması XX əsrin əvvəllərində daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Bu sahədə görkəmli xoreoqraf Əlibaba Abdullayev xüsusi rol oynayıb, Azərbaycan milli rəqslərinin səhnələşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görüb.
Azərbaycanın rəqs folklorunun zənginliyi onun regional müxtəlifliyində də özünü göstərir. Naxçıvan Muxtar Respublikası xüsusilə yallı mədəniyyəti ilə seçilir. Şərur bölgəsində yüzdən artıq yallı növünün mövcudluğu bu ənənənin nə qədər zəngin olduğunu göstərir. “Köçəri”, “Tənzərə”, “Üçayaq”, “Dördayaq” və “El yallısı” kimi rəqslər bu bölgənin qədim kollektiv rəqs mədəniyyətinin daşıyıcılarıdır. Lənkəran və ətraf bölgələrdə yayılan “Halay”, “Tello”, “Laqqutu” və “Şalaxo” kimi rəqslər burada formalaşan ritmik və kollektiv rəqs nümunələridir. Xüsusilə çubuqlarla ifa olunan “Laqqutu” rəqsi öz fərqliliyi ilə seçilir.
Müsahibimiz qeyd etdi ki, Azərbaycanın şimal bölgələrində yayılmış avar rəqsləri isə daha çevik, dinamik və ritmik xarakter daşıyır:
– Qarabağ bölgəsinin rəqsləri isə emosional dərinliyi və musiqi zənginliyi ilə seçilir. Qazax bölgəsinə məxsus “Qazağı” rəqsi öz temperamentli və enerjili quruluşu ilə tanınır. Şəki bölgəsində isə “Zorxana” və digər yerli rəqs nümunələri xalqın fiziki gücünü və çevikliyini nümayiş etdirir.
Azərbaycan milli rəqslərində kişi və qadın obrazları fərqli xarakterik xüsusiyyətlərlə seçilir. Bu fərqlər təkcə hərəkət texnikasında deyil, həm də obrazın fəlsəfəsində, səhnədə təqdimat formasında özünü göstərir. Kişi rəqslərində əsas xətt güc, mərdlik, cəsarət və qürurun nümayişidir.
Milli kişi rəqslərinin ən bariz nümunələrindən biri “Cəngavərlər” oyunudur. Bu rəqs qədim döyüş mədəniyyətimizin səhnədəki bədii təcəssümüdür. “Qazağı” rəqsi də kişi xarakterinin parlaq nümunələrindəndir. “Zorxana” isə fiziki gücü və pəhləvanlığı nümayiş etdirir. “Qaytağı” və “Bəy” rəqsləri isə daha çox kişinin qamətini, vüqarını və bəy duruşunu nümayiş etdirir. “Uzundərə” xüsusi rəqslərdən biridir. Bu rəqs həm kişi, həm də qadın tərəfindən ifa oluna bilir.
Qadın rəqslərində isə tamamilə fərqli estetik xəttin müşahidə olunduğunu vurğulayan rəqqas söylədi ki, burada əsas məqam incəlik, zəriflik, həssaslıq və daxili emosiyaların plastik hərəkətlərlə ifadəsidir:
– Azərbaycan qadın rəqslərində hər bir əl hərəkəti, barmaq oyunu, baxış və bədən plastikasının öz adı və mənası var. Qadın rəqslərinin əsas texniki elementləri “süzmə”, “sürmə” və “sındırma” hərəkətləridir. Bu hərəkətlər qadının zərifliyini, hiss dünyasını və estetik gözəlliyini ifadə edir.
“Bahar” rəqsi yenilənmənin, təravətin və təbiətin oyanışının simvolu, “Nəlbəki” rəqsi isə xüsusi ustalıq tələb edən incə rəqs növlərindəndir. “Şalaxo” və digər qadın rəqslərində də qadının incə xarakteri, emosional zənginliyi və estetik duruşu özünü göstərir. Azərbaycan milli rəqslərinin fəlsəfəsi çox dərindir, burada xalqın tarixi, qəhrəmanlığı, sevgisi, kədəri və qüruru yaşayır. Rəqqas səhnəyə çıxanda yalnız özünü yox, bütöv bir xalqı təmsil edir.
Hər il 29 aprel dünyada Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu tarix rəqs sənətinin bəşəriyyətin mədəni həyatında tutduğu mühüm yeri xatırlatmaq, bu sahədə çalışan sənət adamlarının əməyini qiymətləndirmək və rəqsin cəmiyyətə təsirini vurğulamaq məqsədi daşıyır. Azərbaycanda da bu gün xüsusi qeyd edilir və həm peşəkar, həm də həvəskar rəqqaslar üçün əlamətdar bir bayrama çevrilir.
Azərbaycan xalqı tarixən şadyanalığı, birliyi və kollektiv sevinci sevən xalq olub. Xalq toyları, el şənlikləri və bayram mərasimləri bunun ən bariz nümunəsidir. Elə bir toy məclisi yoxdur ki, orada insanlar rəqs etməsin, hətta peşəkar olmayanlar belə öz daxili ritmləri ilə rəqsə qoşulurlar. Rəqsə yalnız sənət kimi baxmaq onun mahiyyətini tam ifadə etmir, bu həm də elmdir.
Riyaziyyat rəqsin əsas strukturunu təşkil edir, çünki burada hər bir hərəkətin müəyyən sayı, ritmi və ardıcıllığı var. Rəqsdə hərəkətlərin müəyyən sistem üzrə qurulması onu sanki bir hesablama mexanizminə çevirir. Hesab ilə yanaşı, həndəsə də rəqsdə mühüm rol oynayır. Səhnə kompozisiyalarında düz xətlər, dairələr, üçbucaqlar və müxtəlif bucaqlar rəqsin vizual harmoniyasını yaradır.
Bu sənətlə uzun illər məşğul olan müəllimlər üçün rəqs həyat tərzidir. İllərlə yetişdirilən gənc rəqqaslar, öyrədilən hərəkətlər və formalaşdırılan səhnə mədəniyyəti gələcək nəsillərə ötürülən böyük bir irsdir. Müəllim üçün hər bir qrupla işləmək yeni enerji deməkdir. Tələbələrin inkişafını görmək, onların hərəkətləri mənimsəməsi və səhnəyə hazırlanması böyük mənəvi məmnunluq yaradır.
Elçin müəllim sonda bildirdi:
– Bəzən məşq prosesi o qədər maraqlı və yaradıcı keçir ki, zaman anlayışı itib gedir. Bir saatlıq planlaşdırılan məşq bir neçə saat davam edə bilir. Çünki rəqs insanı öz içinə çəkən və ona xüsusi enerji verən dünyadır. Bu sənət insanı gümrah saxlayır, musiqi, hərəkət və fiziki aktivliyin vəhdəti insan sağlamlığına müsbət təsir edir, onu daha canlı və enerjili edir.
Bu gün gənclərin milli rəqslərimizə maraq göstərməsi olduqca vacibdir. Valideynlərin övladlarını peşəkar rəqs müəllimlərinin dərnəklərinə yönləndirməsi onların həm fiziki inkişafına, həm də milli mədəniyyətimizi daha dərindən mənimsəməsinə kömək edir. Gənclər musiqimizin, rəqslərimizin və hərəkətlərin fəlsəfəsini öyrəndikcə milli kimliklərini daha yaxşı anlayırlar.
29 Aprel Beynəlxalq Rəqs Günü bu sənətin dəyərini bir daha xatırladan əlamətdar gündür. Bu gün münasibətilə rəqs sənətinə könül verən hər kəsi təbrik etmək, onların əməyinə dəyər vermək və milli irsimizə sahib çıxmaq hər birimizin borcudur. Çünki rəqs yaşayan tarixdir və bu tarixin ritmi heç vaxt dayanmayacaq.
Gənc rəqqasə, Bakı Xoreoqrafiya Akademiyasının 3-cü kurs tələbəsi Fatimə Şaxtaxtinskaya dedi ki, 8 ildir sənət təhsili alır:
– Kiçik yaşlarımdan rəqsə maraq göstərmişəm. Rəqsdə hisslərin, ritmin və estetik plastikanın bir araya gəlməsi məni tamamilə fərqli bir dünyaya apardı.
İlk dəfə səhnəyə çıxanda yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Məhz o an anladım ki, səhnə özümü ən rahat və ən doğru ifadə edə bildiyim məkandır. Davamlı məşqlər, səhnə təcrübəsi və qazandığım uğurlar göstərdi ki, rəqs mənim üçün, sadəcə, maraq və ya hobbi deyil, həyatımın ayrılmaz hissəsidir. Bu yol ciddi intizam, səbir və davamlı zəhmət tələb edir. Bəzən çətin olsa da, əldə etdiyim nəticələr və inkişafımı görmək bütün zəhmətin qarşılığını verir.
Müsahibimizin məqsədi milli rəqslərimizi beynəlxalq səhnələrdə təqdim etmək, mədəniyyətimizi və rəqs sənətimizi dünyaya tanıtmaqdır. Uğur olsun.
Azərbaycan mədəniyyətinin dünyaya çıxışı ildən-ilə genişlənir. Milli rəqslərimiz də xalqımızı dünyada layiqincə tanıdır.
Ləman TƏHMƏZ
XQ



